Modern.az

Kürdəki vəziyyətlə bağlı arxeoloji kəşfiyyat işləri aparılıb

Kürdəki vəziyyətlə bağlı arxeoloji kəşfiyyat işləri aparılıb

Ölkə

13 Mart 2023, 10:57

Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissədə Kür çayında suyun azalması nəticəsində yatağın sol sahilindən qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.

 

Bu barədə Modern.az-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bildirilib.

 

Qeyd edilib ki, bu maddi mədəniyyət nümunələri Neftçala rayon Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova tərəfindən aşkar olunub və Cəngan kənd orta məktəbində saxlanılır. Maddi mədəniyyət nümunələri ilə tanış olmaq və əraziyə baxış üçün 09-11 mart 2023-ci il tarixlərdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” bölməsinin rəhbəri, t.ü.f.d., dosent M.M.Mustafayev və böyük laborant M.N.Qafarova Neftçala rayonuna ezam olunmuşlar (N.R.Hüseynova könüllü olaraq iştirak edib). Arxeoloqlar rayonun Cəngan kənd tam orta məktəbində saxlanılan materiallarla tanış olub və Kürün yatağının həmin hissəsinə baxış keçirib.

 

Kəndin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı müəyyən olunub ki, Kür çayının çəkilməsi nəticəsində, çayın birbaşa yataq hissəsindən məişət qabları (əksəriyyəti dağılmış vəziyyətdə) aşkar olunub. Ərazidə aparılan tədqiqatlarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidov, Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova da iştirak edib.

 

Aşkar olunan maddi-mədəniyyət qalıqları çox maraqlıdır. Ərazidən bir ədəd iri həcmli təsərrüfat qabının lülək hissəsi aşkar olunub. 10 mart tarixindən suyun səviyyəsi yenidən qalxmağa başlayıb və maddi-mədəniyyət nümunələri tapılan ərazinin çox hissəsi su altında qalıb. Arxeoloji materialların təhlilindən görünür ki, bu ərazidə orta əsrlərdən bu günədək yaşayış yeri mövcud olub. Neftçalanın Cəngan kənd tam orta məktəbində saxlanılan materialların bir qismi aktlaşdırılaraq, tədqiq olunması üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, digər qismi isə Neftçala Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verildi.

 

Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində küp qəbirlər üzə çıxmışdı. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” bölməsinin əməkdaşları M.Mustafayevin rəhbərliyi ilə 25.04.-14.05 tarixlərdə Pirəbbə kəndində arxeoloji qazıntı işləri aparmışlar.

 

Aşkarlanan maddi mədəniyyət nümunələri bu ərazinin qədimliyindən xəbər verir. Tapılan maddi mədəniyyət nümunələri arxeologiya elminə yeni töhvə verməklə yanaşı, həm də bu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasını və bölgənin yenidən tədqiq olunmasını ehtiyac olduğunu göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir