Modern.az

İranın Azərbaycanla bağlı çirkin planı ÜZƏ ÇIXDI

İranın Azərbaycanla bağlı çirkin planı ÜZƏ ÇIXDI

13 Mart 2023, 13:45

Ötən gün Azərbaycanın hüquq-mühafizə orqanları İranın casus şəbəkəsinə qarşı növbəti əməliyyat keçirib. Əməliyyatla bağlı rəsmi məlumat açıqlanmasa da, şəbəkə üzvlərinin məsuliyyətə cəlb olunduğu bildirilir.

 

Qeyd edək ki, bu, Azərbaycandakı İran şəbəkəsinə qarşı ilk əməliyyat deyil. Bundan əvvəl də Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti başda olmaqla hüquq-mühafizə orqanları ölkəmizdə kök salmış İranın casus şəbəkəsini aşkar edib.

 

Keçən ilin sonlarında Dövlət Təhlükəsizliyi Xidməti İrana bağlı böyük şəbəkəni ifşa etmişdi. İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, Rəsulov Elnur Akif oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu və digərlərindən ibarət böyük bir şəbəkə ifşa olunmuşdu. Araşdırmalar zamanı onların İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərdiyi üzə çıxmışdı. Bu il isə Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdikləri xüsusi əməliyyat tədbirləri zamanı 39 nəfər saxlanılıb.

 

Maraqlıdır, İran Azərbaycanda casus şəbəkəsi yaratmaqla nə etmək istəyir?


Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, İran casus şəbəkəsi vasitəsilə Azərbaycanda İslam dövləti yaratmaq istəyir.


"İran xüsusi xidmət orqanlarına tabe olan casus şəbəkələrinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunması bir daha göstərir ki, onlar bir neçə istiqamətdə Azərbaycana qarşı öz təxribat fəaliyyətlərini davam etdirirlər. Bunlardan biri radikal dini qurumlar tərəfindən törədilən insidentlərdir. İran bu cür addımlarla öz nüfuzlu agentura şəbəkəsini və ölkəmizdə İslam dövləti yaratmaq məqsədindədir", - deyə deputat bildirib.

 

 

Arzu Nağıyev vurğulayıb ki, İran öz əməllərindən əl çəkmək niyyətində deyil:

 

"İran casuslar yolu ilə Azərbaycanın strukturunu dəyişmək məqsədindədir. Əvvəllər də ifşa olunmuş şəbəkələrin əsas istiqaməti Azərbaycanın enerji təhlükəsizliyinə təhdid yaratmaq, enerji strukturları ilə bağlı məlumatların ötürülməsi, müdafiə sənaye kompleksləri haqqında informasiya yığıb, bunu özləri üçün istifadə etmək və Ermənistana ötürməkdən ibarətdir. Ancaq İranın casus şəbəkəsi tərəfindən həyata keçirilən təxribatların qarşısı ölkəmiz tərəfindən qətiyyətlə alınır. İran təyyarəsinin sərhəd boyu uçuş etməsi, vizual kəşfiyyat aparmasından da görünür ki, onlar öz əməllərindən əl çəkmir. Son olanlar Azərbaycana qarşı təxribat fəaliyyətinin nümunəsidir. İran 90-cı illərin əvvəlində də belə addımlar atmışdı. İndiki kimi o vaxtda agentura şəbəkəsi Azərbaycanda İslam dövləti yaratmaq üçün çalışırdı. Ancaq həmin dövrdə İranın bu fəaliyyətinin qarşısı qətiyyətlə alınmışdı. Azərbaycan bu günə qədər olduğu kimi bundan sonra da dövlətçiliyimizə qarşı atılan bütün addımlarla bağlı adekvat tədbirlər görəcək. İran və digər ölkələr bilməlidir ki, göstərdikləri fəaliyyətlə heç nəyə nail ola bilməyəcəklər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir