Modern.az

İsa Qəmbər, Əli Kərimli üzvlük haqqı yığmır: Partiyalarda minlərlə işsiz cəmləşib - PROBLEM

İsa Qəmbər, Əli Kərimli  üzvlük haqqı yığmır: Partiyalarda minlərlə işsiz cəmləşib - PROBLEM

11 İyun 2013, 16:28

Ölkənin aparıcı müxalifət təşkilatları üzvlərindən pul toplaya bilmirlər


Hər bir ölkənin siyasi həyatında partiyaların fəaliyyəti önəmli rol oynayır. Partiyaların siyasətdə əhəmiyyəti isə onun üzvlərinin sayından asılıdır desək, yanılmarıq. Partiya strukturlarının saxlanma xərcləri isə üzvlük haqları və könüllü ianələr hesabına başa gəlir. Avropa ölkələrində bu məsələ çoxdan həllini tapsa da, Azərbaycanda üzvlük haqlarının yığılması məsələsində partiyalar çətinliklərlə üzləşirlər. Ölkəmizdə siyasi partiya üzvləri üzvlük haqlarını verirlərmi? Modern.az bununla bağlı partiyalar arasında  araşdırma aparıb.

Üzvlük haqqının ən samballı məbləği hakim partiya olan YAP-da yığılır. 600 minə yaxın üzvü olan partiyada üzvlər vaxtlı-vaxtında bu haqqı ödəyirlər. YAP-dan verilən məlumata görə, partiyanın nizamnaməsinə uyğun olaraq hər bir üzvün üzvlük haqqını ödəməsi onun vəzifəsidir. Üzvlük haqqının miqdarı isə Siyasi Şura tərəfindən verilən qərarlarla tənzimlənir. Qaçqınlara, məcburi köçkünlərə, imkansız şəxslərə isə güzəştlər olunur.YAP rəsmiləri üzvlük haqqının konkret məbləğini açıqlamadılar.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmov bildirdi ki, nizamnaməyə görə hər bir partiya üzvü gəlirinin 1%-i miqdarında üzvlük haqqı verməlidir. Ancaq kifayət qədər işsiz olduğundan hamının bu pulu ödəməyə imkanı çatmır. “Rayon təşkilatları isə imkan daxilində üzvlük haqqını toplayırlar. Daha sonra mərkəzi qərargaha həmin pulları təhvil verirlər”-deyə o, söyləyib.  

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, partiyada üzvlük haqqı toplanılmır. “Çünki üzvlərimizin xeyli bir hissəsi işləmir. Ona görə də partiyada könüllü ianələr şəklində pul toplanılır. Mərkəzləşmiş qaydada isə üzvlük haqqı toplanmır”-deyə F.Qəhrəmanlı vurğulayıb.

VHP-də isə üzvlük haqqı təxminən 50 qəpik civarındadır. Bu haqda VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli məlumat verib. Onun bildirdiyinə görə, rayon təşkilatları bu prosesi həyata keçirir. Üzvlər sırasında  işsiz şəxslər olduğundan könüllülük əsasında üzvlük haqqı yığılır.

BAXCP-nin baş katibi Söhrab Abdullayev deyir ki, partiyanın üzvlük haqqı ilə bağlı hələlik müzakirələr gedir. Partiya rəsmisinin sözlərinə görə üzvlərin 60-70 faizi işsiz olduğundan üzvlük haqqı da könüllülük prinsipi əsasında qurulub.

Millət vəkili Asim Mollazadənin sədri olduğu Demokratik İslahatlar Partiyasında da üzvlük haqqı könüllülüyə əsaslanır. Bu barədə partiyanın mətbuat katibi  Ülkər Abdullayeva məlumat verib. Onun sözlərinə görə partiyanın nizamnaməsinə uyğun olaraq üzvlər minimum əmək haqqının 1%-i miqdarında üzvlük haqqı verirlər. Partiya rəsmisi onu da əlavə edib ki, bu çox simvolik bir rəqəmdir. Mətbuat katibi qeyd edib ki, üzvlük haqqı hələ də gündəmdədir.
"Minimum əmək haqqının 93 manat 50 qəpik olduğunu nəzərə alsaq,  üzvlük haqqının təxminən 93 qəpik olduğunu deyə bilərik".

Böyük Quruluş Partiyasından verilən məlumatda qeyd olunur ki, üzvlük haqqı könüllülük əsasında yığılır. Çünki üzvlərin içərisində işsiz və imkansız şəxslər var. BQP-də də üzvlük haqqı minimum əmək haqqı məbləğinin 1%-i mislindədir.

Ümid Partiyasının nizamnaməsinə görə, üzvlük haqqının yığılması könüllü formada müəyyən olunub. Bu barədə partiyadan daxil olan məlumatda göstərilir ki, gələcəkdə “Ümid”in qurultayından sonra üzvlük haqqı ilə bağlı məsələlərə yenidən baxılacaq. Eyni zamanda əldə etdiyimiz informasiyaya əsasən, partiya üzvü olmayan Azərbaycan vətəndaşı olan imkanlı şəxslər də ianələr verməklə maddi dəstəkdə bulunurlar.

Azərbaycanın müstəqillik tarixində ilk çoxpartiyalı sistemin əsasını qoyan AMİP üzvlük haqqının toplanması ilə bağlı çətin durumla üzləşib. Partiyadan əldə etdiyimiz məlumata görə, üzvlük haqqı müəyyən təlimatlarla həyata keçirilir. AMİP-də 2004-cü ilə qədər məsələ ciddi həyata keçirilsə də, sonradan durğunluq yaranıb. Yığım məsələsində problemlərin yaranmasının səbəbi isə  rayon təşkilatlarının yerli qərargahlarının  əlindən alınmasıdır. Bu da üzvləri bir araya gəlib pul verməsinə əngəl yaradır. Partiyanın maliyyə xərcləri isə imkanlı üzvlərin verdiyi ianələrlə həyata keçirilir. Şəraitdən asılı olaraq partiyada üzvlük haqqının verilməsi məcburi deyil. Partiya üzvlərinə isə hələlik ianələr şəklində yardım etmək tövsiyə olunur.  

ADP sədrinin birinci  müavini Həsrət Rüstəmovun verdiyi məlumata görə, nizamnamədə üzvlük haqqının toplanması ilə bağlı məsələ əks olunub və bu, məcburidir. “Partiyaya üzvlük haqqını 6 ay müddətində ödəməyən şəxslər əslində nizamnaməyə görə üzvlükdən xaric olunmalıdır”. Sədr müavininin sözlərinə görə ADP-də üzvlük haqqı minimum əmək haqqı məbləğinin 1%-ni təşkil edir.
“Bu aşağı rəqəmdir. Amma yuxarı həddə də üzvlük haqqı vermək qadağa deyil. Kimin imkanı var çox verə bilər, kimin imkanı yoxdur minimum əmək haqqının 1%-i mislində üzvlük haqqını ödəməlidir”.
ADP rəsmisi onu da əlavə edib ki, Azərbaycanda üzvlük haqqı toplamaq bir problemə çevrilib. “Bizim partiya da yüz faiz üzvlük haqqını toplaya bilmir”. Həsrət Rüstəmov bildirib ki, tələbələr və təqaüdçülər nizamnaməyə uyğun olaraq üzvlük haqqı verməkdən azaddırlar. Partiya sədrinin müavini vurğulayıb ki, reallıqda nizamnamənin tələblərini tam olaraq həyata keçirmək mümkün deyil.
“Bu həm də ən çox şəraitlə bağlıdır. Siyasi fəaliyyət kifayət qədər maliyyə tələb edir. Bu da dövlətin ayırdığı pullar hesabına olmalıdır. Ancaq təəssüflər olsun ki, dövlətin ayırdığı maliyyə ədalətli bölgü deyil”-deyə tənqid edib.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi