Modern.az

COVID-19-a yoluxmuş kişilər impotent olur? 

COVID-19-a yoluxmuş kişilər impotent olur? 

19 Mart 2023, 11:20

Dünyaya böyük fəlakət gətirən COVID-19 pandemiyası səngisə də, onun fəsadları hələ uzun müddət bizimlə qalacaq. Həkimlərin bildirdiyinə görə, koronavirusa yoluxub sağalan insanlarda daha çox panik atak, depressiya və ürək xəstəlikləri müşahidə olunur. Lakin indiyədək diqqətdən kənarda qalan ən böyük fəsadlardan biri cinsi zəiflik hallarının artmasıdır. Bir çox insanlar bunu gizli saxlamağa çalışsa da, COVID-19 onların cinsi həyatını alt-üst edib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan seksoloq Tahmasib Cavadzadə bildirib ki, COVID-19 kişilərdə testosteronun səviyyəsinin azalmasına səbəb olub. 

 

 

"Tədqiqatlar göstərir ki, COVID-19 kişilərdə testosterona təsir edir. Bu, özünü həm COVID-19-u ağır keçirmiş, həm də xəstəliyi yüngül, simptomsuz keçirmiş şəxslərdə göstərir. Hətta dünyasını dəyişmiş xəstələrdən götürülən analizlər də onlarda testosteronun səviyyəsinin hədsiz dərəcədə aşağı düşdüyünü təsdiqləyib. Kişilərdə testosteron aşağı düşdükdə əvvəlcə onda cinsi istəksizlik, intim əlaqəyə qarşı həvəssizlik yaranır. Bu iki hal baş verdikdən sonra cinsi disfunksiya meydana gəlir. Belə insanlarda qorxu olur. Ancaq qorxmağa ehtiyac yoxdur. Çünki COVID-19 səbəbindən yaranmış testosteron azlığını həkimlər müalicə edə bilirlər. Dərman müalicəsi ilə testosteron əvvəlki vəziyyətə qaytarılır. Potensial düzəlir, impotentlik aradan qalxır", - deyə həkim vurğulayıb.

 

Seksoloqun sözlərinə görə, burada insanın immunitetindən çox şey asılıdır. Belə ki, hər insanda COVID-19 nəticəsində testosteronun aşağı düşməsi halı müşahidə olunmur. Virus immuniteti zəif olanlarda testosteronu aşağı sala bilər.

 

"Elə xəstələr də var ki, COVID-19 keçirsə də, onda testosteron səviyyəsi aşağı düşmür. Yəni bu hal bütün xəstələrə aid deyil. Xüsusilə 40-45 yaşarası xəstələrdə testosteron aşağı düşür. 30 yaşdan aşağı kişilərdə isə bu proses baş vermir. Ancaq COVID-19 nəticəsində testosteronun səviyyəsi aşağı düşməsə də, erektil disfunksiya yarana bilir. Erektil disfunksiyanın səbəbi psixolojidir. Çünki testosteron aşağı düşməyib. Sadəcə olaraq insan psixoloji olaraq qorxu, stress keçirdiyindən erektil disfunksiya ilə üzləşir. COVID-19-un testosteronla bağlı problemlər yarada biləcəyi barədə xəbərlər də narahatlıq doğurur. Belə xəbərləri oxuyan şəxslər özü haqqında düşünməyə, qorxmağa başlayır".

 

 

"Fizioloji səbəbdən yaranan problemlə həkimlər məşğul olurlar. Bəzən həkimlərin müalicəsindən sonra testosteron səviyyəsi əvvəlki vəziyyətə qayıtsa da, erektil disfunksiya düzəlmir. Bunun səbəbi insanın psixoloji olaraq zədə alması və qorxu hissi keçirməyə başlamasıdır. Buna görə də, erektil disfunksiya davam edir. Belə olan halda seksoloq olaraq məsələyə müdaxilə edirik. Müəyyən üsullarla müalicə həyata keçirərək, həmin halı aradan qaldırırıq. Yeri gəlmişkən testosteronun aşağı düşməsi həm də kişinin spermasının keyfiyyətini aşağı salır. Nəticədə uşağın olmasında problem yaşana bilər", - Tahmasib Cavadzadə əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu