Modern.az

2 ayda qeydə alınan narkotik cinayətləri - STATİSTİKA

2 ayda qeydə alınan narkotik cinayətləri - STATİSTİKA

Ölkə

16 Mart 2023, 11:54

Сari ilin yanvar-fevral ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2035 cinayət faktı aşkarlanıb. Onlardan 659-u narkotik vasitələrin qanunsuz satışı, 1350-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 9-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

Bu barədə Modern.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 351 kiloqram 705,29 qram narkotik vasitələrin və psixotrop maddələrin 434 kiloqram 333,824 qramını heroin, 804 kiloqram 697,085 qramını marixuana, 21 kiloqram 358,739 qramını tiryək, 32 kiloqram 372,849 qramını həşiş, 58 kiloqram 357,343 qramını psixotrop maddələr, 585,45 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 33 ədəd çətənə bitkisi, eləcə də 194,4 qram və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

 

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1194 nəfər cəlb edilib, onlardan 20 nəfəri xarici ölkə vətəndaşları olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 20 nəfər xarici ölkə vətəndaşından 10-u İran İslam Respublikası, 6-sı Türkiyə, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 32 kiloqram 459,853 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

 

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 50 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 520 kiloqram 551,788 qram və 18403 ədəd həb metadon narkotik vasitələr və 1540 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.

 

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 48-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 230 kiloqram 209,1 qram və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 384 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 249 kiloqram 728,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

 

2023-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 351 kiloqram 705,29 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 54 milyon 292 min manat (31 milyon 936 min ABŞ dolları) kimi qiymətləndirilir.

 

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində 1041 nəfər yeni qeydiyyata götürülüb. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılıb.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 2 ay ərzində İİV-ə 223 nəfər yoluxub. Onlardan 212 nəfəri Azərbaycan vətəndaşları, 11 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 16 nəfəri (7,5 faizi) inyekson narkotik istifadəçiləri olub.

 

2023-cü ilin yanvar-fevral ayları ərzində 802 - qaynar xətt telefon zəng xidmətinə 205 vətəndaş müraciəti daxil olub ki, onların 40-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 100-ü narkotik asılılıqdan müalicə, 65-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 140 məktub ünvanlanıb.

 

Belə ki, 802 - qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!