Modern.az

İndiki xanımlar boşanmaq üçün evlənir - Psixoloqdan ŞOK AÇIQLAMA 

İndiki xanımlar boşanmaq üçün evlənir - Psixoloqdan ŞOK AÇIQLAMA 

Ölkə

21 Mart 2023, 12:46

Azərbaycan insanının həmişə fəxr etdiyi ailə institutu ciddi təhlükə qarşısındadır. Demək olar ki, böyük-kiçik, ər-arvad məhfumları yox olub. Yeni ailələrin dağılması adi hala çevrilib. Təbii ki, ölkəmizdə Novruz bayramının qeyd olunduğu günlərdə belə bir mövzunu gündəmə gətirmək bizim üçün də xoş deyil. Ancaq əməkdaşlarımızın məhz bayram günlərindəki təəssüratları, keçirdikləri sorğunun nəticələri bu mövzunu işləməyi bir növ qaçılmaz etdi. Bayram günlərində uşaqların əksəriyyətinin anaları tərəfindən şəhərə gəzintiyə çıxarılmaları diqqətimizi cəlb etdi. Səbəbini soruşduqda, acı mənzərə ortaya çıxıb. Məlum olub ki, çoxu boşanıb.  

 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış psixoloq, Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, BDU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev bildirib ki, müasir dövrdə boşanma faciə kimi qarşılanmır:

 

"Nə qədər acınacaqlı olsa da, fakt faktlığında qalır. Açıq deməliyik, müasir dövrdə boşanma cəmiyyət tərəfindən faciə kimi qəbul olunmur və ətrafimızda olan insanların böyük əksəriyyəti buna az qala normal hal kimi yanaşır. Bunun acı nəticələri indi hiss olunmur, amma ailələrin dağılması gələcəkdə böyük fəsadlara yol açacaq".

 

Psixoloqun fikrincə, müasir dövrdə boşanmaların artmasında qadınların, xüsusən də yeni ailə həyatı quran xanımların rolu daha çoxdur:

 

"Dəhşətlisi odur ki, onların əksəriyyəti çox zaman ailə qurmamışdan əvvəl sanki psixoloji baxımdan özlərini boşanmaya hazırlayırlar.  Bu baxımdan onlarda ailəni qorumaq, inkişaf etdirmək yox, onun daha çox nə vaxt dağılacağı haqqında fikirlər dominant olur. Həmişə Azərbaycan qadını qurucu olub, xüsusən də ailədə, amma  müasir dövrdə demək olar ki, qadınların bir çoxunun davranışında bunun əksini müşahidə edirik. Qadınlar daha çox ailə dağıdan qüvvəyə çevriliblər. Əlbəttə ki, bütün bunları ürək ağrısı ilə deyirəm. Nə yazıq ki, faktı dəyişmək mümkün deyil.

 

Həm tarixən, həm də sosial-psixoloji cəhətdən iki amil ailənin möhkəmlənməsinə, firəvan yaşamasına xidmət edib. Birincisi, yeni ailədə övladın dünyaya gəlməsi. Bu, ailənin möhkəmlənməsinə, yad təsirlərdən qorunmasına xidmət edib. Əvvəllər boşanmaların bir hissəsi sonsuzluğa görə olurdu. İkincisi isə qadının işləməyi idi.  Yəni qadının  işləməsi ailənin dolanışığının yaxşılaşmasına səbəb olurdu. Azərbaycan xalqı arasında hansısa işi əl-ələ verib görmək aforizmi elə burdan yaranıb. Amma indi isə bu iki amil azərbaycanlı ailələrin başı üzərində kabusa çevirilib.

 

Yəni qadın işləyirsə və müəyyən bir qazanc əldə edirsə, onda çox zaman belə bir fikir formalaşır ki, bugünkü həyatını təmin edib. Amma gələcəyi ilə bağlı narahatlıq keçirir. Axı hamı qocalır, müəyyən yaşdan sonra işləyə bilmir. Gələcəyini sığortalamaq üçün ailə qurur, övladı olur və artiq fikirləşir ki, gələcəyini də təminat altına alıb və istənilən vaxt ailəni dağıda bilər. Ona görə də ailədə kiçik bir narazılıq olan kimi boşanmaq üçün ərizə verir".

 

 

Azərbaycan Psixologiya Akademiyasının direktorunun sözlərinə görə, müasir xanımların bir çoxu ailə institutuna demək olar ki, barmaqarası yanaşırlar: 

 

"Onlar ailə qurmağa, ərə getməyə müvəqqəti status kimi baxırlar. Onlarda "Hər şey ya mən istədiyim kimi olacaq, yaxud olmayacaq, boşancağıq” kimi streotipik düşüncə hakim mövqe tutur. Mental düşüncə ilə yanaşsaq, bu gün Azərbaycan kişisi yad təsirlər hesabına xanımları tərəfindən yumşaq desək, əzilir. İlkin olaraq boşanmalardan kişilər əziyyət çəkir. Övladı ilə görüşmək, bir müddət öncə həyat yoldaşı olmuş xanımı başqa formada görmək onlar üçün dözülməzdir. Ancaq müəyyən yaşdan sonra hər bir xanımın həyat yoldaşına, həyatı onunla bölüşəcək, ona dayaq olacaq insana ehtiyacı olur”.  

 

M.Mustafayev qeyd edib ki, qızlar təhsil almaqdan çox zaman öz məqsədləri üçün istifadə edirlər:

 

“Əvvəllər qızların təhsil alması məsələsi  var idi. Amma bəzən bu amildən də qızlar öz merkantil məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların fikrincə,oxuyublarsa və işləyirlərsə,artıq onlar ailədə istədiklərini edə bilərlərlər. Bu cür “azadlıq” isə ailədə qarşıya çıxan ilk çətinlikdə özünü göstərir. Onlar fikirləşirlər ki, ailəli olmaq onların “karyera”larının qarşısını kəsir və onlar inkişaf edə bilmirlər. Bu isə son nəticədə boşanmaya gətirib çıxarır”.

 

 

Psixoloq boşanma səbəblərindən də söz açıb. O, bəzi xanımların feminist qüvələrin təsiri altına düşmələrini də boşanmanın bir səbəbi kimi gördüyünü qeyd edib:


“Çox zaman gender bərabərliyi adı altında söhbətlərdən səhv nəticələrin çıxarılması da qadınların boşanmalarına səbəb olur. Əslində isə qadınlar nə anatomik, nə fizioloji, nə də psixoloji baxımdan kişilərlə bərabər ola bilər. Hər bir cinsin özünəməxsus xüsusiyyətləri var.

 

Digər bir səbəb bəzi qızların evliliklə bağlı təsəvvürləri ilə bağlıdır. Onlar bəzən evliliyi seriallardakı evliliklərlə qarışdırırlar, öz həyatlarının da ordakı kimi olmasını istəyirlər, belə bir səhv düşüncə ilə yaşayırlar. Bu da sonda onlarda apatiya vəziyyətinin yaranmasına gətirib çıxarır. Digər bir vacib məqam isə valdeynlərin bu məsələyə münasibəti ilə bağlıdır. Bəzən valideynlərin qızlarına qarşı həddən artıq “himayəçilik” etmələri xanımların yanlış addım atmalarını körükləyir”.   

 

“Onlar boşanmaqla öz təbirlərincə, xoşbəxtliyə gedirlər. Amma illər sonra bunu acı nəticələrini görürlər. Övladlarının natamam insan kimi böyümələrinə bais olurlar. Bundan başqa, hazırda pis vərdişlər geniş yayılıb. Uşaqları bu təsirlərdən qorumaq üçün ailədə ata-ana bir yerdə olmalıdır. Bütün bunlar Azərbaycan cəmiyyətinə ağır zərbədir. Hesab edirəm ki, Azərbaycan ailəsinin bu hala gəlməsində xarici institutların böyük rolu var. Amma biz bu məsələdə əl-qolumuzu bağlayıb dayanmamalıyıq. Orta məktəblərdə, universitetlərdə bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Biz Azərbaycanda hər yeni qurulan ailənin xoşbəxt cütlük olmasına nail olmalıyıq”,-psixoloq qadınları diqqətli olmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir