Modern.az

Heç kim seçkiləri və zəlzələni fürsət bilməsin - Türk generaldan XƏBƏRDARLIQ 

Heç kim seçkiləri və zəlzələni fürsət bilməsin - Türk generaldan XƏBƏRDARLIQ 

Ölkə

22 Mart 2023, 15:57

Son zamanlar erməni mətbuatında yayılan xəbərlərdən və görüntülərdən Ermənistanın yeni müharibəyə hazırlaşdığı hiss edilir. Revanşist qüvvələrin, eləcə də Qarabağdakı separatçıların təxribata əl atacaqları istisna edilmir.

 

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir. Rusiya sülhməramlıları da onları müşayiət edir.

 

Nazirlik xəbərdarlıq edib ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Həqiqətən yeni bir müharibə olacaqmı? Yeni  təxribat olarsa, Türkiyə hansı addımları atacaq?


Mövzu ilə bağlı Modern.az-a danışan ehtiyatda olan general Yücel Karauz qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında yeni bir müharibənin olması ehtimalı mövcuddur.


"Ermənistanın təslim olmasından indiyə qədər 29 ay keçib. Bu müddət ərzində Azərbaycan üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirərkən qarşı tərəf sülhün olması üçün heç bir addım atmır. Bununla da onlar zaman qazanmaq istəyirlər. Ermənistan bütün bu əməllərini İran, ABŞ, Aİ və Fransa ilə birlikdə planlaşdırır. Ancaq onlar bilməlidir ki, Azərbaycanın da səbrinin bir həddi var",-deyə o bildirib.


Y.Karauz vurğulayıb ki, Azərbaycan torpaqlarına hücum olarsa, Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi yenə də öz mövqeyini ortaya qoyacaq:

 

"Azərbaycan vaxtı gəldikdə öz gücünü yenidən hərkəsə göstərəcək. Ermənistan bir tərəfdən sülh istədiyini söyləyir, digər tərəfdən isə Qarabağa qanunsuz silah yollayır. Onlar Qarabağda olan separatçıların tərksilah edilməsini istəmir. Ermənistan sülh danışıqlarını bu cür təxribatyönlü addımlarla pozmağa davam edir. İran isə İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonra da Ermənistana dəstək vermiş və onu strateji tərəfdaş kimi qəbul etmişdir. Həmçinin, sözügedən ölkə SEPAH vasitəsilə Azərbaycanı təhdid etməyə davam edir. İndiki hazırlıqlara baxdıqda Ermənistanın müdafiədən çox hücuma hazırlaşdığını görürük. Yəni onlar yeni təxribatlar törədərək müəyyən əraziləri ələ keçirmək niyyətindədir. Ancaq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü zəmanət altına alınıb. Bu, NATO-nun 5-ci maddəsi ilə oxşarlıq təşkil edir. Azərbaycanın torpaqlarına hər hansısa bir hücum olarsa, Türkiyə qeyd-şərtsiz aktiv rol alacaq. Heç kim Türkiyədə seçkiləri və zəlzələni özlərinə fürsət bilməsin. Çünki nə olur olsun Türkiyə güclü bir dövlətdir. Azərbaycanın ərazi bütövlüyünə hücum etmək niyyətində olan dövlətlərin sonu heç də yaxşı olmayacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır