Modern.az

Təhlükəsizliyimizin keşiyində duran görünməyən QƏHRƏMANLAR

Təhlükəsizliyimizin keşiyində duran görünməyən QƏHRƏMANLAR

28 Mart 2023, 15:40

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

 

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı olub.

 

Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

 

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib.

 

Modern.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycandakı təhlükəsizlik orqanlarının tarixi cümhuriyyət dövründən başlayır.


"Azad dövlət quran cümhuriyyət ataları müstəqilliyin qorunması üçün belə bir strukturun var olmasının vacibliyini anladılar. Həmin dövrdə təhlükəsizlik orqanları öz üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirdilər. Çox təəssüf ki, situasiya Azərbaycanın xeyrinə olmadığı üçün müstəqilliyimizi itirdik. Sonradan SSRİ-nin tərkibində olduqda uzun müddət təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik etdi. Elə bir vəziyyət yaranmışdı ki, 1940-cı ildə Azərbaycan əhalisinin 76 faizi azərbaycanlı olduğu halda həmin qurumlarda çalışanların cəmi 20 faizi vətəndaşlarımız idi. Yəni təhlükəsizlik orqanlarında azərbaycanlıların olmaması bir çox dəyərli ziyalılarımızın həyatını itirməsinə və dəyərlərimizə zərbə vurulmasına səbəb oldu", - deyə parlamentari bildirib. 

 

 

A.Mirzəzadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin SSRİ-nin təhlükəsizlik orqanına rəhbərlik etməsi həmin qurumların azərbaycanlıları cəzalandıranlardan qoruyan orqanlara çevirdi:

 

"Heydər Əliyevin sayəsində ziyalıların sərbəst fəaliyyətinə diqqət yetirildi. Azərbaycan dəyərləri qorunub inkişaf etdirildi və təhlükəsizlik orqanları bizim xeyrimizə çalışmağa başladı. Müstəqilliyimizi bərpa etdikdən sonra sözügedən qurumların üzərinə xüsusi bir yük düşdü. Təhlükəsizlik orqanlarının bir çox nümayəndəsi birinci Qarabağ müharibəsində Vətən uğrunda döyüşdülər. Onlar böyük qəhrəmanlıqlar nümayiş etdirdilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təhlükəsizlik orqanlarının tarixində yeni bir səhifə açıldı. Düzdür, müəyyən dövrdə orada xoşagəlməz hadisələr baş verdi, ancaq Prezidentin məsələyə operativ reaksiyası o qurumların müsbət yöndə dəyişməsinə gətirib çıxardı. Bu gün təhlükəsizlik orqanları Azərbaycanın milli maraqlarının qorunmasında ön cəbhədə vuruşurlar. Onlar xarici kəşfiyyat orqanlarının ölkəmizin daxili işlərinə qarışmasının qarşısını qətiyyətlə alırlar. Biz vaxtaşırı onların fəaliyyəti haqqında məlumat alırıq. Bu gün azad, sərbəst və təhlükəsiz yaşamağımızda həmin qurumların böyük xidməti var. Vətən müharibəsində təhlükəsizlik orqanlarının etdikləri çox səmərəli oldu. Görünən və görünməyən cəbhənin nümayəndələri torpaqlarımızın azad olunması üçün böyük işlər gördü. Bu gün onların peşə bayramını təbrik edirəm. Azərbaycan vətəndaşlarının onlarla fəxr etdiyini və təhlükəsizlik orqanlarını dövlətçiliyimizin əsas sütunlarından biri saydığını bildirmək istəyirəm. İnanıram ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında təhlükəsizlik orqanları Azərbaycan dövlətçiliyinin qorunmasına öz tövhəsini verəcək".

 

 


Deputat Hikmət Babaoğlu isə söyləyib ki, "dövlət" sözü bəzən ictimai şüurda elə "təhlükəsizlik" anlayışı ilə asossasiya olunur və bu, tamamilə doğrudur. Çünki "dövlət" deyən zaman hər bir vətəndaş ilk növbədə özünün fərdi və kollektiv təhlükəsizliyinin təminatçısı qismində məhz dövləti görür. Təhlükəsizliyi təmin etmək dövlətin ən mühüm funksiyalarından biridir. Bu mənada hər bir ölkənin xüsusi xidmət orqanlarının funkisonallığından və səmərəli fəaliyyətindən çox şey asılıdır.

 

"Nəticə etibarilə bu fəaliyyət vətəndaşın mənsub olduğu dövlətə etimadını təyin edir. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə düşən missiya və vəzifəni layiqincə yerinə yetirməyi bacarır. Ona görə də həm dövlətin ali rəhbərliyinin, həm də adi vətəndaşların təqdirini qazanıb. Bu gün təhlükəsizliyimizin keşiyində duran bu vacib və strateji institutun yaranmasından 104 il ötür.",- deyə deputat qeyd edib.


H.Babaoğlu vurğulayıb ki, DTX-nin 104  illik fəaliyyəti dövründə ən kritik mərhələlərdən birini Vətən müharibəsi və postmüharibə dövrü təşkil edir:

 

"Hər şeydən öncə başda DTX rəisi, professional əməliyyatçı və dövlət adamı Əli Nağıyev olmaqla DTX-nin bütün kollektivini və əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara vətənə xidmət kimi müqəddəs vəzifələrində daha böyük uğurlar arzulayıram. Belə uğurlar indiyədək strateji və çoxşaxəli olub. 2020-ci il iyul ayında Tovuz hadisləri kimi xatırladığımız Vətən müharibəsinin ilk qığılcımlarından bu günədək DTX milli təhlükəsizliyimizin yeni və şərəfli tarixini yaradıb. Cənubi Qafqaz kimi mürəkkəb bir coğrafiyada çoxsaylı ölkələrin təhlükəsizlik maraqları toqquşur və belə olanda maraqları qorumaq da mürəkkəbləşir. Yəni biz həmişə yerləşdiyimiz coğrafiyanın strateji üstünlüklərindən danışanda onun yaratdığı çətinlikləri də gözardı etməməliyik. Azərbaycan DTX-si belə çətin və mürəkkəb şəraitdə öz işini uğurla qurmağı bacarıb. Qısacası, təhlükəsizliyimizin bütün komponentləri üzrə, narkoticarətdən tutmuş kibercinayətkarlığa qədər, hərbi-siyasi təxribatlardan etnik separatçılığa, dini-ideoloji radikalizmdən terrora qədər ən müxtəlif istiqamətlərdə milli maraqlarımızı qorumaq üçün mühüm işlər görüb. Biz sadəcə bu fəaliyyətin ictimailəşdirilməsi mümkün olan hissəsi ilə tanış ola bilirik. DTX-nin digər məxfi fəaliyyəti olduqca geniş və müxtəlifyönlüdür. Ona görə də bir daha bu vacib dövlət qurumunda çalışan peşəkarlarımızı peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım