Modern.az

Sağlamlığımızın keşiyində duranlar - Bu gün onların günüdür

Sağlamlığımızın keşiyində duranlar - Bu gün onların günüdür

Ölkə

30 Mart 2023, 16:14

Həkim - dünyanın ən qədim, ən məsuliyyətli peşələrindən biri...

 

Həkimlik işi hələ qədimdən çox dəyərləndirilən, hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir. Hər insan həyatında heç olmasa bir neçə dəfə həkimə müraciət edir, çünki həyatımızı həkimlərsiz təsəvvür etmək çətindir.

 

2019-cu ildə başlayan və hələ də davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası bu peşənin bəşəriyyət üçün nə qədər önəmli olduğunu bir daha göstərdi. Azərbaycan həkimləri pandemiya dövründə yalnız dünyanı ağuşuna alan koronavirus cəbhəsində deyil, həm də Vətən Müharibəsi cəbhəsində mübarizə aparırdı. 44 günlük müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Həlak olan tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

 

Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir. Bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən, Avropa Birliyi ölkələrində 3,9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3,6 təşkil edir.

 

Hər iki cəbhədən üzüağ çıxan Azərbaycan həkimi Dünya Həkimlər gününü qeyd edir. 1993-cü ildən qeyd olunan bu gün münasibətilə Modern.az həkimlər arasında sorğu keçirib.

 

Günümüzün Azərbaycan həkimi necə olmalıdır? Vətəndaşlarımız azərbaycanlı həkimlərə nə qədər etibar edir?

 

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Sədaqət Hüseynova saytımıza açıqlamasında Azərbaycan həkimlərinin müasir tələblərə uyğun olduğunu bildirib:

 

 

"Həkim deyəndə biz yüksək təhsilli, mədəniyyətli, mənəvi-etik keyfiyyətlərə malik olan, insanların etibar edə biləcəyi bir insan təssəvvür edirik. Onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan bütün sahələrdə dünyaya inteqrasiya edir. Həmçinin Azərbaycan səhiyyəsi də dünya tibbinə inteqrasiya edir. Yeniləşən dünya Azərbaycan həkimindən bir sıra məsələləri tələb edir. Bu, ilk növbədə müasir biliklərə sahib olmaqdır. Buna sahib olmayan həkimlər geridəqalmış hesab olunur. Azərbaycan həkimi o zaman özünü doğrulda bilər ki, onun bilikləri dünyanın tələb etdiyi formada olur. Bu zaman bizim həkimlərimizin üzü ağ olur. Bugünkü inteqrasiya biz həkimlərdən daima öz üzərimizdə çalışmağı, öyrənməyi tələb edir. Bunun üçün də ölkəmizdə mühit çox yaxşıdır. Daim təlimlər, konfranslar təşkil olunur. Bu da öz növbəsində həkim-xəstə münasibətlərinə öz müsbət təsirini göstərir. Azərbaycan həkimi bizim mentalitetdə hörmətli, insanların etibar etdiyi bir şəxsdir. Ona görə əhalimizin böyük hissəsi Azərbaycan həkiminin xidmətindən yararlanır. Elə bir xidmət yoxdur ki, kimsə gedib, xarici inkişaf etmiş ölkədə alsın, ancaq ölkəmizdə ala bilməsin. Əhalinin orta qrupu yerli həkimlərin xidməti nəticəsində öz sağlamlıqlarını qoruyurlar, ömür sürürlər. Bunun da ən yaxşı nümunəsi Azərbaycanda orta ömür müddətinin digər ölkələrlə eyni səviyyədə olmasıdır. Bunu tibbi xidmətlərin yaxşı nəticəsi hesab etmək olar. Azərbaycan həkimi ilə xəstə arasında münasibət çox yüksəkdir. Bu gün insanlarımız həkimlərə etibar edir.

 

 

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla da qeyd edir ki, azərbaycanlılar həkimlərinə etibar edirlər:

 

"Azərbaycan həkimi də qərb dünyasının qəbul olunmuş ümumstandartlarına uyğun bir sahə üzrə ixtisaslaşmış, sertifikasiya almış, işinin mütəxəssisi olmalıdır. Bu gün Azərbaycanda kifayət qədər istedadlı, xaricdə oxuyub gəlmiş, təcrübəli həkimlər həmçinin uzun illər bu sahədə saç ağardan tibb işçiləri var, əgər belə həkimlərə etibar olunmursa, bu normal hadisə deyil. Təbabət elə qurulmalıdır ki, vətəndaş həkimlərdən fayda görsün. Həkimlərin fəaliyyətindən xəstələr şəfa tapa bilsin. Mən deyə bilmərəm ki, insanlarımız Azərbaycan həkiminə etibar etmir. Bunu düşünmürəm".

 

 

Mammoloq-radioloq Günel Qəmbərova həkimlərimizin daha çox xaricidə öyrənib ölkəmizə fayda verdiyini qeyd edir: 

 

"Həkim Allahın yer üzərindəki qoruyucu mələyi sayılır desək, yanılmarıq. Bu günə qədər çəkdiyimiz çətinliklər, gecə-gündüz oxuyub-çalışmağımızın nəticəsidir ki, bu gün, çox şükür, xəstələrimiz bizi alqışlarla qarşılayır, alqışlarla yola salır. Bu, həkim üçün sevindiricidir. Bəzən isə, sosial şəbəkələrdə müxtəlif həkimlər barədə xəstələr bilməyərəkdən, məlumatsızlıqdan anti-reklamlar edirlər. Bəzi həkim kolleqalların da buna qoşulduğu anlar olur. Bu məsələ məni, bir həkim olaraq narahat edir. Sosial media bu gün çox önəmlidir, ona görə də burada həkimləri qorumaq vacibdir. Həkimlərimizə qarşı belə addımlar atmaq yolverilməzdir. Həkimin ağ xalatı heç zaman ləkə götürməz. Bu gün həkimlərimiz hamısı novatordurlar. Hamısı öz üzərində işləyir, yeniliklər gətirməyə çalışır. Heç bir həkim gedib başqa ölkədə daimi qalmaq istəmir. Öyrənib, öz ölkəsinə qayıdıb, vətəninə xeyir vermək istəyirlər. Bu gün xəstə həkimini seçib gəlir. Əvəllər bu imkan yox idi. Xəstə hansısa xəstəxanaya gedirdi, növbədə kim var idisə, tanıdı-tanımadı gedirdi yanına, nə yaxşı ki, günümüzdə belə problemlər olmur. Bu gün xəstələr həkimini müəyyən resurslar vasitəsilə araşdırıb, onun yanına gedir. Bu gün xəstələrimiz bizdən daim razılıq edirlər. Hətta elə olub ki, xəstəmiz bizə bildirib ki, nə yaxşı xərçəng diaqnozunu siz bizə qoydunuz, bunu başqasından eşitmədik".

 

 

Həkim-terapevt Zakir Quliyev Azərbaycan həkimlərinin Avropadakı həmkarlarından heç də geri qalmadığını düşünür:

 

"Hər şeydən öncə Azərbaycan həkimi rəhmli olmalıdır. Bir insan çox savadlı və qabiliyyətli ola bilər, amma Azərbaycan həkiminin ən önəmli xüsusiyyəti onun rəhmli və vicdanlı olmasıdır. Bu gün Azərbaycan səhiyyəsi fərqli yerlərə gəlir. 10-15 il öncə insanlarımız daha çox xaricə üz tuturdular. İranı, Türkiyəni ölkəmizdən üstün bilirdilər, öz həkimlərimizə inamsızlığı və güvənsizliyi var idi. Lakin COVİD-19 pandemiyasından sonra vəziyyət tamamilə müsbətə doğru dəyişdi. Bu xəstəlik sübut etdi ki, Azərbaycan səhiyyəsi çox güclüdür və dünya ölkələrindən heç də geridə deyil. Hətta bəzi Avropa ölkələri çətinliklər çəkərkən bizdə heç bir sıxıntı yaşanmamışdı. Günümüzdə Azərbaycan həkimləri avropalı həkimlərdən heç də geri qalmır, hətta üstündürlər. Amma hər peşədə olduğu kimi həkimlikdə də bu işə xələl gətirəcək hərəkətlər edənlər az deyil. Unutmayaq ki, bir damla çirkab su Xəzər dənizini bulandırmaz". 

 

Biz də Modern.az olaraq həkimlərimizi təbrik edirik!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır