Modern.az

12 partiya Lalə Şövkətin ətrafında birləşmək İSTƏYİR

12 partiya Lalə Şövkətin ətrafında birləşmək İSTƏYİR

Ölkə

4 Aprel 2023, 09:30

"Siyasi partiyalar haqqında" yeni qanunun keçid müddəalarında qeydiyyatda olan partiyalardan üzvlərinin sayını 5 min nəfərə çatdırmaq tələb olunur və bunun üçün onlara 6 ay vaxt verilir. 

 

Hazırda qeydiyyatda olan partiyalar fəaliyyətlərini davam etdirmək üçün bu müddət ərzində 5000 min nəfərin adını ehtiva edən üzvlük siyahılarını Ədliyyə Nazirliyinə təqdim etməlidir. Partiyaların üzv sayı 4500-dən aşağı olacağı təqdirdə Nazirlik partiyaların ləğvi üçün məhkəməyə müraciət edə bilər. 

 

Siyasi partiyalar haqqında qanun layihəsinin qəbul edilməsindən sonra Azərbaycanda bəzi partiyalar fəaliyyətini dayandırıb. Belə ki, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

 

Bundan başqa mətbuatda bir sıra partiyaların birləşəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, bəzi partiyalar sabiq dövlət katibi professor Lalə Şövkətin liderlik etdiyi Azərbaycan Liberal Partiyasına (ALP) birləşəcək. 

 

Modern.az-ın əməkdaşı deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün Liberal partiyasının sədri Əvəz Temirxanla əlaqə saxlayıb.

 

ALP sədri əvvəlcə yeni qanunla bağlı danışıb. O, hesab edir ki, partiyalar haqqında qanunda müəyyən çatışmazlıqlar mövcuddur:


"Ədliyyə Nazirliyinin partiyalarla məşğul olan qurumu bilmir ki, partiyalar onlara hansı mahiyyətdə olan sənədlər təqdim etməlidir. Biz məsələ ilə bağlı sözügedən quruma müraciət etmişik, ancaq hələ cavab almamışıq. Ümumiyyətlə, partiyalar haqqında yeni qəbul olunan qanunda çatışmazlıqlar var. Onlardan biri odur ki, partiyalar qeydiyyatda olduğu halda dövlət tərəfindən maliyyələşdirilmir. Heç olmasa minimal qaydada maliyyə ayrılmalıdır. Ehtimal edirəm ki, bu, xarici kəşfiyyatların Azərbaycanın daxili işlərinə qrant vasitəsi ilə qarışmaq imkanı yaradır. Mən bu məsələdə heç kimi günahlandırmıram, amma belə bir ehtimal var", - deyə  müxalif siyasətçi bildirib. 

 

 

Ə.Teymurxan, həmçinin vurğulayıb ki, 12 partiyanın ALP-yə qoşulmaq niyyəti var: "Partiyamızın Heydər Əliyevin dönəmində 53 min üzvü var idi. İndi isə biz "dərdini bizə de" kampaniyasını aparırıq. Burada az maaş alanlara, xırda sahibkarlara, şəhid ailələrinə, hərbçilərə və qazilərə hüquqi məsləhətlər və yardımlar edirik. Bunu həyata keçirmək üçün bizim heç bir rayon təşkilatımızın qərargahı yoxdur. Məhz qeyd olunan məsələyə görə müəyyən çətinliklər yaranır. Əmlak Komitəsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, xahişimiz təmin olunmayıb. 

 

Onu da qeyd edim ki, bizim partiyamızın bağlanma təhlükəsi yoxdur. Hətta partiyaların biri ilə söhbətimiz olub və məndə dəqiq məlumat var ki, 12 partiya arasında Liberal partiyaya qoşulmaq niyyəti var. Ancaq bizim tərəfdən bu qərarı almaq üçün götür-qoy etmək lazımdır. Partiyamızın öz daxilində fövqəladə vəziyyət elan etmək ehtimalı var. Bunun səbəbi Ermənistanın Azərbaycana təcavüzü ilə bağlıdır. Əgər onlar hansısa bir ciddi addım atarsa, biz dərhal fəaliyyətimizi hərbi vəziyyətə uyğun şəraitə gətirib, təbliğat partiyasına və ordusuna çevriləcəyik. Bu məsələdə xalqımıza, dövlətimizə və ordumuza lazım olan dəstəyi verəcəyik. Allah əsgərlərimizi qorusun".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı