Modern.az

Türkiyədən sonra Azərbaycanın da “KızılElma”sı olacaq 

Türkiyədən sonra Azərbaycanın da “KızılElma”sı olacaq 

Ölkə

5 Aprel 2023, 11:52

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Görüş zamanı Bayraktar Prezident İlham Əliyevə "Baykar" şirkəti tərəfindən istehsal edilən "KızılElma" insansız qırıcısının maketini hədiyyə edib.

 

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Bayraktarın Bakıya səfəri həm də onunla əlamətdar olub ki, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Baykar" şirkəti Azərbaycanda fəaliyyətə başlayıb.

 

Məlumata görə, "Baykar Teknoloji Azerbaycan" şirkəti süni intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrik səviyyəsində texniki xidmət, pilotluq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləyəcək.

 

Bəs, qardaş ölkənin istehsalı olan "KızılElma"nın ilk alıcısı Azərbaycan ola bilərmi? 

 


Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanın belə bir hərbi texnikaya ehtiyacı var.


"Qanadında Azərbaycan bayrağı olan "KızılElma" pilotsuz qırıcısının maketinin Səlcuk Bayraktar tərəfindən Prezident İlham Əliyevə təqdim olunması birmənalı olaraq bu təyyarlərin seriyalı şəkildə istehsal olunduqda Azərbaycan üçün əlçatan olacağı mənasına gəlir. Türkiyədə istənilən vasitə və ya Azərbaycanda mövcud olan hərbi texnikalar hər iki ölkə üçün eyni səviyyədə əlçatandır. Yəni iki dövlət arasında "mənim", "sənin" söhbəti yoxdur. Qardaşlıq münasibətində maddiyyat ikinci dərəcəli məsələdir. Azərbaycanın belə bir vasitəyə ehtiyacı var. Bildiyimiz kimi "KızılElma" artıq orta yüksəklikdə uçuşlarını tamamlayıb. İlk prototip olaraq səsə qədər, növbəti mərhələdə isə səsdən yüksək, təxminən 1100 kilometr sürətə malik insansız qırıcılar Azərbaycan və Türkiyənin hava məkanının təhlükəsizliyində və sərhədlərin qorunmasında mühüm rol oynayacaq",- deyə o bildirib.

 

 

Ə.Verdiyev vurğulayıb ki, 10 min kiloqram kütlə ilə 1500 kiloqram faydalı yük daşıya bilən pilotsuz qırıcılar maksimum 14 min metr yüksəklikdə öz funksiyalarını yerinə yetirə biləcək:

 

"Təxminən 1000 kilometrə qədər fəaliyyət radiusuna malik təyyarənin orta kreyser sürətində 5 saata qədər havada qalacağı gözlənilir. Bu vasitələrin üstün cəhətləri ondan ibarətdir ki, qırıcının gövdəsi stels texnologiyasına və "İSA" radarına malikdir. Həmçinin hər qanadın altında 3 sursat daşıya biləcək asqılar mövcuddur. Bu asqılar qapalı olaraq gövdənin içində qorunur. Məhz bu da qırıcının görünməsini minimallaşdırır. Belə pilotsuz qırıcılar həm hava, həm də yerüstü hədəflərə zərbə endirmək gücünə malikdir. Bundan ötrü "BOZDOĞAN", "GÖKDOĞAN" kimi hava raketləri və havadan quruya atıla bilən "CİRİT" "BOZOK " raketlərini daşıya bilir. Böyük ehtimalla Azərbaycan və Türkiyə yaxın perspektivdə PUA-larının ölkəmizdə istehsalı üçün ciddi addımlar atacaq. Çox güman "KızılElma"nın Türkiyədən sonra istifadəçisi Azərbaycan olacaq. Səlcuk Bayraktarın qeydolunan qırıcının maketini Prezident İlham Əliyevə verməsi bunu deməyə əsas verir".

 

"KızılElma" pilotsuz döyüş təyyarəsi nələrə qadirdir?

 

 

"Baykar" şirkətinin öz imkanları ilə istehsal etdiyi "KızılElma" insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. Ötən ilin noyabr ayında uçuş-enmə zolağında sınaqlara başlayan təyyarə ilk uçuşunu dekabr ayının 14-də həyata keçirib.

 

İnsansız təyyarə xüsusi texnologiyası sayəsində düşmən radarlarında çox zəif görünəcək. 6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək.

 

"KılzılElma"nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsini Türkiyə şirkətləri tərəfindən inşa edilən "TCG Anadolu" gəmisində əməliyyatlar icra edəcəyi nəzərdə tutulub. Uçuş aparatının mühərrikləri Ukraynanın "İvçenko-Progress" şirkəti tərəfindən istehsal edilib.

 

Qeyd edək ki, insansız döyüş təyyarələri ənənəvi pilotsuz uçuş aparatlarından (PUA) fərqlidir. Belə ki, insansız qırıcılar hava hədəflərini məhv edə, daha ağır silahlar daşıya bilir. Türkiyə bu təyyarəni istehsal edən azsaylı ölkələrdən biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı