Modern.az

İran səfirliyinin bağlanması təklifinə FƏRQLİ YANAŞMA

İran səfirliyinin bağlanması təklifinə FƏRQLİ YANAŞMA

Ölkə

8 Aprel 2023, 15:44

Azərbaycana qarşı təxribatçı fəaliyyətlə məşğul olan İran səfirliyinin 4 əməkdaşının "arzuolunmaz şəxs" elan edilməsi Milli Məclisin ötən gün keçirilən iclasında əsas müzakirə mövzuları sırasında idi. Molla rejiminə qarşı etiraz səslərini ucaldan deputatlar İranın Bakıdakı səfirliyinin ölkəmizdə casus şəbəkəsinin qurulmasında birbaşa rol oynadığını, bu səbəbdən diplomatik nümayəndəliyin bağlanmasını tələb ediblər. İran səfirliyini casus yuvası adlandıran parlamentarilər digər diplomatların da ölkədən çıxarılması barədə fikirlər səsləndiriblər.

 

İranla bağlı mövzunun Milli Məclis səviyyəsində qaldırılmasını Modern.az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə ehtiyac yoxdur.

 

O hesab edir ki, indiki durumda İran səfirinin "arzuolunmaz şəxs" elan edilməsinə dair təkliflər aktual deyil:


"Bu addımı atmaq üçün vaxtın çatmasını söyləmək çətindir. Diplomatik münasibətlərin kəsilməsi bir situasiya, səfirlik əməkdaşlarının arzuolunmaz şəxs elan olunması başqa bir situasiyadır. Bunları eyniləşdirmək olmaz. İranla diplomatik münasibətlər hələ də qalır və Təbrizdə konsulluğumuz fəaliyyətinə davam edir. Üstəlik, qarşı tərəflə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı hər hansı qərar yoxdur".

 

 

Q.Hüseynli İran səfirliyinin bağlanmasına da ehtiyac görmədiyini söyləyib:

 

"İran səfirliyinin fəaliyyətinin dayandırılmasına ehtiyac görmürəm. Doğrudur, hazırda Azərbaycan-İran münasibətləri sağalmaz yara halına gəlib. Molla rejimi çox ciddi və müsbət sayıla biləcək dəyərləri zədələyib. İran bütün "qırmızı xətləri" keçib. Həmçinin, Azərbaycan xalqının milli və dini heysiyyatını təhqir edib. Dövlətçiliyimizə və vətəndaşlarımızın mənəviyyatına ciddi zərbələr vurub. Əlində olan bütün imkanlardan istifadə edərək müstəqil Azərbaycan dövlətinə qarşı hərəkətə keçib. Amma, mən hesab etmirəm ki, bütün bunlar toqquşmaya və ya müharibəyə gətirib çıxara bilər. Belə ağır vəziyyətin hələ bir müddət davam edəcəyini proqnozlaşdırsam da, sonda Azərbaycanla İran arasında olan əlaqələrdə müəyyən yaxınlaşma ola bilər. Hər halda ictimai inkişafın məntiqi də göstərir ki, hu cür hallardan sonra mütləq yeni müsbət bir faza başlayır. Düşünürəm ki, burada da belə olacaq. Lakin, müsbət hallar molla rejiminin tarixin zibilliyinə atılmasından sonra ola bilməsi ehtimalı daha yüksəkdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı