Modern.az

Sərhəddə atışma niyə başladı - Deputat detalları açıqladı

Sərhəddə atışma niyə başladı - Deputat detalları açıqladı

Ölkə

11 Aprel 2023, 19:20

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv şəkildə atəşə tutub. Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusu itki verib. İtkilərimiz və yaralılarla bağlı hələlik rəsmi rəqəmlər açıqlanmayıb.

 

Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistanın təxribatının qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

 

Bundan əlavə, minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılıb.

 

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 

 

Laçın istiqamətində baş verənlərlə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, erməni tərəfi gec-tez təxribat törədəcəkdi:

 

"Azərbaycan Ordusu həmin istiqamətdə tam şəkildə mövqelərini möhkəmləndirirdi. Bu mövqelərdən qanunsuz şəkildə daşınan silah-sursatın qarşısı alınırdı. Ordumuz şərti sərhəddə nəzarəti ələ almaqdaydı. Təbii ki, bu, separatçılara və Ermənistan ordusuna irəliləyiş gətirə bilməzdi. Buna görə də, Ermənistan nəyin bahasına olursa-olsun qarşıdurma yaradacaqdı. Atışma iki ölkə arasındakı şərti sərhəddə gedir".

 

 

Deputatın sözlərinə görə, Ermənistan Avropa İttifaqının missiyası vasitəsilə sərhəddə vəziyyətin gərgin olması barədə dünyaya car çəkməyi planlaşdırır:

 

"Ermənilər taktika yürütdü. Taktikaya əsasən, onlar atəş açdıqdan sonra Azərbaycan tərəfi cavab atəşi açacaq, bununla bağlı Avropanın vizual kəşfiyyatçılarından ibarət olan müşahidəçi missiyası məlumat yayacaqdı. Hətta ermənilər müşahidəçilərə Ermənistandan başqa həm Azərbaycana, həm də Avropaya məlumat vermələri haqqında mesaj verdilər. Atışmalar qaçılmaz idi. Bu istiqamət çox böyük əhəmiyyət daşıyan yüksəkliklərlə dolu ərazidir. Ona görə də atışmalar başladı. Allah şəhidlərimizə rəhmət etsin. Ermənistan tərəfinin itkiləri böyükdür. Hətta korpus komandirinin yaralanması ilə bağlı erməni KİV-ləri məlumat yayıb".

 

Deputat vurğulayıb ki, Azərbaycan Ordusu bütün şəhidlərin qisasını alacaq:

 

"Ermənistan ərazisində təxribat törədə biləcək bütün ocaqların darmadağın edilməsi istiqamətində hərbi əməliyyatlar həyata keçirilir. Bunun özü çox mühüm məsələdir. Düşünürəm ki, ordumuz bu istiqamətdə bütün nöqtələri məhv edəcək, həm də şəhidlərimizin qisası alınacaq. Hətta bundan da artığı olacaq. Ermənilər təxribatla sülh müqaviləsinin imzalanmasının qarşısının alınmasına çalışırlar. Dünyaya car çəkmək istəyirlər ki, şərti sərhəddə qarşıdurma var. Sülhməramlı qüvvələr öz missiyalarını həyata keçirmək üçün addımlar atmalıdır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi də ciddi şəkildə hadisələri təhlil etməli və aydınlaşdırmalıdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı