Son vaxtlar Bakının bəzi küçə və magistrallarında sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, sürət tənzimləməsi Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb və ümumilikdə paytaxtın 14 küçəsini əhatə edir.
Agentliyin rəhbəri Vüsal Kərimli bildirib ki, avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Prezidentin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Onun sözlərinə görə, statistikalar paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin yüksək sürət həddi olduğunu göstərir.
BNA sürət həddinin azadılması ilə yol qəzalarının sayını azaltmağı hədəfləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda 1668 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı əvvəlki illə müqayisədə 6,1 faiz artaraq 2290 nəfər olub. Zərər çəkən şəxslərən 834-ü həlak olub, 1456-sı yaralanıb.
Ekspertlər də yollarda sürət həddinin endirilməsinin qəzaların sayında azalmaya səbəb ola biləcəyini düşünür. Çünki sürətin aşağı olması sürücüyə çevik reaksiya verməyə imkan verir və sürücünün qəzadan qaçmaq üçün daha çox vaxtı olur. Sürətin aşağı olması, həmçinin qəzanın şiddətini azaldır, nəticədə ölənlərin sayı da az olur.
Araşdırmalar göstərir ki, yaşayış məntəqələrində və məktəb zonalarında sürət həddinin azaldılması qəzaların və xəsarətlərin sayını əhəmiyyətli dərəcədə azalda bilər. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki, şəhər yerlərində sürət həddinin 50 km/saatdan 30 km/saata endirilməsi piyadaların iştirakı ilə baş verən qəzalarda ölümlərin sayını 40%-ə qədər azalda bilər.
Avropa Komissiyasının saytında dərc edilən məlumatda isə qeyd olunub ki, yollarda sürətin 1 km/saat artması qəzalarda 3% artıma səbəb olur. Ancaq sadəcə sürət həddini endirmək bir çox hallarda qəzaların və qəza zamanı ölənlərin sayını azaltmaq üçün kifayət deyil. Sürətin azaldılması maariflənmə və məcburi tədbirlərdən ibarət kompleks yanaşma ilə tətbiq edilməlidir. Yolların quruluşu, sürücülərin davranışı qəzaların sayına təsir edən əsas faktorlardır.
Sürət həddinin endirilməsindən hər kəs məmnun deyil. Bəzi sürüclər bu qərarın şəhərdə tıxacları artıracağını iddia edir.
Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürət həddinin dəyişdirilməsi buraxılmış səhvin aradan qaldırılması kimi qiymətləndirilməlidir:
“Bakının və Abşeron rayonunun bəzi küçə və yollarında sürətlə bağlı dəyişiklikləri sürət həddinin endirilməsi kimi qiymətləndirmək lazım deyil. Bu, vaxtilə hərəkət sürətilə bağlı buraxılmış səhvlərin aradan qaldırılması kimi qiymətləndirilməlidir. 10-15 il bundan qabaq Bakıda və Bakı ətrafında bəzi yollarda sürət həddi “Yol hərəkəti haqqında” qanun kobud sürətdə pozulmaqla müəyyən edilmişdi. "Aeroport yolu" kimi tanındığımız Binə-Pirallahı yolu, Ziya Bünyadov prospekti kimi yollarda heç bir halda 90 km-dən yuxarı sürət həddi ola bilməzdi. "Yol hərəkəti haqqında" qanuna görə, 90 km-dən yuxarı sürət yalnız avtomagistralda ola bilər. Avtomagistiral da yaşayış mənətəqəsindən keçməməlidir. Bu yollar təcrid olunmalıdır. Yəni ora insanla yanaşı, heç ev quşları da daxil olmamalıdır. Avtomagistralda ola biləcək sürəti təqdim etmişdilər. O səhvi düzəltdilər”.
Ekspert bildirib ki, bu üsul dünya praktikasında var və effektlidir: "Şəhərin bəzi küçələrində, məsələn, Ziya Bünyadov və Babək prospektlərində 60 km-dən yuxarı sürət risklidir. Çünki orada ictimai nəqliyyat hərəkət edir, avtobus dayanacağı, yaxınlıqda ticarət obyektləri var. Dünyanın hər yerində sürət həddini tənzimləməklə yol hərəkəti təhlükəsizliyinin tənzimlənməsi həyata keçirilir. Gözəl praktikadır, effekt də verir və məncə, yaşayış məntəqələri və yaşayış məntəqəsinin ətraf küçələrində səmərəli üsuldur".
Hüquqşünas sürət həddinin endirilməsinin daha çox tıxaca səbəb ola biləcəyi iddiaları ilə razılaşmır:
"Həmin sürət heç bir halda tıxac yarada bilməz. Tıxac o deməkdir ki, yolda sürət 5 km/saatdır. 90 km/saat sürət hara, tıxac hara. Məsələn, küçənin iki başında düyün nöqtəsi, tıxac yaradan məsələ var. Küçənin orta hissəsində sürət yüksəkdirsə, şəxs gərginlik nöqtəsindən digərinə daha tez çatır və gərginliyi biraz da artırır. Amma mülayim sürət olduqda ona qədər bir xeyli nəqliyyat vasitələri oradan çıxıb gedə bilir. Məşhur nəqliyyatçıların hesablamaları var. Heç vaxt mülayim sürət tıxac yarada bilməz”.