Aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində ötən ilin sentyabr ayında baş verən toqquşmadan sonra ən şiddətli qarşıdurma yaşanıb. Rəsmi məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
"Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub", - deyə nazirlik qeyd edib.
Təxribatların qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Ermənistan Müdafiə Nazirliyi toqquşma zamanı 4 erməni hərbçinin öldüyünü, 6-sının yaralandığını açıqlayıb.
Sərhəddəki təxribata reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub ki, təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Prezident İlham Əliyev isə ATƏT sədri ilə görüşündə ötən gün sərhəddə baş vermiş insidentin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədildiyini diqqətə çatdırıb.
Yerli mətbuatda yayılan bəzi təsdiqlənməmiş xəbərlərə görə, Ermənistan tərəfi qarşıdurma zamanı Azərbaycana qarşı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Həmin PUA-ların İran istehsalı olduğu iddia edilir.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İranın Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirmişdi ki, İran istehsalı olan PUA-ların alınması üçün 22 ölkə rəsmi müraciət edib, onlardan biri də Ermənistandır. Ötən ilin avqust ayında İranın Kaşan şəhərində keçirilən PUA təlimlərində Ermənistan hərbçiləri də iştirak edib.
Ermənistanın şərti sərhəddə təxribat törətməsinin səbəbi nədir? İrəvanın Tehrandan alınan PUA-lardan istifadə etməsi təsdiqlənərsə, bunun nəticəsi necə olacaq?
Mövzu ilə bağlı Modern.az-a danışan türkiyəli general Yücel Karauz bildirib ki, Azərbaycan hərbçilərinin axıdılan bir damla qanının intiqamı misli ilə alınmalıdır.
"Azərbaycan öz sərhədləri daxilində təhlükəsizliyini qorumalıdır. İlk olaraq Qarabağda olan separatçıları tərksilah etməlidir. Silahlı dəstələrə qarşı əməliyyatlar keçirib, onların varlığına son qoymalıdır. Azərbaycan Ermənistanın törətdiyi təxribatlara artıqlaması ilə cavab verməlidir. Hər bir əsgərin intiqamı alınmalıdır. Yəni "qisasa qisas" addımları atılmalıdır və Azərbaycan Ordusu da məhz bunu edir. Onsuz da hər kəs bilir ki, Ermənistan oyuncaq dövlətdir. Onlar 200 ildir ki, öz ağılları ilə addım atmır. Ermənistanın atdığı addımlar "dayı"larının onlara dəstək verməsi ilə əlaqəlidir. Əslində, son təxribat gözlənilən və addım-addım yaxınlaşan hadisə idi", - deyə general söyləyib.
General Karauz vurğulayıb ki, Ermənistan təxribatlar törədərək sülh prosesinin qarşısını almağı planlaşdırır:
"İran Ermənistanı silahlandırmaqla, işğalçı ölkəni cəsarətləndirir. Tehran tək PUA-lar deyil, digər hərbi texnikalarını da Ermənistana satıb. Amma bu, hərəkət doğru deyil. Çünki hər iki ölkə ilə qonşu olan İran bitərəf mövqe nümayiş etdirməlidir. Onu da qeyd etmək lazımdır ki, İranın Ermənistana satdığı silahların bir qisminin istifadəyə yararsız olduğu haqda məlumatlar var. Onsuz da İran silah sistemlərinin çox böyük texnoloji üstünlüyü yoxdur. Rusiyanın hadisəni görməzdən gəlməsi də qəribə haldır. Həmçinin mövcud situasiya ilə bağlı Avropadan da dəstək aldıqları aşkardır. Yəni Ermənistan təxribatlarını ABŞ və Avropadan xəbərsiz edə bilməz. Ümumiyyətlə, bu cür hərbi və siyasi fəaliyyətlər uyğun şəraiti gözləyərək həyata keçirilir. Türkiyənin 14 mayda keçiriləcək seçkilərə qədər və ya seçkilərdən sonra ola biləcək iqtidar dəyişikliyini fürsət olaraq dəyərləndirmək istəyənlər var. Bu sadəcə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı deyil. Suriya, İraq, Liviya və "Mavi Vətən"də tarazlığı dəyişdirmək üçün siyasi fəaliyyətlər müşahidə olunur. Amma bunu unutmamalıdırlar ki, iqtidarda kim olursa olsun, Azərbaycana dəstək məsələsində heç bir dəyişiklik olmayacaq. Türkiyənin və türk dövlətlərinin bu mövzuda mövqeyi bəllidir və heç vaxt dəyişməyəcək".