"Avropa İttifaqı aprelin 12-də Ermənistan-Azərbaycan sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir".
Modern.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) bəyanatında əksini tapıb.
"Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırış edir. Biz bu prosesi dəstəkləməyə hazırıq. Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrarlayırıq. Aİ bu səyləri ən yüksək səviyyədə dəstəkləməyə davam edir", - bəyanatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.