Modern.az

Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev həbs olundu - YENİLƏNİB

Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev həbs olundu - YENİLƏNİB

20 İyun 2013, 21:52

Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev bu gün  Bakı aeroportundan xaricə uçmaq istəyərkən saxlanılıb.

O, Səbail Rayon Polis İdarəsinə aparılıb. Bu barədə “Turan”a onun vəkili Fuad Ağayev məlumat verib. Saxlanmanın səbəbləri məlum deyil. Vəkil Muradverdiyevlə yalnız sabah görüşə biləcək. Akif Muradverdiyev daha sonra Səbail rayon Məhkəməsinə gətirilib.

İlkin məlumatlara görə, onu aeroportun gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlayıblar və çantasında guya 18 min manatlıq 10-luq qızıllar olduğunu deyiblər. Halbuki bu vaxta qədər onun bütün yükləri gömrük nəzarətindən keçib və yoxlanıbmış. Muradverdiyev Moskvaya uçurmuş.
***

Vəkili Fuad Ağayevin Modern.az-a verdiyi məlumata görə, Səbail rayon Məhkəməsində Akif Muradverdiyev barəsində istintaq hərəkətlərinin aparılması üçün 2 aylıq həbs qərarı çıxarılıb. A.Muradverdiyev Cinayət Məcəlləsinin 206.1 maddəsi (qaçaqmalçılıq) üzrə ittiham olunur.

***

Modern.az-ın məlumatına görə, prezidentin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabr ayında - parlament seçkiləri ərəfəsində bir çox məmurlarla - Əli İnsanov, Fərhad Əliyev, Fikrət Sadıqovla birgə həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olundu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən, A.Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunmuşdu.

A.Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Onun cəzası 5 il sınaq müddətli şərti cəzayla əvəzlənib. O zaman Ali Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə azadlığa buraxılma barədə qərar çıxarıb. A.Muradverdiyevin davranışına nəzarət etmək Binəqədi rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinə həvalə olunub. 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi