
Yayın birinci ayı nisbətən sərin keçir. Amma hər il olduğu kimi, mövsümün ən isti ayları hələ qabaqdadır. Yəni bu sözləri iyul və avqust ayı üçün demək çətin olacaq. Həmin aylarda paytaxtda sözün həqiqi mənasında göydən od tökülür. Xüsusilə günorta saatlarında istidən açıq havada nəfəs almaq mümkün olmur. Buna baxmayaraq, bir parça çörəyin çatısını boğazına keçirərək yüksək temperaturda günün altında işləyənlər də az olmur. Yayın qora bişirən vaxtında gah yol kənarında, gah da asfaltın tən ortasında fəhlələrin işlədiyinin gün ərzində hər gün şahidi oluruq. Ancaq iş icraçıları bunu nəzərə almadan günün ən qızmar saatlarında belə, fəhlələri işə cəlb edirlər. Halbuki, havadakı istiliyin dərəcəsi qaydalara əsasən kölgədəki temperatura görə təyin edilir. Belə olduqda isə onu deməyə əsas verir ki, temperatur kölgədə 41 dərəcəni göstərirsə, deməli, açıq havada 45-47 dərəcə istilik var.
Modern.az saytı belə temperaturda açıq havada işlədilənlər barədə qanunvericiliyin tələblərini araşdırıb.
Əmək Məcəlləsinin 233-cü maddəsində işçilərin hansı hava temperaturuna qədər açıq havada işləmələri göstərilir. Əmək Məcəlləsinə görə, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilməli və iş dayandırılmalıdır.
Havanın temperaturu 45 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. Bundan ötrü hökumətin xüsusi qərar qəbul etməsinə ehtiyac da yoxdur. Mövcud qanunvericiliyə görə, havanın temperaturu 45 dərəcədən çox olduqda, açıq havada görülən bütün növ işlər dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.
Qeyd edək ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. Həmçinin iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş vermədiyindən, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə isə iş dayandırılmadan işçilərin bir-birini əvəz etməsi ilə aparılmalıdır. Növbələrin bir-birini əvəz etməsi isə həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
Bundan başqa, havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda, küləyin gücü 3 baldan artıq olduqda da açıq havada bütün növ işlər dayandırılmalı və ya işçilərə isinmək üçün fasilələr verilməlidir. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlərin də dayandırılması mütləqdir.
Əgər havanın temperaturu uzun müddət belə (çox isti və ya çox soyuq, küləkli) davam etsə, iş ümumiyyətlə, dayandırılmalıdır.
Havaların isti keçdiyi vaxtlarda müdafiə naziri Səfər Əbiyevin əmri ilə hərbi hissələrdə də xüsusi rejim elan edilir. Əmrə əsasən, isti günlərdə hərbi hissələrdə əsgərlər saat 11:00-dan 17:00-ə qədər kazarma şəraitində saxlanılır. Xüsusi rejimin elan edilməsində məqsəd əsgər və zabitləri istidən, günvurmadan qorumaqdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov hər bir işçinin Əmək Məcəlləsinin tələblərini bilməsinin vacib olduğunu deyir. Onun sözlərinə görə, belə şəraitdə mütləq işə ya fasilə verilməli, ya da iş tamamilə dayandırılmalıdır. Məhərrəm Məhərov hər il bununla bağlı maarifləndirmə işi aparılmasına baxmayaraq Əmək Məcəlləsinin bu maddəsinin pozulması faktının olduğunu da gizlətmədi. Ötən il 2 əməyin mühafizəsi qaydalarının pozulması faktı qeydə alınıb:
“Belə bir statistika aparmaq üçün gərək bütün Azərbaycanda işləyənlərin başının üstündə durasan. Bu isə mümkün deyil. Burada əsasən yol tikintisi, binalarda işləyənlərə daha çox diqqət yetirilir. Sabirabadda kimsə günün altında qarpız yığırsa ona heç nə deyə bilmərik”.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini deyir ki, Məcəllənin 233-cü maddəsinə əsasən, soyuq və isti hava şəraitində fasilələr verilməli və ya iş dayandırılmalıdır. Əgər işə 2-3 saat fasilə verilirsə bu, işçinin əməkhaqqına heç bir təsir etmir. Ancaq iş dayandırıldıqda boş dayanma kimi işçilərə əməkhaqqının 2/3 hissəsindən az olmayaraq ödəniş edilməlidir.
Məhərrəm Məhərov əlavə edir ki, kölgədə aparılan işləri isə davam etdirilə bilər. Belə yerlərdə fasilə və ya işin dayandırılması tələb olunmur: “İş əsasən temperaturun 41 dərəcədən artıq olduğu açıq havada aparılırsa, dayandırılmalıdır“.
Qaydalara nəzarət mexanizminə gəlincə, Məhərrəm Məhərov qeyd etdi ki, bununla bağlı hər il sahibkarlara xəbərdarlıqlar edilir. Onun sözlərinə görə, tikinti aparılan bütün obyektlərə, eyni zamanda, nəzarət mümkün deyil, ancaq bacardığımız qədər çox obyektlərə nəzarət etməyə çalışırıq. Rəis müavini bu cür neqativ hallar üçün tətbiq edilən cərimələrdən də danışdı: “İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayan tikinti sahibkarları 1000 manatdan 2000 manat qədər cərimə edilir”.
Gültəkin ƏLƏSGƏR