Mahir Qabiloğlu
Əzizim Müqayis, salam! Necəsən? Sualım yersizdir. Adam türmədə necə olar? Başa düşürəm. Amma dözümlü ol. Deyilənə görə Goranboyun icra başçısının tələsinə düşmüsən. Bilmirəm düzdür, ya yox? Amma çox çətin məsələdir. Bu icra başçısı məsələsi var e... çox qəliz vəzifədir.
O gün oturmuşam Hinkir-Minkirin yanında. Azərbaycanlıların sorğu-sualına tamaşa edirəm. Biri gəldi. Amma başı yox. Hinkir-Minkir də sorğu-sual etmədən basdılar yazığı Cəhənnəmə. Nəsə etiraz etdim. Dedilər:
- Şair, bilirik ki, peyğəmbərlərdən sonra Siz gəlirsiniz. Bilirik ki, hörmətli adamsınız. Bilirik ki, Heydər Əliyevin dostusunuz. Amma belə incə məqamlarda xahiş edirik ki, qarışmayasınız.
- Axı niyə?
- Bu gördüyünüz mərhumun başını icra başçısı kəsib. İcra başçısının kəsdiyi başa isə nəinki fani dünyada, haqq dünyasında da sorğu-sual yoxdur.
Səsimi kəsdim oturdum yerimdə. Allaha şükür ki, başın yerindədir. Ağlın üstündə, pulun da cibində. İcra başçısı gəldi-gedərdir. Sən özündən muğayat ol.
Sən mənə əziz adamsan. Mən İmamverdiyevəm, sən də Verdiyev. Bilirsən də ... Verdiyev familiyası geydirmə bir şeydir. Əvvəllər insanlar İmamaverdiyev, Allahverdiyev, Tanrıverdiyev olub. Sovet dövründə qorxusundan bəziləri familiyasının əvvəlini tullayıb. Qalıb Verdiyev. Araşdırsan bəlkə də sən də bizlərdənsən. Amma Verdiyev familiyası da mənə doğmadır.
Yardımlının bir raykom katibi vardı- Səfər Verdiyev. Sənin kimi yeyib-içən oğlan idi. Dost idik. Günlərin bi günü apardı məni ucqar kəndlərdən birinə - bulaq başına. Yeşiklə araq, toğlu. Yüz qram süzdü. Tağdan xiyarı üzdü. Uzunlamasına iki yerə böldü. Üstünə Perembel dağ balından sürtdü. Yüz vurduq, xiyar-balla zakuska etdik. Ləzzət. Bilirəm, bunu bilmirsən. Mən İmamverdiyevlə, Səfər Verdiyev yoxuq. Oğlum İmamverdiyevlə sən Verdiyev bunun dadını çıxararsınız. İnşallah.
Müqayis Verdiyev, mən bu adı ilk dəfə saytlarda gedən məqalələrdən tanıdım. Familiyan mənə doğma gəldi. Elə bildim ki, bizim Səfərin qohumusan. Deyilənə görə sahibkarsan. Goranboyda abadlıq-quruculuq işləriylə məşğul olurmusan. Şərləyiblər. İndi isə məhbəsdəsən. Saytlarda yazılanlar nə dərəcədə düzgündür ya yox? Bilmirəm. Prezidentinizin Goranboyda səlahiyyətli nümayəndəsi sayılan icra başçısının bu qədər qeyri-qanuni hərəkətlərə yol verib-vermədiyini də bilmirəm. Yəqin ki, müvafiq orqanlar bunları yerində araşdırıb ictimaiyyətə məlumat verəcəklər. Bir sahibkarın – alverlə yox, məhz icra başçısının rəhbərlik etdiyi Goranboyun abadlıqlaşdırılması ilə məşğul olan birinin - məhbəsə salınması da çox qəribə görünür. Prezidentimizin sahibkarlara yandırdığı yaşıl işığın fonunda, “mane olmayın”, “şərait yaradın” sözlərinin əhatə dairəsində sən sahibkar üçün məhbəs divarları nə qədər məntiqəuyğundur? Anlaya bilmirəm. İcra başçısıyla sahibkarın nə ədavəti? Pula görəmi? Bəs pula görə insan taleyi ilə bu qədər oynamaq olarmı? Bu olayların hüquqi, iqtisadi qiyməti nədir? Deyə bilmərəm.
Yuxarıda da qeyd etdiyim kimi, müvafiq orqanlar istər Goranboy icra başçısının əməllərinə, istərsə də sən sahibkarın taleyinə bir aydınlıq gətirəcəklər. Bu hadisə Azərbaycanda nə ilkdir... inanmıram da sonuncu olacaq. Hinkir-Minkir də bezardır onlardan.
Müqayis, icazə ver mən olaylara şair kimi yanaşım. Başa düşənlər düşsünlər, başa düşməyənlər də başa düşənlərdən öyrənsinlər.
Günlərin bir günü yemək-içmək məclisində idim. Biri guya ki, cəmiyyətdə gedən hadisələrə öz aləmində subyektiv münasibətini bildirirdi. Danışığında tez-tez “qohumbaz”, “dostbaz” sözlərini işlədirdi. İşlətmək yox bu sözlərin altında tənqidi fikirlərini bildirirdi. Yüz qram arağı haram edirdi bizə. Yemək-içmək məclisində də siyasi söhbətlər danışarlar? Onun bu çıxışından əsəbiləşdim. Dözməyib “Ay kişi, adam qohumbaz olar da. Adam dostbaz olar da... Adam düşmənbaz olmaz ki?” dedim. Hamı gülüşdü. O adam da söhbətinə bununla son qoydu.
Nədənsə Goranboyda səninlə icra başçısı Nizaməddin Quliyevlə arasında olanları oxuyanda bu əhvalat yadıma düşdü. Mən arzu edərdim ki, Nizaməddin Quliyev vəzifə karyerasında müxtəlif rayonlara da rəhbərlik etsin. Özünə düşmən yox, həmişə dost, yoldaş, qohum qazansın. Bir də atalar deyib də: “Yüz yeyənin olsun, bir deyənin olmasın”. Amma belə görürəm ki, burda “yüz”lə “bir” sözünün yeri səhv düşüb. Nizaməddin, şerimi bilirsən də “Qeyrətsiz oluruq biz, Səhv düşəndə yerimiz”.
Müqayis, Nizaməddin müəllim bu vəzifəyə prezident sərəncamı ilə təyin edilibsə, deməli böyük adamdır. Və onu da başa düşür ki, icra başçısı böyük anlamda ailə başçısıdır. Çox şahidi olmuşuq. Birinin uşağı narkotikə qurşananda ailə başçısı ata biabır olmamaq üçün onu respublikadan belə, uzaqlaşdırıb. Qızı pis yola düşübsə, birinə ərə verib adını təmizə çıxarıb. Gücü çatmadığı işlərdə isə nəslin ağsaqqallarını çağırıb. Amma bu xəbərlər ailə çərçivəsindən kənara çıxmayıb. Cəzasın da özü verib, cəfasın da özü çəkib. Bəzən “içim özümü yandırır, bayırım özgəni “ də deyib. “Ətin yesə də, sümüyünü çölə atmayıb”. Çünki ad onundur.
Müqayis, Nizaməddin müəllim də Goranboyun içra başçısıdır. Böyük bir rayonun, bədii dildə desək, Goranboy boyda ailənin başçısıdır. Amma başa düşmürəm, Müqayis, “ətini yeyib, sümüyünü niyə çölə atıb?”. Axı ad onundur ?
Müqayis, qaynatam, qaynanam Yardımlıda yaşayırdılar. Ovaxtkı bütün raykom katiblərini tanıyırdım. Hamısıyla da dost idim. Sabiq olandan sonra da hərdən rayona gəlib-gedirdilər. Amma camaat bu sabiqlərlə mehribanlıqla görüşəndə belə müraciət edirdilər: “Yoldaş katib, salam. Yoldaş katib, necəsən?”. Yaxud da sabiqlərdən biri Yardımlı rayon Partiya Komitəsinin 1-ci katibinə telefonla zəng çalanda, telefonçu qız onları çalaşdıranda bilirsənmi necə təqdim edirdilər? “Yoldaş katib, yoldaş katib Sizinlə danışmaq istəyir”. Onlar bunu qazanmışdılar. İndi Müqayis özün de, indiki icra başçılarının neçə faizi bu hörmətin yiyəsidir?
Keşmiş zamanlarda birinin sehrli toyuğu olur. Gündə bir dənə qızıl yumurta yumurtlayır. Yiyəsi də bu yumurtaları bir-bir xırıd eləyə-eləyə ailəsini firəvan dolandırır. Yaxşı yaşadıqca harınlayır. Toyuğun yeməyin kəsir. Hində o biri toyuqlarla bir yerdə saxlayır. Xoruzlar toyuğa göz verib-işıq vermir. Elə hey dimdikləyirlər onu. Amma yazıq toyuq yiyəsinə qızıl yumurta yumutlamaqda davam edir. Günlərin bir günü toyuğun sahibi bir az da azğınlaşır. Deyir ki, toyuq qarnındakı bütün yumurtaları bir gündə ona verməlidir. Yazıq quşun başını kəsir. Qızıl yumurta axtarışıyla qarnını cırır. Müqayis, içindən nə çıxsa yaxşıdır? POX.
Müasir dildə desək Siz sahibkarlar cəmiyyətimizin “qızıl yumurta yumurtlayan toyuq”larısınız. “Qızıl yumurta”lar da dövlətə ödədiyiniz vergi. İcra başçısı da Qızıl toyuğa toxunarmı?
Belə bir məsəl var: “Yedin dadındır, verdin adındır, qaldı yadındır”. Hər bir məsəl başqa misallar doğurur.
Günlərin bir günü harınlamış bir əyan padşahın qəzəbinə tuş gəlir. Zindana saldırmasa da, var-dövlətini xəzinəyə müsadirə elətdirir. Bir müddətdən sonra həmin adam yadına düşür. Vəzirin göndərir ki, get gör vəziyyəti necədir? Necə yaşayır? Hər şeyin xəzinənin xeyrinə müsadirə etdik. Birdən ailəsini saxlamağa pulu olmaz. Vəzir gedir və qayıdır: “Şah sağolsun. Doğurdan da vəziyyətləri pisdir. Ailəlikcə ağlayırlar. Ah-uf edirlər”.
Səhəri gün padşah əmr verir ki, qəzəbə gələn keçmiş saray məmurunun evini bir də yoxlasınlar. Elə də olur. Evindən müsadirə olunanın yarısı qədər də mal-dövlət tapılır.
Üstündən bir ay keçir. Şah vəzirini bir də qəzəbinə tuş gəlmiş keçmiş əyanın evinə göndərir. Bu dəfə vəzir mat-məəttəl geri qayıdır:
- Şah sağ olsun. Yeməyə heç nəyləri yoxdur. Amma tar-qaval götürüb oynayırlar. Heç nə başa düşmədim.
- Hə, vəzir. İnsanın haram mal-dövləti olanda ah-fəğan eləyər. Çünki onu itirməkdən qorxar. Bunların isə artıq heç nəyi qalmayıb. Nəyə ağlasınlar ki. Haram yeməklə çox harınlamışdılar. Ətraflarındakılara nəinki əl tutmurdular, “yoxumuzdur, bizə də verin” deyə talan edirdilər. Mənim rəiyyətimi incidirdilər. İndi deyib-gülürlərsə deməli heç nəyləri yoxdur. Onlara təqaüd kəs, bir təhər dolansınlar.
Müqayis, bu əhvalatı Nizaməddin müəllimə də çatdlr. O da başqalarına. Axırı “tar-qavaldır”. Bundan o yanası yoxdur.
Müqayis, dözümlü ol. Hər şey yaxşı olacaq. İndi dörd divardır, bir də sən. Ordan çıxacaqsan. Hər şeyə “əlvida”de. Ye-iç, keyf elə. Həyatın dadını çıxar. İcra başçılarına dilini çıxarıb acıq ver. Azad ol. 1 manat 50 qəpiklik dönər ye. Azad ol. Bakinski araq iç. Azad ol. Bulvarda qağayıların dimdikləşməsinə bax. Azad ol. Qızıl teştə qan qusanlara bax. Azad ol. Hər şeydən önəmlisi budur.
Baş prokurorun müavini vardı. Sonralar deputat oldu – Zakir Zeynalov. Ona bağışladığım kitaba bir avtoqraf yazmışdım. Bircə bunu əzbərləsən bəsdir:
Adamın başına nə desən gələr,
Təki can sağ olsun, hər şey düzələr.
Misir padşahı Fironun bir sözünü də yadından çıxarma: “Əgər Nil sahilində bir canavar quzunu parçalayıb yeyirsə, bu canavarın taqsırı deyil. Bu mənim taqsırımdır. Canavar qudurub, məndən qorxmur ki, quzunu parçalayıb yeyir”.
Hörmətlə: QABİL