“Azərbaycanda nə qədər dövlət çevrilişi və prezidentə qarşı cəhd olar”
Milli Məclisin eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin həbsinə münasibət bildirib. Modern.az-a açıqlamasında Milli Məclisin sabiq sədri Akif Muradverdiyevin həbsinin gözlənilən olduğunu bildirib.
R.Quliyevin sözlərinə görə, bu cür həbslər artıq Azərbaycanda adət halını alıb.
“Bu kimi həbslər ilk dəfə deyil ki, Azərbaycanda həyata keçirilir. 1993-cü illərdən bu günə qədər nə qədər ciblərə qumbaralar qoyulub, narkotik maddələr atılıb həbs edilib. Bu dəfə də qızıl sikkə adı altında hakimiyyətin əleyhinə gedən insanları bir-bir aradan qaldırırlar. Hökümətin siyasətinin əleyhinə gedənləri tutmaq olar və bunları da camaata cinayət kimi təqdim etmək olar. Bu günə qədər milləti quzu kimi məzlum olan bu Azərbaycanda nə qədər dövlət çevrilişi və prezidentə qarşı cəhd olar? Belə çıxır ki, bu primitivliyə inanmaq da bizim xalqın xislətindən irəli gəlir”-deyə R.Quliyev münasibət bildirib.
Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev iyunun 20-də Bakı aeroportundan Moskvaya uçmaq istəyərkən saxlanılıb. Hava limanında aparılan əməliyyat nəticəsində üzərindəki çantadan çar Rusiyası dövrünə aid qızıl sikkələr çıxan A.Muradverdiyev qaçaqmalçılıqda ittiham edilərək barəsində iki aylıq həbs-qətimkan tədbiri seilib.
Anar RÜSTƏMOV