Vəzifəli şəxslərin, xüsusən də nazirlərin övladları hər addımı ilə cəmiyyətdə daim müzakirə obyektinə çevrilir. Onlarla bağlı mediada peyda olan hər bir xəbər ictimai fikirdə əks-səda verir.
Zaman-zaman gündəmi zəbt edən yüksək vəzifəli şəxslərin varislərinə cəmiyyətin ümumi rəyi necədir?
Modern.az müxtəlif sahələr üzrə çalışan insanların nazir övladları haqqında düşüncələrini öyrənib.
Şair Musa Yaqub nazir övladları haqqında geniş danışmaq istəməsə də, qısa fikir yürütməkdən çəkinmədi. “Yalnız bir-iki nazirimizin övladının gördüyü işlərdən xəbərim var. Onlardan biri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. Bildiyimə görə, dövlətin xeyrinə müəyyən işlər görür. Yaxşı işlərlə məşğul olur. Təbii ki, bu cür hallar sevindiricidir”.
Millət vəkili Fəzail Ağamalı məsələyə ümumilik prizmasından yanaşaraq mövqe bildirdi: “Mən ağsaqqal adamam. Hansısa uşağın haqqında fikir söyləyə bilmərəm. Hansısa nazirin övladı gedib nəsə bir pis iş görürsə, onun haqqında danışacağam?! Sadəcə onu deyə bilərəm ki, bir-iki nazirin övladından başqa, yaxşı iş görən vəzifəli şəxs övladı tanımıram”.
Əməkdar artist, müğənni Aybəniz Haşımova isə nazir övladlarının xeyirxah dəstəyindən ürəkdolusu danışdı. “Düzü, nazirlərin hamısı ilə yaxınlığım yoxdur. Tanıdığım bir neçə nazir övladı var ki, onlara çox böyük hörmətim var. “Bülbüllər” qrupunun 13 illik fəaliyyəti dövründə çox böyük dəstək görmüşəm. Xüsusilə nəqliyyat naziri Ziya Məmmədovun övladlarının köməyini qeyd edə bilərəm. “Bülbüllər” qrupu xarici ölkələrə gedib Azərbaycanı təmsil edəndə Ziya Məmmədovun övladları çox böyük dəstək göstəriblər. Bu il Azərbaycanı “Eurovision” yarışmasında ikinci edən Fərid Məmmədov da kiçik yaşlarından bu qrupun tərkibində vətənimizi xarici ölkələrdə təmsil edənlərdən biri olub. Xeyirxah işlərə görə Ziya Məmmədovun ailəsinə, övladlarına minnətdaram. Yaxşını deməliyik ki, bu cür işlərin davamı çox olsun”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı nazir övladlarının yaxşı işlər gördüyünün şahidi olmadığını deyir.
“Yaxından tanıdığım nazir yoxdur. Eyni zamanda, nazirlərin ailə məsələləri məni az maraqlandırır. O mənada ki ailə ictimai fəaliyyət deyil. Əslində, dünyanın heç bir yerində nazir 15-20 il vəzifə kürsüsündə oturmur. Ən çoxu 4-5 il. Ona görə də onların övladlarının özünü aparması və yaxud da hansısa xidmətlərinin olması barədə suallar ortalığa çıxmır. Bizdə kimsə vəzifə kürsüsünə oturan kimi belə düşünür ki, burda ömürlük oturmalıdır. Ona uyğun da övladlarını tərbiyə edir. Normal ölkələrdə məmurlar bilirlər ki, onların dövlətə işləməkləri qanun çərçivəsindəki zamanla məhdudlaşırsa, özlərini tamam başqa cür aparırlar. Bizdə isə əksinədir. Belə əcaib mühitdə tərbiyə alan uşaqdan nə gözləmək olar? Mən heç bir müsbət şey gözləmirəm. Təbii ki, istisnalar ola bilər. Ola bilsin ki, var. Amma mən belə nazir övladlarını tanımıram”.
Namidə BİNGÖL