ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
"Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır", - ABŞ rəsmisi deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə dair sualı cavablandıran Vedat Patel “hadisələri qabaqlamağa hazırlaşmadığını” söyləyib.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.