Aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.
Bəs Laçında gömrük postu nə vaxt qurulacaq?
Mövzu ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, Azərbaycanın gömrük işçiləri artıq Laçın dəhlizində qurulan nəzarət-buraxılış məntəqəsindədir.
“Məndə olan məlumatlara görə, gömrük əməkdaşları artıq Laçın yolundadır. Bu, o deməkdir ki, artıq proses həmin ərazidə gömrük postlarının qurulmasına doğru gedir. Ötən gün göstərdilər ki, İngiltərədən alınmış skan aparatı nəzarət-buraxılış məntəqəsinə gətirilib. Yəni orada proseslər digər ölkələrlə sərhədimizdə olduğu kimi inkişaf edir. Rusiya, Gürcüstan, İran ilə sərhəddə gömrük postları hansı işləri görürsə, Laçın dəhlizində də belə olacaq. Əgər gələcəkdə danışıqlar davam edərsə, Ermənistanla münasibətlər normallaşarsa, Zəngəzur dəhlizinin açılması reallaşarsa, təbii ki, orada da gömrük postumuz qurulacaq”, - deyə sabiq nazir bildirib.