Modern.az

Hüquq müdafiəçiləri əfvi dəyərləndirdi: Təkcə 801 nəfər deyil...

Hüquq müdafiəçiləri əfvi dəyərləndirdi: Təkcə 801 nəfər deyil...

Ölkə

8 May 2023, 13:13

Bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

 

Yüzlərlə məhkumun və onların ailə üzvlərinə sevinc bəxş edən bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a bildirib ki, bugünkü əfv sərəncamı çox sevindirici oldu.

 

 

“Çoxlu sayda insanın əfv olunmasına həqiqətən də sevindim. Əfv sərəncamı insanlara sevinc gətirir. Məsələn, hüquq müdafiəçisi Elçin Məmmədi buraxıblar. Neçə ildir ki, biz onun mübarizəsini aparırdıq. Buna çox sevindik.  Eyni zamanda, partiya sədri Əli Əliyevin azadlığa buraxılması da bizi sevindirdi. Siyahımızda olan 10 nəfəri azadlığa buraxıblar. Bu, sevindirici haldır”.

 

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə vurğulayıb ki, əfv ənənəsinin bünövrəsini Ümumilli Lider Heydər Əliyev qoyub:

 

“Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqillik dövründə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bir çox addımlar atıb. Ölüm hökmünün ləğvi, əfv institunun tətbiqi, komissiyanın tətbiqində  tərəf kimi çıxış etmə kimi məsələlər hüquq müdafiəçilərinin diqqətində olub və alqışlanıb. Əfv sərəncamı hər il qəbul olunmaqla, yüzlərlə, minlərlə insanın azadlığa qovuşmasına səbəb olur. Bunun ənənə halına çevrilməsinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub".

 

 

Ç.Qənizadə bir neçə gündür ki, sərəncamın imzalanacağını gözlədiklərini bildirib:

 

"Ulu Öndərin 100 illiyini qeyd edəcəyimiz bir dövrdə Prezident İlham Əliyevin əfv sərəncamı imzalamasını gözləyirdik. Prosesləri diqqətlə izləyirdik. Bu gün, sabah əfv sərəncamı imzalanacaq deyə ümidliydik. Nəhayət, bu gün sərəncam imzalandı. Budəfəki əfv sərəncamı digərlərindən sayına, tərkibinə və kəmiyyətinə görə daha geniş oldu. Azərbaycanın tarixində ilk dəfə 801 nəfər əfv siyahısına düşdü. Bunlardan 463 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. 220 nəfəri çəkilməmiş cəzalarının yarısından azad edildi. Bu qədər insanın əfv olunmasına görə cənab Prezidentə təşəkkürümüzü bildiririk. Belə hesab edirik ki, bu gün 801 nəfər deyil, onların qohumları və yaxınları daxil olmaqla minlərlə insan sevindi".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir