Modern.az

Ukrayna mətbuatı ermənilərin mina terrorundan YAZDI

Ukrayna mətbuatı ermənilərin mina terrorundan YAZDI

Ölkə

9 May 2023, 07:53

Ukrayna və Qarabağda mina təhlükəsi problemi 424 nəfərin həyatına son qoyub. Onların bəziləri uşaqlardır.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Fokus” nəşri yazıb.

 

Məqalə Ukraynanın Çerniqov vilayətindən olan, mina partlayışı zamanı həlak olan 11 yaşlı Daniil Xarçenkonun babasının xatirələri ilə başlayıb. Qeyd edilir ki, o, Rusiyanın bu ölkəyə hücumu başlamazdan əvvəl 5-ci sinifdə oxuyurdu. Ötən ilin martında o anası və 14 yaşlı qardaşı Boqdanla birlikdə avtomobillə düşmən əsgərlərindən qaçmağa çalışıblar.

 

Avtomobil Çerniqov-Kiyev şosesində Rusiya hərbçilərinin yerləşdirdiyi minaya düşərək partlayıb, uşaqlar yanaraq, ana isə partlayıcının zərbəsindən maşından atılaraq ölüb.

 

“Bundan demək olar, bir il əvvəl, 2021-ci ilin iyun ayında Azərbaycanın Kəlbəcər rayonunun kəndlərindən birində yaşayan 11 yaşlı Qismət Bayramov valideynlərinin itkin düşən atlarını axtarmaq üçün evdən çıxıb. O, fermer ailəsində böyüdüyü üçün bu iş onun üçün yeni deyildi. Amma bu dəfə oğlan evə qayıtmadı. Onu demək olar, üç aya yaxın axtardılar. Sentyabrın sonlarında istehkamçılar kənddən çox da uzaq olmayan dağlıq ərazidən Qismətin meyitinin qalıqlarını tapdılar”, - nəşr qeyd edib.

 

“2020-ci ilin noyabrında Ermənistan qoşunları ərazidən geri çəkilərkən həmin yer onlar tərəfindən minalanıb. Azərbaycan 30 ildir işğal altında olan ərazilərini azad edib. Amma Kəlbəcər rayonunda döyüş olmayıb - Ermənistan qoşunları məğlubiyyətdən sonra oradan könüllü geri çəkilib.

 

“Minalar ora Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundan çıxarılması zamanı qoyulub”, - Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

 

Daniil və Qismətin faciəli taleyi Ukrayna və Azərbaycanın xarici təcavüzə, separatizm təhlükələrinə və mina terrorizminə qarşı birliyini təsdiqləyir”, - “Fokus” əlavə edib.

 

Məqalədə həm Ukraynanın, həm də Azərbaycanın Avropada minalarla ən çox çirklənən ölkə olduqları bildirilir: “Azərbaycan hakimiyyəti üç ildir, beynəlxalq təşkilatlarda bu problemi önə çəkir”.

 

Qeyd edilir ki, Azərbaycan humanitar minatəmizləmənin BMT-nin XVIII davamlı inkişaf məqsədinə daxil edilməsini və minalardan zərər çəkmiş həmfikir ölkələr qrupunun yaradılmasını təklif edib: “Bu arada Ermənistanın “Oragir.news” saytı erməni yeniyetmələrə piyada əleyhinə minaları yerləşdirməyi öyrədən videonu yayıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!