Modern.az

Ən optimal variant 1991-ci ilin xəritəsidir - Siyasi şərhçi

Ən optimal variant 1991-ci ilin xəritəsidir - Siyasi şərhçi

Ölkə

15 May 2023, 21:35

Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsi Ermənistan tərəfindən bir neçə dəfə səsləndirilib. Lakin bizim üçün vacib olan məqam qarşı tərəfin Qarabağın məhz Azərbaycanın ərazisi olduğunu qəbul etməsidir.

 

Bunu siyasi şərhçi Yeganə Hacıyeva ötən gün Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşün nəticələrini Modern.az-a şərh edərkən deyib.


"Onlar 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir. 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan tərəfi bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ötən ilin oktyabr ayındakı Praqa görüşü zamanı Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Ancaq ölkəmiz üçün vacib olan məqam qarşı tərəfin Qarabağın məhz Azərbaycan ərazisi olduğunu qəbul etməsidir. Bu, bizim üçün çox vacib idi ki, sonrakı mərhələlərdə Ermənistanın bu mövzularda spekuliyasiyası  mümkün olmasın. Ermənistanın gələcəkdə spekuliyasiya edə bilməyəcəyi üçün sənədə imza atması, orada Qarabağ sözü yazılmasa belə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması, əslində Qarabağın bizim torpağımız olduğunu qəbul etməsidir. Bəyanatda dövlətlərin ərazilərinin dəqiq kilometrlə göstərilməsi də məhz bir işarə idi", - deyə Yeganə Hacıyeva bildirib.

 


Onun sözlərinə görə, Ermənistan Qazaxın 7 və Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmalıdır:

 

"Azərbaycan-Ermənistan şərti sərhədinin bəzi nöqtələrində demarkasiya və delimitasiya prosesinin həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin işlər demək olar ki, dayanıb. Çünki Ermənistanın irəli sürdüyü xəritələr bəzi məqamlara Azərbaycanı qane etmir. Həmin xəritələr SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən texniki məsələlər üçün tərtib edilib. Onu da qeyd etmək lazımdır ki, hər iki tərəfdə də xəritələr mövcuddur .Onlar Alma-Ata sazişinin imzalanması ərəfəsində təqdim olunan xəritələrdir. Ümumiyyətlə, Ermənistan bir yerdə 1975, digər bir yerdə isə 1990-cı ilin xəritəsini irəli sürür. Hazırkı danışıqlarda isə ən optimal variant 1991-ci ilin xəritəsidir. Hər iki ölkənin BMT-yə üzv olduğu dövrdəki ərazisinin əks olunduğu xəritələr demarkasiya və delimitasiya üçün daha məqsədəuyğundur. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də həmin xəritələrdə Azərbaycan ərazisi kimi qeyd olunub. Yəni bu torpaqlar Ermənistanın qeyri-şərtsiz tərk etməli olduğu ərazilərdir". 

 

Y.Hacıyeva əlavə edib ki, Ermənistan bir çox hallarda danışıqları pozmaq üçün təxribat xarakterli addımlar atır:

 

"Sərhəddə baş verən son hadisələr də buna sübutdur. Təxribatların qarşısını almaq üçün demarkasiya və delimitasiya işləri davam etməlidir. Şərti sərhəddə Azərbaycan əsgərlərinə atəş açan ermənilər bu torpaqların özlərinə aid olduğunu hesab edirlər. Amma demarkasiya və delimitasiya prosesi yekunlaşdıqdan sonra belə toqquşmalar və şərti sərhəd anlayışı olmayacaq. Lakin bu məsələlər həll olunsa da, Ermənistan təxribatlar törətməyə davam edəcək".

 

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini təsdiq ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir