Modern.az

Gənclər Rüstəm İbrahimbəyovdan danışdılar: “Yaxşı rejissor, pis siyasətçi”

Gənclər Rüstəm İbrahimbəyovdan danışdılar: “Yaxşı rejissor, pis siyasətçi”

Ölkə

3 İyul 2013, 14:16


Nəhayət ki, uzun sürən qızğın müzakirələrdən sonra Milli Şuranın prezident seçkilərində iştirak etmək üçün vahid namizədi elan olundu. Bu vaxta qədər siyasi səhnədə elə də uğurlu layihə və ideyalarla tanınmayan Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi elan olunması ciddi müzakirə obyektinə çevrildi. Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, bu vaxta qədər vahid namizəd məsələsində birlik nümayiş etdirə bilməyən aparıcı müxalifət partiyalarının liderləri də Rüstəm İbrahimbəyovun xeyrinə “geri” çəkilməli oldular. Görəsən ölkənin gənclər təşkilatları bu haqda nə düşünür? Modern.az mövqeləri öyrənib.

İncəsənət adamının siyasi “ssenarisi”

YAP Gənclər Birliyinin sədri Seymur Orucov vahid namizəd kimi müxalifətin Rüstəm İbrahimbəyovu dəstəkləməsini onların qeyr-ciddiliyi, səriştəsizliyi, uğursuzluğu hesab edir. “Çünki Rüstəm İbrahimbəyov vaxtı keçmiş bir kinorejissordur” deyən Seymur Orucov Rüstəm İbrahimbəyovun mədəniyyət sahəsindəki  fəaliyyətini qiymətləndirsə də, onun siyasi arenada uğur qazanmayacağını bildirib. “O dövrün tələbinə olaraq yaxşı işlər görüb, kinolar çəkib. Amma o,  bu vaxta qədər idarəçilikdə olmayıb və ictimai-siyasi fəaliyyətlə məşğul olmayıb, hər hansı məsələnin həllində iştirak etməyib. Bu cür şəxs gəlib indi ölkə prezidenti olmaq istəyir. Heç Azərbaycanda da yaşamır. Bundan başqa ermənipərəst mövqeyini nümayiş etdirir. Həm də Rüstəm İbrahimbəyovun Azərbaycan regionlarından da xəbəri yoxdur. Bir siyasi təşkilat ki, kinorejissorun prezidentliyə namizədliyini elan edirsə, bu indidən məğlubiyyətlə barışmaq deməkdir”.

“İsa Qəmbər hələ siyasətdən getməyib”

Müsavat partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının isə cavabı belə olub: “Vahid namizəd məsələsini əslində hakimiyyət tərəfi qabardıb. Normal, demokratik cəmiyyətlərdə namizədin kimliyi o qədər də önəmli rol oynamır. Əsas olaraq onun tutduğu siyasi xətt, təmsil etdiyi partiya və elektorat nəzərə alınır. Həm də əsas məsələ vahid namizədi hansı siyasi qüvvələrin  dəstəkləməsidir. Rüstəm İbrahimbəyovun seçkilərdə  qələbə qazanmaq  şansı yüksəkdir. Əminik ki, demokratik seçki keçirilərsə, Rüstəm İbrahimbəyov qalib gələcək”-deyə vurğulayıb. Müsavat başqanının Rüstəm İbrahimbəyovu dəstəkləməsini şərh edən təşkilat sədri bildirib ki, İsa Qəmbərin siyasi müstəvidə populyarlığı Rüstəm İbrahimbəyovdan daha yüksəkdir. “Eyni zamanda demək olmaz ki, Müsavat başqanı seçkidə iştirakdan tam imtina etdi. Çünki seçkidə Müsavatın öz namizədi ilə iştirakını nəzərdə tutan qərarı hələ qüvvədədir. Sadəcə olaraq, vahid namizəd problemi aradan qalxmalı idi. Buna görə də İsa Qəmbər Müsavat partiyasının ümumi qərarından çıxış edərək güzəştə getdi. Amma İsa Qəmbərin siyasətdən getməsi anlamına gəlməli deyil. İstərdik ki, Rüstəm İbrahimbəyov özü Azərbaycana gəlsin və proseslərin başında dursun. Əks təqdirdə uğur qazanmaq şanslarına inanmıram”.

“İstəyirlər Milli Şurada lap Barak Obama olsun...”

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının fikrincə, Rüstəm İbrahimbəyov beynəlxalq aləmdə incəsənət adamı kimi tanındığından onun siyasi arenada böyük nailiyyətlərə imza atacağını demək tezdir. “Çünki siyasi arenada Rüstəm İbrahimbəyovun manevr, taktika, gedişatlarının şahidi olmamışıq. Milli Şura sədrinin qalib gəlmək şansına gəlincə, onu deyə bilərəm ki, bu təşkilatda birləşən qüvvələr səmimi şəkildə  mövqe nümayiş etdirsələr, toplu şəkildə hamısı uğur qazanacaq. Bu prosesin başında Rüstəm İbrahimbəyov yaxud başqa şəxsin olması da mümkündür. Əgər mübarizə bu günə qədərki kimi hakimiyyətə etiraz edən insanlar hər hansı bir resurs və institutlarla təmin olunmadan yalnız öz vicdanı borcunu yerinə yetirirmiş kimi davranacaqsa, Rüstəm İbrahimbəyovun yerində Barak Obama da olsa uğur qazanmaq mümkün olmayacaq. Hər bir şey  siyasi texonologiyalarla silahlanmaq, intellektual müstəvidə mübarizədən asılıdır. Bu günkü reallıqda isə Rüstəm İbrahimbəyovun seçkilərdə qələbə qazanmasını demək çətindir. Seçkiyə hələ bir neçə ay var. Çox şeylər dəyişə bilər”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi