Modern.az

İran şahı Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı vəfat edib - FOTOLAR

İran şahı Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı vəfat edib - FOTOLAR

Ölkə

3 İyul 2013, 16:32

İranda islam inqilabı qalib gələnədək hakimiyyətdə olmuş Pəhləvilər sülaləsinin şahənşahı Məhəmməd Rza şahın birinci  həyat yoldaşı Fövziyə Fuad 91 yaşında vəfat edib. Modern.az saytının xəbərinə görə, Misir kralı birinci Fuadın qızı şahzadə Fövziyə Misirin İsgəndəriyyə şəhərində 91 yaşında vəfat edib.

Fövziyə Fuad Məhəmməd Rza şahla 1939-cu ildə Tehranda evlənmişdi. O zaman İranda Fövziyə Şirin olaraq tanınırdı. Doqquz il sonra onlar boşanmışdılar. Sonra 1980-ci ildə Fövziyə xanım Misir hərbçilərindən biriylə evlənmişdi.

Fövziyə Fuad 1952-ci il Misir inqilabından sonra İsgəndəriyyədə yaşayırdı. 2005-ci ildə onun saxta ölüm xəbəri yayıldı. Jurnalistlər onu kral Faruqun üç qızından bir olan Fövziyə Faruqla səhv salmışdılar.
Fövziyə Fuad dünən - 2 iyul 2013-cü ildə vəfat edib. 

Məhəmməd Rza Pəhləvi və şahzadə Fövziyənin 1939-cu il 16 mart tarixindəki toyları münasibətilə hazırlanmış xatirə medalyonu hazırda Niavaran Sarayında saxlanılır.

Məhəmməd Rza Pəhləvi 1919-cü il oktyabrın 26-da İranın paytaxtı Tehran şəhərində, görkəmli sərkərdə və Pəhləvilər sülaləsinin banisi, Rza xanın ailəsində anadan olub. 1925-ci ildə Rza xan özünü İranın şahı və Məhəmməd Rzanı şahzadə elan edir. Şahzadə 1935-ci ildə İsveçrədəki Institut Le Rosey (kollec) bitirdikdən sonra İrana qayıdır və burada, Tehran hərbi məktəbində, hərbi təhsil alır. İkinci Dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovet höküməti və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeritdilər. SSRİ qoşunları Güney Azərbaycana girdi. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ arasında olan müqavilə ilə izah etdi (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digəri onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət Rza şah öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkdirir və Cənubi Afrikaya sürgün olunur.

1963-cü ilin əvvəlində Məhəmməd Rza Pəhləvinin höküməti ümummilli islahatlar kursunu – Ağ İnqlab – elan edir. İslahatlar nəticəsində torpaq sahələri kasıb və kənd camaatına paylanılır. Meşələr milliləşdirilir. Hökumətin mülkiyyətində olan şirkətlər özəlləşdirilir. Qiymətlər tənzimlənilir. Ümummilli miqyasında yenidənqurma, abadlaşdırma və tikinti işlər aparılır. Həmçinin təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanır. Minlərlə iranlı gənc minlərlə Avropada və Amerikada təhsil almağa göndərilir. Qadınların hüquqlarına da böyük diqqət yetirilir.

Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olur. 1979-cu ildə İranda şahənşahlıq ləğv olunur və İran İslam Respublikası elan edilir.

Nəticədə vətənini tərk edərək mühacirətə yollanan şah 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə ölür. Onu Əl-Rifahi məsçidində dəfn edirlər.

Məhəmməd Rza Pəhləvi 3 dəfə evlənib. Birinci arvadı Fövziyə Şirin, ikinci arvadı Sürəyya İsfəndiyari, üçüncü arvadı Fərəh Pəhləvi olub.

Yeri gəlmişkən, Azərbaycanda Rza şahın birinci həyat yoldaşı Fövziyə Fuad haqqında "Qüssə mələyi" adlı kitab da buraxılıb. "Vətəndaş həmrəyliyi" qəzetinin baş redaktoru İbrahim Quliyevin tərcüməçisi olduğu kitabda 40-50-ci illər arasında Yaxın Şərqdə gedən siyasi proseslər, saraydaxili intriqalar əhatə olunub.





Peykər İbrahimova
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi