Düz bir ay öncə Fransada vəfat etmiş Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov dünən axşam Parisdəki Passi qəbiristanlığında dəfn edilib. Dəfn mərasiminə rəssamın həyat yoldaşı, oğlu, qızı, Azərbaycanın Fransadakı səfiri və səfirliyin işçiləri, Bakıdan getmiş rəsmilər - mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
İyunun 2-də 83 yaşında vəfat edən mərhumun belə gec dəfn olunmasına səbəb rəssamın ikinci həyat yoldaşı Sevil Nərimanbəyova ilə onun birinci evlilikdən olan qızı Əsmər Nərimanbəyova arasındakı mübahisə idi. Sevil xanım onun Fransada dəfn edilməsini istəyirdi, Əsmər Nərimanbəyova buna qarşı çıxaraq rəssamın Bakıda torpağa tapşırılmasına çalışırdı. Atasının Azərbaycanda dəfn olunmasını tələb edən Ə.Nərimanbəyova Fransa məhkəməsində bununla bağlı iddia qaldırmışdı. Lakin məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxardı. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmadı.
Modern.az saytının məlumatına görə, Parisdəki Passi qəbiristanlığında dəfn olunan Toğrul Nərimanbəyov müsəlman qaydalarına uyğun torpağa tapşırılmayıb. Belə ki, rəssamın cənazəsi tabutla qəbiristanlığa gətirilib və elə tabutda da məzara qoyulub. Halbuki, müsəlman qaydalarına görə, mərhum torpağa tabutsuz, kəfənə bükülmüş halda basdırılmalıdır. Adətən xristianlar dünyadan köçənlərin cənazəsini tabutla birgə dəfn edirlər.
Belə olan halda T.Nərimanbəyovun xristianlığı qəbul etdiyi barədə deyilənlərdə məntiq var?
Qeyd edək ki, rəssamın ikinci həyat yoldaşı Sevil Nərimanbəyova bir müddət öncə demişdi ki, T.Nərimanbəyov katolikliyi qəbul edib və vəsiyyətində Parisdəki Passi qəbiristanlığında dəfn olunmasını istəyib.
Qızı Əsmər Nərimanbəyova isə bunu təkzib edərək atasının xristianlığı qəbul etmədiyini və müsəlman olara qaldığını söyləmişdi.
Moder.az saytının əməkdaşı bununla əlaqədar Əsmər Nərimanbəyova ilə əlaqə saxlayıb. Mərhumun qızı Modern.az-a bildirib ki, atası heç bir dini adətlərə uyğun olmadan, dini ayinsiz dəfn edilib.
“Atam tabutda torpağa tapşırıldı, ümumi qaydada, dini ayin icra olunmadan dəfn olundu. Yəni bu, dinlərdən asılı bir dəfn olmadı. Mərasimə nə molla, nə də keşiş çağırıldı. Mərasimdə heç deyilmədi ki, Toğrul Nərimanbəyov xristiandır. Bir sözlə, atam nə müsəlman, nə də xristian adəti ilə dəfn olundu”.
Əsmər Nərimanbəyovanın sözlərinə görə, Toğrul Nərimanbəyovun hansı adətlə dəfn olunacağını mərasimi təşkil edənlər də ona deməyiblər: “Məndən heç nə soruşmadılar. Hər şeyi onun həyat yoldaşı edib. Onu necə dəfn etməklə bağlı mənə heç sual da verməyiblər”.
Gültəkin Ələsgər