Modern.az

Yaşı 65-i keçən məmur vəzifədə qalırsa, müəllim niyə işdən çıxarılır? 

Yaşı 65-i keçən məmur vəzifədə qalırsa, müəllim niyə işdən çıxarılır? 

23 May 2023, 11:02

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib. 65 yaşına çatmış şəxslərin dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Ümumilikdə əlavə müddətin 5 ildən çox uzadılmasına qanunla yol verilmir.

 

Lakin işçilər üçün 65 yaş həddi birmənalı qarşılanmır. Bəzi ekspertlərin fikrincə, peşəkar mütəxəssislərin yaş senzi səbəbilə işdən uzaqlaşdırılması yolverilməzdir. Xüsusilə 65 yaşı keçən müəllim və həkimlərin təqaüdə göndərilməsi doğru hesab olunmur.

 

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev də yaş senzinin ləğv olunmasını istəyənlər sırasındadır. O, 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmədiyini bildirib. 

 

"65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmirəm. Özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışağıq ki, bu məhdudiyyəti aradan qaldıraq", - komitə sədri deyib.

 

Bəs təkliflər fonunda yaş senzi ləğv oluna bilərmi? Belə bir addımın atılması gənclərin işlə təminatına necə təsir edər? 

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, bir sıra əmək sahələrində yaş senzinin olması normal haldır.

 

"Silahlı Qüvvələr, Daxili İşlər Nazirliyi kimi fiziki güc tələb edən bir sıra sahələr var ki, burada yaş senzinin olması məntiqlidir. Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, büdcə təşkilatlarında çalışan müəllimlər və səhiyyə işçiləri üçün son hədd 65 yaş müəyyən olunub. Yaş senzi özəl universitetlərə və orta məktəblərə şamil olunmur. Həmin müəssisələrdə 90 yaşında da müəllim dərs deyə bilər. Özəl klinikada 100 yaşında adam həkimlik edə bilər. Amma dövlət klinikasında mümkün deyil. Burada təbii olaraq, məntiqsizlik yaranır".

 

Mütəxəssis vurğulayıb ki, müəllim və həkimlər üçün əmək fəaliyyətinə yaş senzinin qoyulması məntiqsizdir:

 

"İnsanları yaşına görə yox, əqli və fiziki potensialına görə qiymətləndirmək olar. Tibbi komissiyanın rəyinə əsasən vəziyyəti müəyyənləşdirmək mümkündür. Deputat, yaxud nazir olmaq üçün yaş məhdudiyyəti yoxdur. Seçkili orqanlarda çalışanlara, bəzi məmur kateqoriyaları üzrə işləyənlərə yaş məhdudiyyəti yoxdur. 65 yaşını keçmiş insan nazir, yaxud məmur vəzifəsi tuta bilirsə, niyə müəllim işləyə bilməsin? Ortada ziddiyyət var. Ona görə də, yaş senzinin aradan qaldırılması ilə bağlı təklif doğrudur. Ancaq mən geridönüşün olacağına inanmıram. Qanunda dəyişiklik olacağını gözləmirəm. Əvvəldən, xüsusilə həkim və müəllimlər üçün bu qərarın doğru olmadığını demişdim".

 

Yaş senzinin aradan qaldırılması gənc kadrların işlə təminatına əngəl deyilmi?

 

S.Məmmədov suala cavabında deyib: "Əmək bazarına daxil olanların çox, çıxanların isə az olması səbəbindən 65 yaş senzinin qoyulduğunu bəhanə edirlər. Deyirlər ki, nəticədə işsizlik yaranır. Əslində bu yolla potensial əmək qabiliyyətli insanları bazardan çıxarırlar ki, yerinə gənclər gəlsin. Mən hesab etmirəm ki, bu doğru siyasətdir. Elə şəxslər var ki, 65-70 yaşında daha çox fayda verə bilər. Ona görə də, ayrıca siyasət olmalıdır. Əlbəttə, Azərbaycanda doğuş səviyyəsi yüksəkdir. Əhalinin 70 faizə qədəri əmək qabiliyyətli şəxslərdir. Bu bizim uğurumuzdur. Avropada qocalaşma gedir. Bizdə isə cavan nəsildir. Rusiyada hər kvadrat metrə 8,5, Qazaxıstanda 6,2 nəfər düşür. Bizdə isə bu göstərici 130 nəfərə yaxındır. Bizdə problemlərdən biri də regionların qeyri-bərabər inkişafı ilə bağlıdır. Məhsuldar əmək qüvvələri əsasən Bakı, Abşeron və Sumqayıtda cəmləşib. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma vəziyyətin aradan qalxmasına kömək edəcək. Problemi belə həll etmək lazımdır, yoxsa yaş senzi qoymaqla vakant yer artırmağı düzgün qiymətləndirmirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir