Modern.az

ABŞ-ın sülh təklifi - Bakı hansı halda güzəştə gedəcək? 

ABŞ-ın sülh təklifi - Bakı hansı halda güzəştə gedəcək? 

Ölkə

24 May 2023, 13:20

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində Bayden administrasiyasının Azərbaycan və Ermənistana sülh sazişi üzərində iş çərçivəsində bəzi mübahisəli məsələlərin həllinə dair təkliflər göndərdiyini deyib.


“Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün qəbul edib”, - Derek bildirib.

 

Maraqlıdır, ABŞ-ın sülhlə bağlı təklifləri nədən ibarətdir? Azərbaycan hansı halda güzəştə gedə bilər?


Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, hazırkı danışıqlarda sərhəd məsələləri üzrə xəritə mövzusu ön plana keçib. 


"Ermənistan tərəfi 1975-ci ilin xəritəsini ön plana çəkir. Azərbaycan isə 1918-ci ildən başlayaraq bütün xəritələrin nəzərdən keçirilməsini tələb edir. Həmçinin ölkəmiz ilk demokratik respublikalar yarananda kimin nə qədər ərazisi var idi və sonradan SSRİ dönəmində həmin sərhədlər necə dəyişdi kimi məsələləri qabartmaq istəyir. Azərbaycan ərazi iddiası irəli sürməsə də, itirilmiş torpaqlar mövzusunu ictimai rəyə çevirmək istəyir. Eyni zamanda belə bir addım atmaq məsələni milliyətçilik azarına tutulmuş ermənilərin qulağına sırğa etmək deməkdir", - deyə politoloq bildirib.

 

 

Q.Hüseynli vurğulayıb ki, Ermənistan Qarabağ məsələsində beynəlxalq mexanizm kimi absurd fikirlərdən əl çəksə, Azərbaycan müəyyən kompromislərə gedə bilər:

 

Onu da söyləyim ki, Qarabağ məsələsində fikir ayrılıqları ola bilər. Hər şeydən əvvəl Qarabağ üzərində beynəlxalq mexanizmin olmasına Azərbaycan qəti şəkildə qarşı çıxır. Çünki biz bu məsələni daxili işimiz olaraq görürük. Müəyyən mövzularda kompromislərə getmək olar. Məsələn, Azərbaycan keçmiş xəritələrlə demarkasiya və delimitasiya aparılmasını istəməyə bilər. Təbii ki, buna qarşılıq olaraq ölkəmiz Ermənistandan Qarabağda olan separatçılara dəstək verməməsini tələb edəcək. Həmçinin, bu kompromisin olması üçün qarşı tərəf Qarabağda beynəlxalq mexanizm prinsipinin olması istəyindən də əl çəkməlidir".


Politoloq Tofiq Abbasov isə söyləyib ki, vasitəçi rolunu oynayan tərəflər öz təkliflərinin vacib olduğunu göstərmək istəyir. 


"Sülh müqaviləsi elə çətin prosesdir ki, tərəflərin ekspertləri, diplomatları, mütəxəssisləri onun üzərində işləyir. Vasitəçi rolunu oynayan dövlətlər isə münaqişənin həll olunması üçün öz təkliflərini verirlər. Burada bir məsələ var. Amerika moderator kimi qabaqcıl rol oynamaq fikrindədir. Ümumi olaraq sülh danışıqlarında Moskvanın, Brüsselin və Vaşinqton arasında xüsusi rəqabət var. Əslində biz faktiki olaraq bədnam Minsk qrupunun yenidən meydana gəlməsini görürük. Sülh müqaviləsinin imzalanmasında tərəflər çalışır ki, öz təkliflərinin həlledici rol oynadığını göstərsin", - o qeyd edib.

 

 

T.Abbasovun fikrincə, Azərbaycan və Ermənistan üçün vacib məqam prosesin ölü nöqtədən çıxmasıdır. Əsas məsələ belə mövzularda başqalarının çətiri altına girməməkdir:

 

"Azərbaycan öz tələblərini yerinə yetirilməsini və sülhün olmasını istəyir. Əsas tələblərdən biri odur ki, Ermənistan proseslərdə pozucu rolunu dayandırmalıdır. Ermənilər elə göstərmək istəyir ki, guya Azərbaycanın sülh müqaviləsini imzalamaqda hansısa qazancları var. Ancaq iddiaların heç bir əsası yoxdur. Ermənistan müharibə olmasının yeganə günahkdarıdır, həmçinin, bu savaş ən çox Azərbaycana ziyan vurub. Çünki döyüşlər Azərbaycanın torpaqlarında gedib. Artıq biz qalib dövlətik, Ermənistandan xahiş edəsi deyilik. Biz gələcəyin çağırışlarını nəzərə alaraq prosesi elə formalaşdırırıq ki, birdə onlar baş qaldırmasın".

 

"Ermənilər hələ də deyir ki, guya Azərbaycan onların torpaqlarını işğal edib. Halbuki, bunu söyləyənlər işğalçılıqla məşğuldur. Ümumiyyətlə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Ermənistan belə addımlar atmaqla beynəlxalq institutların diqqətini çəkmək istəyirlər ki, onlar da Qarabağda yaşayan ermənilərin təhlükəsiz şəraitdə yaşaması haqqında açıqlama versin. Biz isə buna icazə verməyəcəyik. Azərbaycan status məsələsini məhv edib. Ermənilər Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bunu etməyəcəklərsə, torpaqlarımızdan rədd olub gedəcəklər", - politoloq əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır