Modern.az

“Dövlətqaçqınkom” Qobu köçkün şəhəri barədə xəbərlərə aydınlıq gətirdi

“Dövlətqaçqınkom” Qobu köçkün şəhəri barədə xəbərlərə aydınlıq gətirdi

5 İyul 2013, 09:34

Abşeron rayonu, Qobu bələdiyyəsinin ərazisində ayrılmış 500 hektar torpaq sahəsində salınacaq Qobu məcburi köçkün yaşayış massivi ilə bağlı yeni xəbər yayılıb. Bildirilir ki, həmin ərazidə aparılan geoloji kəşfiyyat işləri zamanı kəşfiyyat quyuları qazılarkən torpağın altında neft yataqları aşkarlanıb. O da qeyd edilir ki, buna görə də “Dövlətqaçqınkom”həmin ərazidən imtina etməli olub.
Modern.az saytı yayılan xəbərlərə aydınlıq gətirilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

”Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində məcburi köçkünlər üçün salınacaq şəhərciyin tikintisinin layihələndirməsi davam etdirilir”-deyə Modern.az-a açıqlamasında “Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

“İndi orada güclü iş gedir. Həmin ərazinin neftli olması və ərazidən imtina olunması ilə bağlı yayılan məlumatlar isə yalandır”.   

“Dövlətqaçqınkom” bir müddət öncə də bəyan etmişdi ki, Qobu yaşayış massivinin ərazisində geoloji kəşfiyyat işləri aparılıb. Belə ki, burada 3 min 250 kəşfiyyat quyusu qazılıb və ərazinin yaşayış üçün yararlı olduğu dəqiqləşdirilib.

Qobu bələdiyyəsinin ərazisində ayrılmış 500 hektar torpaq sahəsində salınacaq Qobu məcburi köçkün yaşayış massivində ümumilikdə 204 yaşayış binası inşa ediləcək. Yaşayış massivində hər birində 9 min nəfər olmaqla 10 mikrorayonun salınması nəzərdə tutulub.

Yaşayış massivində 122 ədəd 9 mərtəbəli, 16 ədəd 16 mərtəbəli, 66 ədəd 12 mərtəbəli binalar inşa olunacaq. Burada hər biri 240 yerlik 10 uşaq bağçası, hər biri 1200 yerlik 10 orta məktəb idman zalı ilə bir yerdə, 500 nəfərlik mədəniyyət evi, 50 yerlik mehmanxana, hər biri 500 nəfər tutumu olan 2 kinoteatr, 1 teatr, bir səadət sarayı inşa olunacaq. Bundan başqa şəhərin idarəetmə sistemi üçün şəhər icra hakimiyyəti, polis idarəsi üçün də inzibati binalar olacaq. Massivdə yaşayan sakinlərin tibbi xidməti üçün ərazidə 2 kliniki xəstəxana, iki poliklinika və 1 diaqnostika mərkəzi də olacaq.
Yaşayış massivində iki çörək zavodu, 10 çörək sexi, 2 tikiş fabriki, 1 toxuculuq fabriki tikiləcək. Yaşayış massivinin ayrıca məhkəməsi də olacaq.
Yaşayış massivində ilkin olaraq 20 min 434 ailənin yerləşdirilməsi nəzərdə tutulub.


Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi