Modern.az

Tanınmış şair və yazıçılar Rüstəm İbrahimbəyovun namizədliyindən DANIŞDILAR

Tanınmış şair və yazıçılar Rüstəm İbrahimbəyovun namizədliyindən DANIŞDILAR

5 İyul 2013, 10:15

Müxalifət partiyalarının daxil olduğu Milli Şura müzakirələrdən sonra bu il keçiriləcək prezident seçkisində iştirak edəcək vahid namizədini irəli sürüb. Bu dramaturq, dünya çapında tanınan kino mütəxəssisi Rüstəm İbrahimbəyovdur. Hazırda ölkə xaricində yaşayan İbrahimbəyovun namizədliyi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Azərbaycan ədəbi elitasında çox yaxşı tanınan R.İbrahimbəyovun namizədliyi bir çoxları üçün gözlənilməz olub. 

Modern.az saytı
Azərbaycanın tanınmış şair və yazıçıları arasında R.İbrahimbəyovun namizədliyi ilə bağlı sorğu keçirib. Nəticələri oxuculara təqdim edirik.

Vahid Əziz (şair):
- O da bu dövlətin vətəndaşıdı. Böyük dramarturq, yazıçıdı dünyanın tanıdığı bir adamdı. O da düşünür ki, idarəçiliyə kömək etmək lazımdı. Mən burada qəribə bir şey görmürəm. Bir vətəndaş kimi bu onun hüququdur. Vətəndaşlıq pasportu məndə də var, səndə də var, o birisində də. Vətəndaşdı da... Onun da namizədliyini irəli sürmək hüququ var. Amerika iki dəfədən artıq namizədliyi vermək olmur. Orda dünya dağılmır ki?! Mən burda qəribə heç nə görmürəm. Rüstəm İbrahimbəyovun buna tam ixtiyarı var. Nəticə necə olacaq, buna artıq xalq qərar verəcək. Biz burda xorlanmamalıyıq. Bu cür məsələlərə alışmalıyıq. Onsuz da Azərbaycanın hər bir vətəndaşı siyasətin içindədi. Sənin də, mənim də, dilənçinin də, oliqarxın da hamısının həyatı siyasətdən asılıdır. Əgər ölkəni idarə edənlər daxili siyasəti düzgün yönəldirlərsə, insanların aqibəti də yaxşı olur. Əgər obyektiv seçkilər keçirilsə, xalq Rüstəmin, ya başqasının prezident seçilməsinə özü şərait yaradacaq. Bu məsələni çox böyüdüb başına ip keçirmək lazım deyil.

Musa Yaqub (şair):
- Amerikanın prezidentlərindən biri də əvvəl aktyor idi, sonra gəlib prezident oldu. Dünya təcrübəsində bu kimi hallar olub. O demək deyil ki, bir adam rejissor, aktyor, yaxud yazıçıdırsa, o prezident ola bilməz. Bu fakt bizim xalqımızın tarixində də olub. Xətai Azərbaycan dövlətini birləşdirən, onun vahid dilini qəbul edən şah olmaqla yanaşı, həmçinin də böyük şair olub. Bu məsələlərdə heç bir sərhəd qoymaq olmaz. İdarəetmə ilə yaradıcılıq xətti bir-birindən fərqlənsə də, bəzən bir-birini tamamlayır. Bu tamlıq baş verərsə, daha gözəl olar. İllah da ki, söhbət Rüstəm İbrahimbəyov kimi bir insandan gedirsə.

Həmid Herisçi (publisist):
- Azərbaycan bu gün özünü demokrarik olduğunu göstərməkdən ötrü belə  addımlara şərait yaratmalıdır. Rüstəm İbrahimbəyov siyasətə gəlmək istəyirsə, gəlsin də ... Yəqin o başqa sahələrdə məşğul olmaq istəmir. Demokratik cəmiyyətdə bunlar mümkündür, mən şəxsən siyasətlə məşğul olmaq istəməzdim. Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyov kimi insanların siyasətə gəlməyi Azərbaycan kimi ölkələrdə heç vaxt özünü doğrultmayıb. Mən onun haqqında yaxşı bir portret yazı yazmışam. O insanı çox yaxşı tanıyıram.

Rəşad Məcid (Yazıçılar Birliyinin katibi):
- Nə deyim mən? Bunu siyasətçilərdən soruşun. Bu Milli Şuranın öz işidi. Onu istəyiblər, onu da seçiblər.

Sorğunu əslində daha geniş şəkildə aparmaq fikrimiz var idi. Amma çox təəsüf ki, bəzi səbəblərdən bu, baş tutmadı.

Xalq yazıçısı Mövlud Süleymanlının fikrini öyrənmək istəsək də küçədəki səs- küyü əsas gətirib sualımızı cavabsız qoydu.

Yazıçı Əkrəm Əylisli isə “gəl ədəbiyyatdan danışaq, amma belə şeylərə münasibət bildirmirəm” deyərək sorğudan imtina etdi. 

Xalq şairi Vaqif Səmədoğluya zəng etdik, telefona həyat yoldaşı Nüşabə xanım cavab verərək Vaqif müəllimin Bakıda olmadığını söylədi.

Daha bir xalq şairi Nəriman Həsənzadə sualımıza daha sonra cavab verəcəyini desə də, sonradan edilən zəngimizi cavabsız qoydu.

Şair Rüstəm Behrudi ilə telefon əlaqəsinə cəhd etsək də, onunla danışa bilmədik. Ona Facebook sosial şəbəkəsində sorğu yolladıq, cavab ala bilmədik.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi