Modern.az

Diqqətlər Moskvada: Bu gün hansı sənədlər imzalanacaq? - DETALLAR

Diqqətlər Moskvada: Bu gün hansı sənədlər imzalanacaq? - DETALLAR

25 May 2023, 12:36

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olacaq. Kremlin məlumatına görə, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək, daha sonra üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, Rusiyanın nüfuzlu "Kommersant" qəzeti görüşlə bağlı diqqətçəkən məlumatlar dərc edilib.

 

Qəzetin mənbələri iddia edir ki, mayın 23-də Rusiya paytaxtında Azərbaycan, Ermənistan və Rusiya Federasiyası baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun görüşü baş tutub. Bildirilir ki, mayın 24-də davam edən görüş zamanı regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması prosesi müzakirə edilib.

 

Məlumatda vurğulanıb ki, Moskva bugünkü üçtərəfli görüşdə ən azı iki sənədin imzalanacağına ümid edir. Onlardan biri baş nazirlərinin müavinləri tərəfindən hazırlanıb və regionda nəqliyyat kommunikasiyalarının blokadan çıxarılması haqqındadır.

 

Digər sənəd İlham Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı olacaq. Belə ki, bəyanat üç ölkənin xarici işlər nazirlikləri tərəfindən hazırlanıb. Həmçinin qeyd olunub ki, mayın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan ilə görüşüb. Diplomatlar Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə ediblər.

 

Ermənistanın "Hraparak" qəzeti isə iddia edir ki, bu gün keçiriləcək üçtərəfli görüşdə ərazi bütövlüyünün tanınması ilə bağlı protokol imzalanacaq. "Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər, üstəlik, əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə olaraq, sənədin ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır", - nəşr bildirib.

 

Mətbuatda Moskva görüşü zamanı sülh sazişinin imzalanması ehtimalının az olduğu ehtimal edilir. Paşinyanın özü də bir neçə gün əvvəl keçirilən mətbuat konfransında Moskva görüşündə sülh sazişinin imzalanması ehtimalının olmadığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş" adlı sənəd gündəmdədir. Saziş əvvəlcə Vaşinqtonda, daha sonra Moskvada XİN başçılarının görüşündə əsas müzakirə mövzusu olub. Tərəflər sazişlə bağlı bir çox məsələləri həll etsə də, fikir ayrılıqlarının qaldığını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır