Modern.az

Taksi xaosundan necə xilas ola bilərik... - TƏKLİFLƏR

Taksi xaosundan necə xilas ola bilərik... - TƏKLİFLƏR

Ölkə

26 May 2023, 11:16

Bakı şəhərində taksi ən çox istifadə edilən nəqliyyat vasitələrindən biridir. Digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən daha rahat və əlçatan olması taksilərin əsas üstün cəhəti kimi qiymətləndirilir. Bununla belə, taksi fəaliyyəti ilə bağlı şikayətlər də az deyil. Demək olar ki, hər gün mətbuat səhifələrində taksi sürücülərin sərnişinlərə qarşı qeyri-etik davranışları, eləcə də digər xoşagəlməz hallar barədə informasiyalara rast gəlirik. Rəsmi məlumata istinadla deyə bilərik ki, təkcə ötən gün 69 taksi sürücüsü saxlanılıb.

 

Daxili İşlər Nazirliyi dünən məlumat yayıb ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar keçirib. Əməliyyat çərçivəsində ümumilikdə 69 nəfər saxlanılıb.

 

Problem təkcə bununla bitmir. Qeyri-peşəkar şəxslərin və narkotik aludəçilərinin taksi fəaliyyətinə cəlb olunması sərnişinləri ciddi şəkidlə narahat etsə də, indiyədək belə neqativ halların qarşısını almaq mümkün olmayıb. 

 

Bu kimi hadisələr fonunda taksi xidmətlərində dövlət nəzarətinin gücləndirilməsi mövzusu yenidən gündəmə gəlib. Taksi fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, kimlərin bu işlə məşğul ola bilməsinə dair yeni tələblərin hazırlanması və cərimələrin artılması təklif olunur. İctimai təhlükəsizlik prizmasından baxsaq, bu sahədə müşahidə olunan özbaşınalığın qarşısını almağın vacib olduğunu deyə bilərik.

 

Bəs, xaotik durumun qarşısını almaq üçün nə etməli, hansı addımları atmalıyıq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev bəzi taksi sürücülərinin şəhər nəqliyyatına uyğun davranış sərgiləmədəyini deyib:

 

“Bəzi taksi şirkətlərinin fəaliyyəti vətəndaşlarda haqlı olaraq ciddi narazılıq yaradır. Son dövrlər bir çox sürücülər şəhər nəqliyyatına uyğun şəkildə mədəniyyət sərgiləmirlər. Yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Sərnişinlərə qarşı qeyri-əxlaqi davranışlar nümayiş etdirənlər də var. Bir çoxunun yoxlamalardan sonra içkili olduğu, yaxud narkotik vasitələrdən istifadə etdiyi üzə çıxır. Şəhər nəqliyyatında kifayət qədər problem yaradırlar”.

 

 

Deputatın fikrincə, bu sahədə fəaliyyət göstərən iş adamları taksi sürücülərini işə qəbul etməmişdən əvvəl psixoloji testlər keçirməlidir:

 

“Bu məsələ yalnız ölkədaxili davranış qaydaları ilə məhdudlaşmır. Azərbaycan dünyaya açıq dövlətdir. Azərbaycana kifayət qədər turist axını olur. Turistlərin əksəriyyəti taksi xidmətindən istifadə edir. Onlara qarşı kobud rəftar olunması, nümayişkəranə davranış göstərilməsi və digər yol hərəkəti iştirakçılarına problem yaradılması, təbii ki, dövlətimiz və millətimiz barədə xoş olmayan imic yaradır. O baxımdan düşünürəm ki, psixoloji testlərin keçirilməsi vacibdir. Onların mədəni davranışlarına xüsusi diqqət yetirmək lazımdır. Estetik görünüş və etik davranış qaydalarına riayət olunmalıdır. Bütün bunlar xalqımızın, millətimizin müsbət imicinin formalaşmasına xidmət edir”.

 

Nəsib Məhəməliyev vurğulayıb ki, dövlətin məsələyə müdaxilə etməsi mümkündür:

 

“Lisenziya verməmişdən əvvəl bəzi sərt qaydaların qoyulması təbiidir və lazımdır. Hər bir dövlətin konkret qanunvericilik çərçivəsində kifayət qədər təsir imkanları var. İstənilən xidmətin lisenziyalaşdırılması dövlətin əlindədir. Özünü doğrultmayan, haqqında çoxsaylı şikayətlər olan, qanunları kobud şəkildə pozan şirkətlərə qarşı iqtisadi sanksiyalar tətbiq oluna bilər. Xarici ölkələrin praktikasına nəzər saldıqda burada ictimai nəzarətin vacib olduğunu deyə bilərik. Vətəndaş cəmiyyətlərinin fəaliyyəti göz önündə olmalıdır. Şəhər nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatları öz sözünü deyə bilər. Hər hansı ciddi qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlara məlumat verilməlidir. Dövrümüzdə kommunikasiya inkişaf edib. Hərənin əlində bir telefon var. Şəkil və video çəkib, bütün müvafiq qurumlar qarşısında tədbir görülməsi üçün məsələ qaldırıla bilər”.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov taksi probleminin nizamlaması istiqamətində dövlətin addımlarına ehtiyac olduğunu vurğulayıb:

“Yol hərəkəti qanunvericiliyi ilə bağlı müəyyən hüquqi problemlər var. İlk növbədə həmin hüquqi problemlər həll olunmalıdır. Bundan sonra dövlət nəzarəti qurulmalıdır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin bu istiqamətdəki tələblərə uyğun olub-olmamasına dövlət orqanı nəzarət etməlidir. Qanunvericilikdə heç nə tənzimlənmədiyinə görə, aqreqatorlara istənilən şəxs heç bir problem olmadan qoşula bilər. Bu məsələ tənzimlənməlidir".

 

 

Ekspert hesab edir ki, aqreqator şirkətlərin üzərinə konkret öhdəliklər qoyulmalı, müəyyən tələblərə cavab verən şəxslərin işə qəbuluna nail olunmalıdır.

 

"Buna əməl etməyənlərə qarşı müəyyən tədbirlər görülməlidir. Bundan sonra aqreqatorlar həqiqətən taksi fəaliyyəti ilə məşğul olmaq, halal zəhmətlə pul qazanmaq istəyənləri işə götürəcək”, - o deyib.

 

Onu da qeyd edək ki, taksi xidmətlərindən rahat və təhlükəsizlik istifadə etmək hər bir insanın hüququdur. Xüsusilə qadınlara qarşı əxlaqsız təkliflər edən sürücülər sərt cəzalandırılmalı və gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Təcrübə göstərir ki, qanunsuz hərəkətlərə yol verən şəxslərin cəzalandırılması gələcəkdə belə hadisələrin sayının azaldılmasına kömək etsə də, tam aradan qaldırılmasına səbəb olmur. Taksi şirkətləri, dövlət qurumları, ictimai təşkilatlar müvafiq kampaniyalar təşkil etməli, maarifləndirmə tədbirləri aparmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi