Modern.az

Övladımın yaşadığına inanmıram - Əsir anaları çarəsiz durumda...

Övladımın yaşadığına inanmıram - Əsir anaları çarəsiz durumda...

Ölkə

26 May 2023, 12:26

Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bu yaxınlarda keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

 

Ermənistanda saxlanılan əsirlərlə bağlı sonuncu xəbəri ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) onların ailələrinə çatdırıb. Belə ki, əsir hərbçilərin yazdıqları məktublar Bakıya göndərilib, lakin ailələrin telefon əlaqəsi saxlamaq tələbi yerinə yetirilməyib.

 

Modern.az-ın əməkdaşı Hüseyn və Aqşinin ailələri ilə əlaqə saxlayaraq, onların durumu ilə maraqlanıb.

 

 

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova övladı əsir götürüləndən bəri özünə gəlmədiyini deyir: “51 gündür nə övladımın səsini eşidirəm, nə də şəkilini görürəm. Artıq övladımın yaşadığına belə inanmıram”.

 

Dürdanə Bəbirova əsir oğlundan xəbər almaq üçün BQXK-ya müraciət edib:

 

“Biz bu yaxınlarda yenidən BQXK-ya müraciət etdik. Onlar məktubların göndərildiyini, amma hələ cavab gəlmədiyini bildirdilər. Bizə təxminən bir həftə, bir ay ərzində videoçəkiliş etmək istədiklərini dedilər. Amma bunun üçün iki tərəf də razı olmalıdır. Onlar övladımın sağ olduğunu desələr də, mən artıq heç kimin sözünə inanmıram. 51 gündür övladımın nə səsini eşitmişəm, nə şəklini, nə də videosunu görmüşəm. Orada da dedim ki,  mən artıq övladımın sağ olduğuna inanmıram. Amma onlar deyir ki, övladınız yaşayır.

 

Mənim üçün hər saniyə bir ildən ağır keçir. 51 gün övladı əsirlikdə olan ana necə olar? Bunu təsəvvür edirsinizmi? Ağır dərddir. Allah heç kimə elə dərdi yaşatmasın”.

 

 

Fotoda: Əsirlikdə saxlanılan Aqşin Bəbirov və Hüseyn Axundov

 

Dürdanə Bəbirova Aqşinin adından göndərilən məktubun oğlu tərəfindən yazılmasına şübhə ilə yanaşdığını söyləyib:

 

“Oğlumun yazdığı məktub gəlib çatmışdı. Amma məktub onun xətti ilə yazılmamışdı. Mən övladımın xəttini tanıyıram. Bunu BQXK-ya da bildirdim. Lakin onlar məktubun nəzarət altında yazıldığını dedilər. Ola bilər, özü harasa yaza bilər, amma nələrəsə düzəliş veriblər. Oğlumun orada sözləri var. Amma öz xətti deyil. Çünki mən övladımın hər sözünü, hər ifadəsini bilirəm. Ana qədər heç kim övladının danışıq, yazı tərzini bilə bilməz. Amma yenə də deyirlər ki, məktub bizim nəzarətimiz altında yazılıb, lakin köçürülə bilmə ehtimalı var. Mən bir aydan çoxdur ki, məktub yazmışam. Məktubun çatdırılıb-çatdırılmaması haqqında soruşduqda, heç bir xəbər olmadığını deyirlər”.

 

 

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova da övladının taleyindən nigaran qaldığını bildirib.

 

“Televiziya və internet vasitəsilə nə eşidirəmsə, odur, başqa heç bir məlumat yoxdur. 2-3 gün əvvəl özümüz BQXK-ya müraciət etdik. Bizə bildirdilər ki, qarşı tərəfdən heç bir məlumat yoxdur. Ermənistan hansı gün təyinata icazə versə, o gün gedib baxacaqlar. Belə çıxır ki, övladlarımız orada ölüb qalacaq. Hələ də məktubdan cavab yoxdur. Vəziyyətimiz çox pisdir. Nə halda olduğumuzu Allah bilir. Bizimlə maraqlanan yoxdur. Belə başa düşürəm ki, ermənilər bizim əsgərləri Azərbaycanda saxlanılan erməni cinayətkarları ilə dəyişdirmək istəyir. Deyəsən, Azərbaycan tərəfi buna razı deyil. Onda belə çıxır ki, bizim uşaqlarımız orada məhv olacaqlar”.

 

Aytac Əsədova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu