Misir öz tarixinin ən ağrılı və qaranlıq günlərini yaşayır. “Ərəb baharı” dalğasında ölkədə baş qaldıran xalq etirazları 40 illik Hüsnü Mübarək rejiminə son qoysa da nə yazıqlar ki, misirlilər bu qələbənin sevincini uzun müddətə yaşaya bilmədilər. Bir il əvvəl diktaturaya qarşı Təhrir meydanında bir yumruq kimi birləşən Misir xalqı az keçməmiş xarici qüvvələrin təhriki ilə iki cəbhəyə bölünüb bir-birlərinə qənim kəsildilər. Misir tarixində acı bir həqiqətdir ki, ilk dəfə demokratik yolla dövlət başçısı seçən misirlilər bir il keçməmiş bəh-bəhlə hakimiyyətə gətirdikləri Mursini heç də öz iradələriylə deyil, xarici güc mərkəzlərinin məkrli fitnələriylə hakimiyyətdən salıb həbsxanaya göndərdilər. Bununla da iş bitsəydi nə vardı ki. Əksinə, Mursinin ordu tərəfindən güclə devrilməsi heç də bundan sonra hadisələrin sakit bir məcraya yönələcəyindən soraq vermir, əvəzində proseslərin bundan sonra daha da qızışıb sonu görünməyən qanlı bir müstəviyə keçəcəyindən xəbər verir.
Yüz illərdir ki, Tanrının müsəlman xalqlarına bəxş etdiyi təbii sərvətlər, ilk növbədə də “qara qızıl”(neft) ağır bir lənətə çevrilərək bu xalqların həyatını cəhənnəmə döndərib. Son yüzilliklərdə Qərbin və Avropanın müstəmləkəyə çevirib onun sərvətlərini vəhşi bir ehtirasla sümürdüyü Qoca Şərq heç bir yolla özündə güc tapıb bu iştahı sönməyən vampirin qanlı caynağından qurtula bilmir. Əvəzində isə zaman-zaman müxtəlif hakimiyyət formalarını və dövlət quruluşlarını bu xalqlara sırıyıb onları öz təsir dairəsində saxlayan Qərbin oyun formaları dəyişsə də, bu xalqlara qarşı müstəmləkəçi siyasəti bir barmaq da olsun mahiyyətini dəyişməyib.
Özünü demokratiyanın beşiyi və insan haqlarının keşikçisi adlandıran Qərbdə son illər bir çox yaxın müttəfiqlərinin və siyasi çətirlərinin altında olan diktatura rejimlərinin daim onlara baş qaxıncı gətirməyindən bezən siyasət başbilənləri siyasi müstəvidə vəziyyəti dəyişmədən yeni oyun qaydalarını dövriyyəyə buraxdılar. Bu sırada “Ərəb baharı” adı verdikləri ssenari üzrə ərəb ölkələrində inqilab dalğası yaradaraq köhnə “dostlarıyla” vidalaşıb meydanı yeni simalara verdilər. Həm də o simalara ki “xeyir-dualarını” da əvvəlcədən özləri vermişdilər.
Bəzən Qərbin əvvəlcədən cızdığı plan ssenaridən kənara da çıxır və onun nəzərdə tutduğu qüvvə də siyasi səhnədə vaxtında yer ala bilmir. Belə olanda isə “usta rejissor” Suriyada olduğu kimi bir müddət vəziyyəti taleyin ümidinə buraxıb xalqı vətəndaş müharibəsi ilə sınağa çəkir. Bu sınaq isə o vaxta qədər davam edir ki rejisor öz istədiyinə nail olur.
Bu sırada Qərb və Avropa ərəb ölkələri içərisində əhalisinin sayına və hərbi gücünə görə xüsusi çəkiyə malik olan Misirdə də ilk vaxtlar öz planlarını həyata keçirə bilməyəndə bu ölkədə də öz qanlı stradegiyasını işə saldı. Ötən il prezident seçkilərindən sonra Qərbin Misirdə planlarının iflasa uğraması və bu ölkənin onun birbaşa təsir dairəsindən çıxması Ağ Evin və İsrailin starteji marağı üçün ciddi təhlükə sayıldığından İslam təmayüllü bir prezidentin hakimiyyətdə qalması da bilavasitə bu qüvvələrin marağı ilə üst-üstə düşmürdü. Düzdür, prezident Mursi Qərbin uzun illər İslama qarşı təbliğat vasitəsinə çevirdiyi “davakar bir islamçı”dan daha çox, “mötədil və mədəni” bir insan olsa da, məlum qüvvə heç cür bu reallığı həzm edə bilmədi. Təsadüfi deyil ki, Qərb, xüsusilə də Vaşinqton zaman-zaman sözdə hərbi çevrilişlərə qarşı çıxsa da, bu dəfə xalqın qanuni yolla seçdiyi bir prezidentə ən yüksək səviyyədə-ABŞ prezidenti Barak Obamanın dili ilə “get!” deməkdən belə özünü saxlaya bilmədi. Bu çağırış isə gələcək hərbi çevrilişə birbaşa siyasi və mənəvi dəstək demək idi.
Yeri gəlmişkən, bu proseslərdə Qərbin Türkiyə amilinə olan qısqanclığını da unutmaq olmaz. Belə ki son illər Türkiyənin regionda və İslam dünyasında artan nüfuzu, bu ölkələrin birləşməsi yolunda atdığı addımlar, bu müstəvidə aparıcı qüvvəyə çevrilməsi də bu birliyə qarşı olan qüvvələrin yuxusunu ərşə çəkirdi. Məhz bu bağları qırmaq üçün dəridən-qabıqdan çıxan qüvvələr də ilk növbədə bu birlikdə əsas söz sahibi olan Türkiyə və Misiri hədəfə aldılar. Şükürlər olsun ki, onların bu bəd niyyəti Türkiyədə iflasa uğrasa da, təəssüf ki, Misirdə işlərinə yaradı.
Təbii ki, Mursinin də səhvləri az deyildi. Elə hakimiyyəti itirməzdən bir neçə gün əvvəl xalqa etdiyi müraciətində də o, bu səhvlərini səmimi şəkildə etiraf etdi. Lakin nəzərə alsaq ki, onun prezidentliyi heç bir il də sürmədi, həm də xarici və daxili əleyhdarları ona qarşı vahid cəbhədə birləşib atdığı addımları da sabotaj edirdilər, onda onun vəziyyətini başa düşmək olardı. Məncə Mursinin ən böyük səhvi onun Avropanın xaç atası sayılan İngiltərənin paytaxtı Londonda hərbi təhsil almış birisini ordunun başına gətirməsində oldu.
Bu gün Misirin acı reallığı belədir ki, bir çox analitiklərin “sabitlik qarantı” saydıqları ordu da artıq ölkəni qurtarmaq gücündə deyil. Heç Qərbin şinelindən çıxmış Əl Bəradayi projesi də bu xalqın dərdinə dərman olası deyil. Çünki cin şüşədən çıxıb və kimlərinsə istəyib-istəməmələrindən asılı olmayaraq Misiri sonu görünməyən vətəndaş müharibəsi girdabına atıblar. Artıq Misirin yaraları qan verir və bu qanın yaxın vaxtlarda duracağı da inandırıcı görünmür. Allah bu ölkəni sabahkı bəlalardan qorusun.