İnqilab Qərbin sevimlisi Səudiyyəyə yaxınlaşırdı, vəhabi krallarının devrilməsinə yol vermək olmazdı
Ərəb baharı başlananda çoxları bu inqilabların “Qərbin proyekti” olduğunu düşünürdü. Buna haqq verəcək əlamətlər də vardı. ABŞ, İsrail, Avropa dövlətəri, Qərbin nəhəng informasiya şəbəkələri inqilaba açıq rəğbət göstərirdi. Sonradan məlum oldu ki, Qərbin başqa yolu yox idi. Ərəb baharı diktatorlara qarşı başlanmış xalq inqilabları idi. Bu inqilabların hədəfi olan diktatorların bəziləri isə Amerikanın müttəfiqləri idi. Məsələn, Tunisdə inqilabın nəticəsi Qərb üçün o qədər də vacib deyildi. Amma Müəmmar Qəddafinin devrilməsi Amerikaya lazım idi. Qəddafi Yaxın Şərqdə ABŞ-ın sevmədiyi diktator idi. Onun ölümü də bilərəkdən o cür qəddar şəkildə həyata keçirildi və bütün dünyaya nümayiş etdirildi. Amma Misirdə vəziyyət fərqli idi. ABŞ Hüsnü Mübarəkin xalq inqilabı ilə devrilməsinə mane ola bilmədi, amma onun yerinə öz adamının gəlməsinə çalışdı. MAQATE rəhbəri Əl Baradeyin prezidentliyə namizəd göstərilməsi bu istəyin nəticəsi idi. Amma Misir xalqı “Müsəlman qardaşlar” təşkilatına səs verdi. Bir il Qərbin nəzarətində olan hərbçilər bu təşkilatın hakimiyyətə gəlməsinə mane oldular. Ancaq islamçılar seçki yolu ilə hakimiyyətə gəlməyi bacardılar. Məhəmməd Mursi qanuni və demokratik yola prezident seçildi. ABŞ sözdə seçkini dəstəkləsə də, Mursini tanısa da, əməldə bunu etmədi. Misirin demokratik yolla seçilmiş prezidenti 1 ildən sonra avtoritar təfəkkürlü hərbçilər tərəfindən qiyamla devrildi.
Misirdə baş verən qiyam ABŞ və Qərb dövlətlərinin demokratiyaya necə xəyanət etdiklərini bir daha sübut etdi. Bir daha aydın oldu ki, Amerikaya demokratiya yalnız onun marağına xidmət edəndə lazımdır.
Bir sıra ekspertlər hesab edir ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı başlanmış xalq hərəkatının yönünün dəyişdirilməsi, xalq üsyanının qiyama çevrilməsi, vəhabilərin prosesə cəlb edilib müqəddəs amalların çirkləndirilməsi də Qərbin planıdır. Ərəb baharı bir sıra arzuolunmaz diktatorların devrilməsi baxımından ABŞ üçün lazımlı idi. Amma proses artıq Amerikanın maraqlarına zidd şəkildə inkişaf etməyə başlamışdı. Bölgədə Türkiyənin təsiri artır, ABŞ və İsrailin nüfuzu azalırdı. Ən əsası, Qərbə tabe olmayan xalq hökumətləri formalaşırdı. İnqilab yavaş-yavaş ABŞ-ın sevimlisi Səiudiyyəyə yaxınlaşırdı. İslam dünyasını parçalamış vəhabi krallarının devrilməsinə yol vermək olmazdı.
Amerika və digər Qərb dövlətləri başlanmasında müəyyən qədər rol oynadıqları ərəb inqilablarının dayanmasına nail ola biləcəklərmi? Dünyada müşahidə olunan islam passionarlığının yüksələn xəttlə inkişafı onu deməyə əsas verir ki, ABŞ, İsrail ərəb xalqlarının oyanışı prosesinin qarşısını ala bilməyəcək. Əksinə, ABŞ və digər Qərb dövlətlərinin ikiüzlü, riyakar siyasəti bumeranq effekti verəcək. ABŞ-ın İraqda törətdiyi cinayətlər və həyata keçirdiyi insanlıq dışı qisasçılıq siyasəti onsuzda Rusiyanın əlində “kozır”a çevrilmişdi. Bundan sonra SSRİ-nin yoxluğunda ABŞ-ın dünya ağalığına mane olan Şəqr üçlüyü-Rusiya-Çin və İranın mövqeləri daha da möhkəmlənəcək. Bu dövlərləri apardığı “Amerikaya demokratiya yox, neft, qaz və digər təbii sərvətlər lazımdır” təbliğat daha inandırıcı görünəcək.
Bu arada maraqlı bir proses müşahidə olunmaqdadır. Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazda ABŞ-la rəqabətdə olan Rusiya Amerikanı “öz silahı ilə” vurmaqdadır. Ukrayna və Gürcüstanda Qərbdə arzuolunmayan, Moskvanın isə maraqlarına cavab verən siyasi qüvvələrin demokratik seçki yolu ilə hakimiyyətə gəlməsi ABŞ-ı çətin vəziyyətə salıb. İvanişvilinin demokratik yolla baş nazir seçilməsini narahatlıqla qarşılayan Qərb qanuni prezident Mursinin devrilməsinə cinayətkar susqunluq nümayiş etdirdi. Bu hadisə bir daha ABŞ və əksər Qərb dövlətləri üçün demokratiyaya münasibətin qeyri-səmimi olduğunu göstərdi.