Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxt rayonlarının icra başçılarının iştirakı ilə toplantı keçirib. Modern.az saytının xəbərinə görə, ötən həftə meriyada keçirilən qəfil toplantıda Bakı şəhəri ərazisindəki sənədsiz evlərin məsələsi müzakirə olunub.
Meriyadan saytımıza verilən məlumata görə, toplantı mübahisəsiz ötüşməyib. Belə ki, icra başçılarından bəziləri sənədsiz evləri qanunsuz tikililər adlandıraraq, onların sökülməsini təklif edib, digərləri bunun əleyhinə çıxaraq seçkiqabağı dövrdə belə bir addım atmağı yolverilməz sayıb. Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sənədsiz evlərin sənədləşdirilməsini təklifi isə toplantıda iştirak edən digər icra başçıları tərəfindən birmənalı qarşılanmayıb.
Ümumiyyətlə iclasda sözügedən tikililərilə bağlı yekdil rəyə gəlinmədiyi bildirilir. Məlumata görə, meriyada bu məsələyə baxan müvafiq komissiya sənədsiz evlərin siyahısını tutsa da, onu hələ Nazirlər Kabinetinə verməyi məqsədəuyğun saymayıblar. Siyahıda Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz evin olduğu bildirilir.
Xatırladaq ki, dövlət başçısının Bakı Şəhər İcra Hakimiyyətinə icazəsiz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verməsindən iki il keçsə də, problem hələ də öz həllini tapmayıb. Doğrudur, prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilmiş evlərlə bağlı araşdırma aparılıb, ilkin və siyahıya salınma işləri görülüb. Amma hazırda sözügedən məsələ ölü nöqtədədir.
Hələ 2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi.
Nəhayət ötən ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməliydi...
A.Qorxmaz