Modern.az

Nazirdən Qarabağ ermənilərinə yardım TƏKLİFİ

Nazirdən Qarabağ ermənilərinə yardım TƏKLİFİ

24 İyun 2023, 16:48

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşüb.

 

XİN-in Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

 

Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə münasibət bildirən Ceyhun Bayramov deyib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Aprelin 23-dən etibarən yüzlərlə erməni sakinin keçidi təmin olunub.

 

Nazir diqqətə çatdırıb ki, erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşması Ermənistanın xoşuna gəlməyib və iyunun 15-də qarşı tərəf keçid məntəqəsini atəşə tutub. Nəticədə bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneə törədib.

 

Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə mane olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə belə təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.

 

Qeyd edilən zəruri tədbirlər görülməklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib. Mövcud vəziyyətlə əlaqədar erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.

 

Görüş zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular