Modern.az

Azərbaycanda həbs olunan hərbi komissarın dələduzluq əməlləri üzə çıxıb

Azərbaycanda həbs olunan hərbi komissarın dələduzluq əməlləri üzə çıxıb

24 İyul 2013, 11:01


Xəbər verildiyi kimi, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılov bir neçə gün öncə həbs edilib. O, dələduzluqda ittiham olunub.

Modern.az saytına A.İsmayılovun dələduzluq əməlləri ilə bağlı məlumatlar daxil olub. Adının açıqlanmasını istəməyən mənbədən daxil olan məlumata görə,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəis əvəzi, dələduzluq ittihamı ilə həbs olunmuş Anar İsmayılovun barəsində yeni faktlar üzə çıxıb.

Bildirilir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə iyunun 6-da barəsində həbs qəti-imkan tədbiri seçilmiş A. İsmayılov vətəndaşlara külli miqdarda «pul atıb».
Məlumata görə, əslində A.İsmayılov may ayının 13-də saxlanılıb. Buna səbəb onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsini icra etdiyi dövrdə vətəndaşları aldadıb, çox sayda vətəndaşdan 1 milyon manatadək pul alması olub.

Həbs ayrı-ayrı vətəndaşların şikayəti əsasında olub. Məlumata görə, keçirilən əməliyyat zamanı A.İsmayılovun vətəndaşlarla müxtəlif adamların adına alınmış telefon nömrələri ilə əlaqə saxlayıb, onlarla «bazarlıq» elədiyi üzə çıxıb. Bu telefon nömrələrindən bəziləri onun qohumlarının adına olub. Bununla bağlı istintaqa həmin şəxslər də cəlb olunublar. Məlum olub ki, A.İsmayılov vətəndaşlardan işə düzəltmək, çağırışçıları yaxşı hərbi hissələrə salmaq adı altında külli miqdarda pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib. Ümumilikdə onun vətəndaşlardan aldadıb aldığı pulun məbləğinin 1 milyon manatdan çox olduğu bildirilir.

Modern.az-a verilən məlumata görə, vətəndaşların verdikləri pulu tələb etməsi ilə əlaqədar A.İsmayılovun adına olan bahalı xarici avtomobillər hərraca çıxarılıb. Bundan əvvəl Qax rayonunun hərbi komissarlığında çalışan A.İsmayılovun orada yaşadığı eyni hadisə ilə əlaqədar yerinin dəyişdirildiyi məlumdur.
Məlumata görə, Füzuli rayonundan olan A.İsmayılovun atası Süleyman İsmayılov iş adamıdır. Onun Füzuli və Beyləqan rayonlarında böyük biznesi – mal-qara fermaları, dəyirmanları, taxıl bazasının mövcud olduğu vurğulanır.

Modern.az mövzunu davam etdirməyə çalışacaq...

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi