Modern.az

Rusiyanın Uzaq Şərqinə gedən yolda Heydər Əliyev izi

Rusiyanın Uzaq Şərqinə gedən yolda Heydər Əliyev izi

11 İyul 2023, 12:12

Baykar-Amur Magistralı (BAM) Şərqi Sibir və Uzaq Şərqdə yerləşən dəmiryolu xəttidir. Bu xətt Transsibir magistralı ilə birlikdə Rusiyanın Sakit okeana çıxışını təmin edir.  SSRİ zamanında tikintisi həyata keçirilən BAM həmin vaxt “Əsrin tikintisi” adlandırılıb. Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə BAM-ın tikintisinə rəhbərlik edib, bu nəhəng layihənin gerçəkləşdirilməsində mühüm rol oynayıb. BAM-ın tikintisində Azərbaycandan da xeyli insan iştirak edib.

 

Baykar-Amur Magistralının önəmi

 

Sibir və hazırkı Rusiyanın (keçmiş SSRİ-nin) Uzaq Şərqi genişliyi və potensialına görə həmişə maraqlı bölgələr olub. Region təbii ehtiyatlar, biomüxtəliflik və mədəni irslə zəngindir, çoxlu sayda faydalı qazıntı, ağac və neft ehtiyatlarına mövcuddur. Lakin region olduqca ucqar bölgədə yerləşdiyi üçün resursların istifadə edilməsində ciddi çətinlik yaşanırdı. Sibir və Uzaq Şərqin potensialını açmaq və ondan istifadə etmək üçün səmərəli nəqliyyat infrastrukturuna ehtiyac var idi. Monumental infrastruktur layihəsi hesab edilən Baykal-Amur Magistralı bu ucqar əraziləri birləşdirmək üçün nəzərdə tutulmuşdu.

 

BAM iqtisadi artım vəd edən transformativ həll yolu və əhəmiyyətli nəqliyyat arteriyası hesab edilirdi. Uzunluğu 4324 kilometr olan BAM dünyanın ən böyük dəmir yolu xətlərindən biridir. Yolun əhəmiyyətli hissəsi "əbədi buzluq" zonasında salınıb. BAM 11 axar çaydan və 7 böyük dağ silsiləsindən keçir.

 

Baykal-Amur Magistralının ideyası Sakit Okean Dəmiryolu layihəsi adı altında hələ 19-cu əsrin sonlarında müzakirə edilirdi. Ancaq ərazinin topoqrafik kəşfiyyatına 1926-cı ildə başlanıldı. 1932-ci ildə isə islah əmək düşərgələrində saxlanılan məhbuslar BAM-ın tikintisinə cəlb edildi. Dəmir yolunun bir hissəsi tikilsə də, İkinci Dünya Müharibəsi prosesin davam etməsinə mane oldu. 1942-ci ilin yanvarında Dövlət Müdafiə Komitəsinin qərarı ilə BAM-ın artıq hazır olan bəzi hissələrində quraşdırılan dəmir yolları söküldü və müdafiə ehtiyacları üçün istifadə edildi.

 

1958-ci ildə BAM-ın bir hissəsi istifadəyə verildi (Tayşet - Bratsk - Ust-Kut hissəsi), sonradan tikinti müəyyən müddətə dayandırıldı. Ümumilikdə layihə texniki çətinliklər, maliyyə məhdudiyyətləri və regionun genişliyi səbəbindən çoxsaylı uğursuzluqlarla üzləşmişdi. Bununla belə, BAM-ın əhəmiyyəti heç vaxt dəyişmədi, çünki magistral təcrid olunmuş regionları birləşdirməyi, resursların çıxarılmasını asanlaşdırmağı və regionda iqtisadi artımı stimullaşdırmağı vəd edirdi.

 

 

Nəhəng layihədə Heydər Əliyev izi

 

1974-cü ildə SSRİ rəhbərliyi “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul edir. Bu dövrdə tikintiyə xüsusilə gənclər (komsomol) cəlb olunurdu. Magistralın böyük potensialını dərk edən Heydər Əliyev BAM-ın tikintisinin sürətləndirilməsində mühüm rol oynayıb. Azərbaycan SSR-nin rəhbəri kimi Heydər Əliyev 1975-ci ildə magistralın tikintisinə cəlb edilən həmvətənlərimizlə yaxından maraqlanırdı. BAM-ın tikintisində iştirak edən azərbaycanlılar Vətənə qayıdandan sonra mənzillə təmin edil və digər sosial problemləri həll olunurdu.

 

Magistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilib və onun ətrafında Ulkan qəsəbəsi salınıb. Qəsəbənin salınması birbaşa Heydər Əliyevin nəzarəti altında həyata keçirilib. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılıb. Məlumat üçün bildirək ki, Buryat Respublikasında böyük dəmir yolu qovşağında yerləşən Anqoya qəsəbəsi də azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanın hüdudlarından kənarda ölkəmizdən gedən könüllülər tərəfindən şəhərləri yerli əhali bəzən “Azərbaycan şəhərləri” adlandırır.

 

Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi dövrlərdə magistralın tikintisi üzrə yüksək səviyyəli komissiyaya sədrlik edib. BAM-ın tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev dəfələrlə regiona səfər edib, fəhlə və mütəxəssislərlə görüşüb, əraziyə baxış keçirib. Həmin dövrdə Siyasi Büronun iclaslarında Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisi ilə əlaqədar məruzəsi dinlənilib.

 

9 dekabr 1983-cü ildə Heydər Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyanın iclasında müvafiq idarələrin qarşısında magistralın tikintisinin 1984-cü ildə başa çatdırılması vəzifəsi qoyulub. İclasda BAM-ın tikintisində buraxılan səhvlərə və çatışmazlıqlara xüsusi diqqət yetirilib və onun səbəbləri ətraflı araşdırılıb. Xüsusən bu sahədə ayrı-ayrı sahələrə cavab verən müxtəlif idarə və təşkilatların, o cümlədən nazirlik və komitələrin fəaliyyətinin koordinasiyasında olan boşluqların aradan qaldırılmasına diqqət yetirilib. Həmin strukturlara özlərinə aid olan sahələrdə işlərini yekunlaşdıraraq magistralın istismara verilməsini təmin etmələri tapşırılıb.

 

Xüsusilə vurğulamaq lazımdır ki, BAM-ın tikintisi Sovet dövləti üçün böyük strateji əhəmiyyət daşıyırdı. O, həmçinin SSRİ-nin regionda hərbi-strateji maraqlarının möhkəmləndirilməsi işinə xidmət edirdi. Belə ki, BAM-ın tikintisiylə Çin ilə ehtimal olunan hərbi münaqişə ssenarisində sərhəddə yerləşən Trans-Sibir Dəmiryolunun şərq hissəsinin ələ keçirilməsi şəraitində ölkənin Uzaq Şərq bölgələri ilə etibarlı əlaqəsini təmin etmək məqsədi güdülürdü.

 

Lakin SSRİ-də əhalinin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsində yaranmış problemlər fonunda belə bir nəhəng layihəyə milyardlarla vəsaitin ayrılması cəmiyyətdə o qədər də xoş qarşılanmırdı. Narazılar yalnız sadə insanlar arasında deyil, hakimiyyət daxilində də var idi…

 

 

SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov sonralar yazırdı ki, BAM-ın tikintisinə mane olanlar, hətta əleyhdarlar da olub: "Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi".

 

Uzaqgörənliyi və strateji düşüncəsi ilə Heydər Əliyev BAM-ın regionu inkişaf etdirmək üçün böyük potensiala sahib olduğunu yaxşı başa düşürdü. O, BAM-ın 25 illiyinin keçirilməsi üzrə təşkilat komitəsinə müraciətində yolun əhəmiyyətini vurğulayıb: "Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır".

 

Çətin geoloji-iqlim şəraitində keçən dəmir yolunun mərkəzi hissəsinin tikintisi 12 ildən çox davam edib. BAM-ın bütün xətt üzrə işə düşməsinə başlıca maneə Severomuysk tunelində yaranmış çətinlik idi. Ulu Öndər Heydər Əliyevin məsələni yerində araşdırması və düzgün qərar verməsi ilə tunelin dolama yolunun tikintisinə qərar verildi və bununla da başlıca problemin həllinə imkan yarandı. Severomuysk tunelinin tikintisinin başa çatdırılması həmin vaxtdan 20 il sonra - 2003-cü ildə mümkün olub. Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarov 2021-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı deyirdi ki, xarici mütəxəssislər Severomuyski tunelini tikməkdən imtina edirdi: "1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir".

 

 

Rusiya Prezidentinin köməkçisi İqor Levitin isə bu ilin aprel ayında çıxışı zamanı bildirib ki, Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub və Heydər Əliyevin inadkarlığı və qətiyyəti sayəsində magistralın tikintisinə başlanılıb.

 

Mixail Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsindən sonra BAM-ın tikintisi ciddi maneələrlə üzləşib. 80-ci illərin ortalarından başlayan böhran SSRİ iqtisadiyyatının digər sahələri kimi BAM-ın da tikintisinə ağır zərbə vurub. BAM-ın tikintisinin dəyəri milyardlarla dollar təşkil edib və bu, SSRİ tarixində ən bahalı infrastruktur layihəsi olub.

 

Bütün bunlara baxmayaraq, magistral hazırda fəaliyyət göstərir və Rusiya ucqar bölgələrinə bu yol vasitəsilə çata bilir. Bugünkü Rusiya iqtisadiyyatında BAM-ın verdiyi töhfə kifayət qədər böyükdür. İqor Levitin Heydər Əliyevin qətiyyəti sayəsində tikilən yolla bağlı dediyi kimi, magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiya Şərqə yük daşıya bilir.

 

Magistral tikilən zamanlarda Heydər Əliyevin layihə ilə bağlı xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. 2008-ci ildə 40 il əvvəl azərbaycanlı inşaatçılar tərəfindən Baykal-Amur magistralındakı Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasında yerləşən vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Stansiyaya Heydər Əliyevin adının verilməsi mərasimində “Rusiya Dəmir Yolu” ASC-nin prezidenti Vladimir Yakunin Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinin region üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Heydər Əliyevin BAM-ın tikintisinə misilsiz töhfələr verdiyini vurğulayıb.

 

 

QEYD: Yazı "Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım