Modern.az

Dəmir yolunun dirçəliş dövrü - Heydər Əliyev modeli 

Dəmir yolunun dirçəliş dövrü - Heydər Əliyev modeli 

14 İyul 2023, 08:41

Üç əsrlik Azərbaycan Dəmir Yolları tarixinin 34 illik milli inkişaf yolu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər Azərbaycana rəhbərlik etdiyi 1969-1993-cü illərdə bu sahədə misilsiz işlər gerçəkləşdirilib. Dövlət dəmir yollarının çağımızın tələblərinə uyğun inkişafına nail olunub.

 

Birmənalı olaraq qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırıb. 

 

Eyni zamanda, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara buraxıldı. 

 

Dahi öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq olundu. Mütəxəssislər bildirirlər ki, bunlar dəmir yolunun bütün sahələrini əhatə edib.

 

O, istər bilavasitə Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyi fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunub. Bir çox istiqamətlərdə modernləşmə layihələri gerçəkləşdirilib. 

 

 

Bundan başqa, bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar. Sovet İttifaqının müxtəlif ali universitetlərində təhsil alaraq peşəkar ixtisaslı kadr kimi ölkəmizdə dəmir yolu infrastrukturunun inkişafına böyük töhfələr veriblər.

 

Milli Məclisin deputatı Azər Badamov deyir ki, Azərbaycanda dəmir yolu tikintisinin böyük tarixi var: "Bu sahə  ölkəmizdə neft sənayesinin inkişafı nəticəsində zərurətə çevrilmişdir. İstehsal olunan neft məhsullarının daşınması üçün tikilmiş ilk dəmir yolu 1878-ci ildə istismara verilmiş və uzunluğu  20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu olmuşdur. Sonradan dəmir yollarımız Tiblisi və Dərbəndə qədər uzadılmışdır. 80-ci illərdə Azərbaycan dəmir yollarının daşınmalarda payı  ən yüksək zirvəsinə çatmışdır. Təbii ki, bu nəticəyə 1969-cu ildə Azərbaycana rəhbər təyin olunmuş Heydər Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqəti sayəsində nail olunmuşdur. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Şirvan, Yevlax, Balakən, Şəki, Güzdək-Qarabağ dəmir yolu xətləri və stansiyaları tikilərək istismara verilmişdir. O cümlədən 1975-ci ildə istifadəyə verilmiş Keşlə vaqon deposu cari təmir işləri aparılan  Zaqafqaziyada yeganə ixtisaslaşmış müəssisə idi. Sonra da Şirvan deposunun yaradılması ilə xətlərdə istismar olunan elektrovoz və vaqonların cari təmiri aparılaraq yenidən xəttə buraxılmaqla  qatarların fasiləsiz hərəkətinə imkan yaradılmışdı".

 

Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.

 

Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz.

 

Azər Badamov vurğulayıb ki, 90-cı illərin əvvəlində iqtisadiyyatın bütün sahələrində olduğu kimi dəmir yolu sektoru da özünün böhranlı dövrünü yaşamalı olur:

 

"Belə ki, sovetlər dövründə bağlanmış müqavilələr qüvvədən düşdüyündən və yeni müqavilələrin bağlanması üçün o zamankı hakimiyyətin səriştəsi olmadığından dəmir yolları sahəsinin fəaliiyəti demək olar ki, dayanmışdı. Hətta dəmir yolu xətlərini dağıdaraq relslər metallom kimi satılırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dəmir yolları sektoruna da yenidən nəfəs verildi. Məhz Ulu Öndərin tapşırığı ilə dəmir yolları sahəsində müstəqil  fəaliyyət göstərən  istehsalat birlikləri, müəssisələr və təşkilatlar yenidən formalaşdırıldı. Qonşu ölkələrlə əlaqələr yenidən bərpa edildi. Ölkədaxili və ölkəxarici daşınmalar yenidən quruldu və dəmir yolları ölkə iqtisadiyyatının aktiv sahəsinə çevrildi. 

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi və diqqəti sayəsində yenidən  fəaliyyətə başlamış Azərbaycan dəmir yollarının inkişaf etdirlməsi  Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirlir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyəti yaradıldı. Dəmir yollarımız əsaslı təmir olunaraq sürətli qatarların hərəkəti üçün infrastruktur formalaşdırıldı. Beləki, Qəbələyə dəmir yolu inşa olunaraq istismara verilmiş, Gəncə və Sumqayıt istiqamətində ilk dəfə olaraq sürətli qatarlar hərəkət etməyə başlamışdır. Vətəndaşlar sürətli qatarlarla hərəkət edir və yaradılmış şəraitdən məmnunluqlarını bildirirlər. 2019-cu ildə Bakı-Tiblisi-Qars dəmir yolu istismara verilməklə Çindən çıxan yüklərin dəmir yolu vasitəsilə Avropa ölkələrinə qədər daşınmaqla Azərbaycan tranzit habına çevrilmişdir", - deputat deyir.

 

 

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilir. Həmin mərasimdə Ümummilli lider Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirir.

 

Ulu öndər Heydər Əliyev 6 dekabr 1998-ci ildə dəmiryolçular tərəfindən hazırlanmış, çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasına gəlir. O, dəmiryolçular qarşısında çıxış edərkən deyir: "Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi".

 

Deməli, Ulu Öndər dəmiryolçu peşəsinin nə qədər çətin və məsuliyyətli olduğunu hələ uşaq yaşlarından anlayıb. Çünki o, atası, dəmiryolçu Əlirza kişinin də necə bir zəhmətlə ailə böyütdüyünü erkən yaşlarından görür və dərk edirdi. Elə ona görə də, dövlətimizin dəmir yollarına və dəmiryolçulara xüsusi diqqət, qayğı və məhəbbətlə yanaşırdı.

 

1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başlayır. Buna baxmayaraq, əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab olunur. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına, yəni Gürcüstanın dövlət sərhədlərinə qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi  kimi xarakterizə edilir. Əslində, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması ilə başlanmışdı.

 

1998-ci ildən dövlət dəmir yolunda yeni inkişaf erasının təməli qoyuldu. Həmin ilin sentyabrın 7-9-da Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində gerçəkləşdi. Həmin mötəbər tədbirdə 13 dövlətin, eyni zamanda 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdi. İki gün davam edən konfransda Bakı bəyannaməsi qəbul olundu. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin beş texniki Əsasnamə, o cümlədən, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də var idi.

 

1999-cu ildə isə Şirvan stansiyasında 645 yerlik yeni məktəb binası tikilib istifadəyə verilir. Dəmiryolçu ailələrinin sosial problemi mərhələli şəkildə öz həllini tapır. Həmin il Bakı dəmir yolu xəstəxanasının cərrahiyyə və terapiya şöbələri əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunur. Culfa stansiyasındakı xəstəxana üçün 60 milyon manat, Naxçıvan stansiyasındakı xəstəxana üçün 10 milyon manat vəsait ayrılır. Mövcud çəçtinliklərə baxmayaraq, Ağstafa stansiyasında 30 çarpayılıq xəstəxananın inşası da 1999-cu ildə başa çatdırılır.

 

Eyni zamanda Gəncə, Ağstafa və İmişli dəmir yolu qovşaqlarındakı xəstəxanalara ikinci ehtiyat elektrik xətləri çəkilir. 3 noyabr 2000-ci ildə isə Bakı dəmir yolu xəstəxanasının baş korpusu əsaslı təmirdən sonra istifadəyə verilir.

 

2001-ci ilin fevral ayında Ucar rayonunun Quləbənd kəndi ərazisində yeni dəmir yolu keçidi tikilir. Bir neçə gün sonra istifadəyə verilir.

 

1996-cı ildən etibarən elektrik təchizatı sahəsində bir sıra uğurlu islahatlar aparılır. Mütəxəssislər bildirirlər ki, ötən dövr ərzində Puta stansiyasında kontakt şəbəkəsi tamamilə yenidən qurulur. Transformatorlar quraşdırmaq hesabına 123 işarəvermə nöqtəsi, Znoynı (indiki Xıdırlı) stansiyasında yarımstansiya bərpa edilir. Horadiz stansiyasında 2,5 km uzunluğunda hava enerji təchizatı xətti bərpa olunur. 250 KVA-lıq transformatorlar quraşdırılır.

 

Enerji təchizatı qurğularının etibarlı işləməsi üçün Keşlə stansiyasında ikinci qida mənbəyi 400 KVA-lıq transformator istifadəyə verilir. Gəncə vaqon deposu üçün yeni 10 KV gücündə enerji təchizatı xətti çəkilir. Azərbaycan Dövlət Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni 12278 km-i elektrikləşdirilir. Əsas iş sahələri olan Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Osmanlı xətləri tam istismara hazır olun vəziyyətə gətirilir.

 

Bütün bunlar Ulu Öndərin dəmir yollarının inkişafına verdiyi böyük dəstəyin sadəcə cüzi hissəsidir.

 

Deputat qeyd edib ki, torpaqlarımızın 30 illik erməni  işğalından azad etdiyimiz son 3 ildə dəmir yolları sahəsində də yeni reallıq yaranıb.

 

"Bu gün işğaldan azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturu yenuidən qurularaq bərpa etdirilir. Artıq dəmir yollarımız Zəngəzur dəhlizinə qədər uzanmaqdadır. Tezliklə Zəngəzur dəhlizin istifadəyə verilməsi qatarlarımızın Naxçıvana, Türkiyəyə və Avropaya qədər hərəkət etməsinə yol açacaqdır. O cümlədən bu marşurutun beynəlxalq əhəmiyyəti də artacaqdır. Beləkli,  Zəngəzur dəhlizin açılışı Asiyadan Avroipaya dəmir yolla daşımaların daha rahat və rentabelli həyata keçirilməsi üçün regiona yeni imkanlar qazandıracaqdır. 

 

Sonda qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin tapşırıqı və rəhbərliyi ilə bərpa edilmiş  müstəqil Azərbaycan Respublikasının dəmir yolları bu gün özünün inkişaf dövrünü yaşayır və beynəlxalq logistikanın tərkib hissəsinə çevrilməkdədir", - Azər Badamov sözlərini belə yekunlaşdırıb.

 

Yazı "Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

 

Mayıl Ağaxanov

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım