Modern.az

AZAL-ın təyyarəsinə qarşı təxribatda Rusiya izi...

AZAL-ın təyyarəsinə qarşı təxribatda Rusiya izi...

Ölkə

15 İyul 2023, 16:32

Ermənistanın Azərbaycana qarşı təxribatları səngimir. Ermənilər bu dəfə havadan təxribata əl atıblar. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilir.

 

Bildirilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.


"Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib", - rəsmi məlumatda qeyd olunub.

 

 

Son hadisələr barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Vərdiyev hesab edir ki, separatçıların son təxribatları Rusiya sülhməramlılarının planlı fəaliyyəti ilə bağlıdır:

 

"Mən keçən ilin avqust ayında Rusiya kontingentinin "Kaşta" tipli radiolokasiya stansiyalarının və digər avadanlıqların quraşdırılması ilə bağlı geniş bir məqalə yazmışdım. Burada da Rusiyanın qeyd olunan məsələyə aydınlıq gətirməsi barədə fikirlərimi səsləndirmişdim. Hesab edirəm ki, Azərbaycan tərəfi ən yaxın zamanda həmin radiolokasiya stansiyalarının məhv edilməsi, mümkünsə həmin ərazidə Azərbaycan qoşunlarının yerləşdirilməsini təmin etməlidir".

 

"Rusiya kontingenti Qarabağda mövcud olduğu müddətdə Azərbaycana qarşı bu tip təxribatlar sona çatmayacaq. Sülhməramlıların Qarabağdan çıxması ilə erməni təxribatları da yekunlaşacaq, təxribatçılar da silahlarını atarsa, canlarını qurtarmağa çalışacaqlar. Separatçı rejimin rəhbərliyi hərəkətlərinə daha çox diqqət edəcək və hətta separatçıların bəziləri könüllü olaraq Azərbaycan tərəfinə keçməyə üstünlük verəcək. Başqa sözlə desək, bütün hadisələrin arxasında Rusiya sülhməramlılarının planlı fəaliyyəti durur",- hərbi ekspert vurğulayıb.

 

 

Politoloq Qabil Hüseynli söyləyib ki, Qarabağdakı separatçılar Rusiya sülhməramlıları ilə bərgə hərəkət edir.

 

"Radiodalğaların əngəllənməsində istifadə olunan qurğular Rusiyadan gətirilir və onlar tərəfindən idarə olunur. Bu hərəkətlər beynəlxalq hüquqda hərbi cinayətlər silsiləsinə daxildir. Çünki mülki təyyarələrə bu cür radiodalğalarla hücum etmək və onun dispetçer xidməti ilə əlaqə yaratmasına mane olmaqla təyyarələr üçün ciddi təhlükə yaradırlar. Bu, bütün qırmızı xətlərin keçilməsidir. Son addımlar sözün əsl mənasında qarşıdurma atmosferi yaratmağa xidmət edir", - Qabil Hüseynli söyləyib.

 

Sabiq dövlət müşaviri qeyd edib ki, Azərbaycan separatçıların təxribatlarını cavabsız qoymayacaq:

 

"Azərbaycan tərəfi bütün hadisələri qiymətləndirərək, təxribatlara cavab verəcək. Mənim zənnimcə, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldən qayıtdıqdan sonra son proseslərlə bağlı Rusiyanın rəsmi orqanları məlumatlandırılacaq və antiterror əməliyyatı başlayacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək