Modern.az

Seçki xərclərinin artırılması nəyə hesablanıb? - DETALLAR

Seçki xərclərinin artırılması nəyə hesablanıb? - DETALLAR

Ölkə

18 İyul 2023, 11:10

Ötən ay dövlət büdcəsində bir sıra dəyişikliklərin Milli Məclis tərəfindən təsdiqlənməsindən sonra, xüsusən də seçki xərclərinin 50 faizdən çox artırılması ilə bağlı cəmiyyətdə payızda referendumun keçiriləcəyi ilə bağlı müzakirələr gedir.

 

REAL-çı deputat Erkin Qədirli də dünən bu məqama diqqət çəkərək bildirmişdi ki, büdcədən ayrılan vəsait böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir: "Boşuna bu qədər pul ayırmazlar".

 

 

Modern.az xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev seçki xərclərinin artırılması ilə bağlı müvafiq büdcə maddəsinin daxilində baş vermiş dəyişikliyi təqdim edib.

 

 

"Şəkildə siz müvafiq büdcə maddəsinin daxilində baş vermiş dəyişikliyi görə bilərsiniz. Əsas dəyişiklik "maşın və avadanlıqlar" bölməsi üzrə baş verib. Bu nə deməkdir? Bu, hər bir şey ola bilər. Misal üçün, Dövlət satınalmalar reyestrinə görə sonuncu referendum (2016-ci ildə) zamanı 21 milyon manata yaxın vəsait xərclənib. O vaxtdan bəri qiymətlər düşübmü? Düşünmürəm. Bu həm də bütün MSK üçün yeni maşınların alınması da ola bilər. Düzünü desəm, bu nədir - bilmirəm, amma seçki/referendum olsa, ona onsuz da birbaşa vəsait ayıracaqlar", - o vurğulayıb.

 

Qeyd edək ki, son günlər Azərbaycanda referendumla bağlı müxtəlif iddialar dolaşır. Ötən gün bu mövzu ilə bağlı sosial şəbəkə hesabında geniş status paylaşan deputat Erkin Qədirli payız aylarında konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcəyini bildirib. Parlamentdə müxalif REAL partiyasını təmsil edən E.Qədirli Azərbaycanda deputatların sayının artırılacağını, qarışıq seçki sisteminə keçid ediləcəyini, ikipalatalı parlament yaradılacağını, habelə icra hakimiyyəti sturukturlarının və Nazirlər Kabinetinin ləğv ediləcəyini söyləyib. YAP-çı deputat Siyavuş Novruzov isə Modern.az-a açıqlamasında hazırda referendumun gündəmdə olmadığını söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım