Modern.az

Bakıdan Moskvaya qəti XƏBƏRDARLIQ - Cavabımız sərt olacaq

Bakıdan Moskvaya qəti XƏBƏRDARLIQ - Cavabımız sərt olacaq

Ölkə

19 İyul 2023, 10:32

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların sülh danışıqlarını pozmaya yönəlik təxribatları nədənsə Moskvanı narahat etmir. Rusiya Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanat və sülh prosesinə dair sonuncu bəyanatı ondan xəbər verir ki, Kreml qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasında maraqlı deyil, əksinə hazırkı qeyri-müəyyən vəziyyətin qalmasına can atır.

 

Müşahidələr göstərir ki, Azərbaycan Ordusuna qarşı təxribatların sifarişinin məhz Moskvadan gəlməsi şübhə doğurmur. Artıq rəsmi Bakı da üçtərəfli bəyanata imza atan tərəf kimi Rusiyanın destruktiv mövqeyinə səssiz qalmır və qonşu ölkəni ədalətli yanaşma sərgiləməyə çağırır. Əks halda Moskvanın sərt reaksiya ilə üzləşməsi qaçılmaz olacaq.

 

"Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur", - deyə Azərbaycan XİN-in Kremlə etiraz bəyanatında qeyd olunub.

 

(Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz)

 

Maraqlıdır, üzdə sülhə dəstək olduğunu deyən Rusiya tərəfi niyə təxribatçı baxış sərgiləyir? Məqsəd Brüssel danışıqlarına mane olmaqdır, yoxsa bilmədiyimiz səbəblər var?

 


Mövzu ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa deyib ki, Azərbaycan prinsipial olaraq üçtərəfli bəyanatın müddəalarına əməl edilməsini tələb edir.

 

"Rusiyanın bu istiqamətdə atdığı addımlar, əslində Rusiyanın özünün müqavilə öhdəliklərinə nə qədər qeyri-ciddi yanaşdığını göstərir. Bütün hallarda Azərbaycan mövqeyini sərt formada dilə gətirə bilər. Çünki bizim üçün əsas olan müqavilənin şərtlərinə əməl etməkdir”,- deyə o bildirib. 

 

F.Mustafa vurğulayıb ki, Rusiya tərəfdən Bakının siyasi mövqeyinə laqeydlik, yaxud görməzdən gəlmək kimi davranış ortaya qoyulanda Azərbaycanın sərt üzü ilə rastlaşacaqlar:

 

“Bu məsələdə ölkəmizin mövqeyi anlaşılandır və prinsipial mövqe davam etməlidir. Üçtərəfli bəyanatda olan bəndlər ancaq Azərbaycanın xeyrinə olmayan şəkildə həll olunur. Halbuki kommunikasiyaların açılması kimi vacib bir məsələyə Rusiya tərəfi dəstək vermir. Bu da Azərbaycanın daha sərt mövqe sərgiləməsinə gətirib çıxaracaq”.

 


Deputat Aydın Mirzəzadənin fikrincə, Rusiya XİN-nin sonuncu bəyanatı Azərbaycan ictimaiyyətində və siyasi dairələrdə narazılıq doğurub.


“Xarici siyasət idarəmizin Rusiyanın bəyanatındakı qeyri-obyektiv məsələlərə cavabını çox düzgün, yerində və milli maraqlarımıza cavab verən addım kimi qiymətləndirirəm. Rusiya Xarici İşlər Nazirliyində bəzi şəxslər öz vəzifələrinə uyğun olmayaraq, Azərbaycanın daxili işinə qarışacaq fikirlər bildirmişdilər. Bu, Azərbaycan ictimaiyyətində və siyasi dairələrdə narazılıqlar doğurdu. Üçtərəfli bəyanat Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyması üçün qəbul edilən sənəd idi. Bununla da Ermənistan məğlub tərəf kimi üzərinə müəyyən öhdəliklər götürdü. Lakin indiyə qədər Ermənistan üzərinə düşən bəzi öhdəlikləri yerinə yetirməyib”,- parlamentari qeyd edib. 

 

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya cavab verməklə öz hüquqlarını qoruduğunu göstərdi:

 

“Digər yandan Azərbaycan və Ermənistanın danışıqlar aparacağı və postmünaqişə dövrünün problemlərini həll edəcəyi ilə bağlı mövqe vardı. Rusiya Xarici İşlər Nazirliyinin bu gün iki ölkə arasında aparılan danışıqların nəticələrinə qiymət vermək cəhdi yolverilməzdir. Çünki bütün məsələləri tərəflər özləri müəyyənləşdirməlidir. Üçtərəfli bəyanatın fəaliyyət müddəti 2025-ci ilin noyabrına qədərdir. 6 ay əvvəl tərəflərdən biri şərtlərin uzadılmasını istəmirsə, bunu bildirir və sülhməramlıların qalma müddətinin uzadılması ləğv edilir. Düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi çox düzgün bəyanat verdi və bir çox məqamlara aydınlıq gətirdi. Bununla da göstərdi ki, Azərbaycan öz suveren hüquqlarını bilir və bunları qorumaq gücündədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov