Modern.az

Prezidentin Xocalıya səfəri: Tezliklə evimizə qayıdacağıq... – Sakinlərdən reaksiya

Prezidentin Xocalıya səfəri: Tezliklə evimizə qayıdacağıq... – Sakinlərdən reaksiya

Ölkə

21 İyul 2023, 14:08

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə səfərdədir. Dövlət başçısı ötən gün Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərində olub.

 

Prezidentin Xocalıya səfəri sosial şəbəkələrdə maraqla qarşılanıb. Ali Baş Komandanın azad olunmuş kəndlərdə lentə alınan fotoları Ermənistana və bu ölkənin havadarlarına siyasi mesaj kimi qiymətləndirilib. Bəzi ekspertlərin fikrincə, Prezidentin Xocalıya getməsi təsadüfi deyil və tezliklə digər ərazilərimiz də Azərbaycanın nəzarətinə keçəcək.

 

Xocalı sakinləri öz evlərinə qayıtmaq istəyir...

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Çanaqçı və Sığnaq kəndlərinə səfəri sevindirici hadisədir.

 


“Artıq 3 ildir ki, Xocalı rayonunun bir neçə kəndi erməni işğalından azad olunub. Bunlar Çanaqçı və Sığnaq kəndləridir. Həmin kəndlər Şuşaya gedən yola yaxın ərazilərdə yerləşir. Çanaqçı və Sığnaq kəndləri Xocalı rayonunun şəhər mərkəzindən 15-16 kilometr kənardadır. Həmin ərazilər çox səfalı yerlərdir. Prezident İlham Əliyevin Xocalının kəndlərinə getməsi bizim üçün sevindirici hadisədir”,- deyə o vurğulayıb.

 

E.Məmmədov qeyd edib ki, bütün Xocalı sakinləri doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir:

 

“İnşallah gələcəkdə həmin ərazilər bərpa olunaraq abadlaşar. O ərazilərdə kənd təsərrüfatı və turizm sektorunu inkişaf etdirmək olar. Təbii ki, bu məsələləri Prezident İlham Əliyev hamıdan yaxşı bilir. O mövzu ilə bağlı öz tapşırıqlarını verib. Prezidentin Xocalıda olması ona görə sevindiricidir ki, tədricən digər ərazilər də düşməndən təmizlənəcək. Biz də doğma Xocalıya qayıtmağı səbirsizliklə gözləyirik”.

 


İşğal zamanı Xocalıda hər iki valideynini itirən Murad Hüseynovun fikrincə, Prezident İlham Əliyevin Xocalıya səfər etməsi qürurverici hadisədir.


“Yaxın zamanda ölkə başçısı Xocalı şəhərinə səfər edər və biz də bunu görüb sevinərik. Bütün Qarabağ torpağı hər bir azərbaycanlı üçün əzizdir. Ancaq mən bilirəm ki, Xocalının xalqımız üçün yeri ayrıdır. Çünki Xocalı düşmənin vəhşiliklərinə məruz qalan rayonumuzdur. İnşallah yaxın zamanlarda Xocalıda quruculuq işləri aparılar və vətəndaşlarımız öz dədə-baba torpaqlarına qayıdaraq şəhidlərimizin məzarlarını ziyarət edərlər”, -deyə müsahibimiz söyləyib.

 


Xocalıda hər iki valideynini itirən digər sakin Vasilə Məhərrəmova isə Prezidentin Xocalıda olduğunu eşidəndə qürur dolu hisslər yaşadığını bildirib.


“Mən inanıram ki, biz yaxın zamanlarda Xocalıya qayıdacağıq. Çünki bizim İlham Əliyev kimi prezidentimiz var. Dövlət başçısının Xocalıda olduğunu görəndə çox xoşbəxt oldum. Ümid edirəm ki, yaxın vaxtlarda Prezident İlham Əliyev biz şəhid övladları ilə birgə Xocalı şəhərinə də səfər edər. Dünənki sevincimin həddi-hüdudu yox idi. Hisslərimi sözlə ifadə edə bilmirəm. Məni anlamaq üçün sadəcə bu hissləri yaşamaq lazımdır. İstəyirəm ki, quruculuq işləri aparılan torpaqlarımızda bizə yer verilsin, biz də orada yaşayaq. Hələlik sadəcə Şuşaya getmək imkanım olub. Digər rayonlarımızda olmaq, oraları görmək mənim ən böyük arzumdur”, - deyə Vasilə Məhərrəmova əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı