Dönər bir çoxumuzun ayaqüstü yeməklərindəndir. Kimi zaman, kimi maddi baxımdan dönərin daha əlverişli qida olduğunu düşünür. Təəssüf olsun ki, zamanını və maddiyyatını düşünən insanların bir çoxu sağlamlığını düşünməyi unudur. Qarının doyması belə insanlara bəs edir ki, dönərin zərərlərini unutsun. Hansı üsulla, nə əti ilə bişirildiyi məlum olmayan bu qida insan orqanizmində xərçəng riskinə də yol açır.
Yox, bu gün sizə sağlamlıq dərsi keçmək niyyətində deyiləm. Dönərin zərərlərini də sadalamaq, yada salmaq, ən əsası dönərçilərin bazarını öldürmək deyil məqsədim. Bu gün ətdən danışacağam, çoxunuzun restoran və kafelərdə bəh-bəhlə yediyi yeməklərin hazırlandığı ətdən. O ətdən ki, dönər şişinə keçirilib, közdə bişirilərək sizə satılır.
At ətindən, eşşək ətindən...
Hə, qəribə gəlməsin sizə. Elə oxuduğunuz kimidir, eşşək əti, at əti, bəlkə başqa heyvanların əti də satılır. Bu hələ bizə məlum deyil.
Yəqin ki, siz də ölkənin bir çox bölgələrində, eləcə də Bakıda at və eşşək əti aşkarlandığı haqda xəbərlər oxuyursunuz. Amma əminəm ki, bu xəbər uzağı 2 gündən sonra yadınızdan çıxır. Və yenidən dönər qoxusuna gedirsiniz.
Mütəxəssislərin fikrincə, at ətini də, eşşək ətini də satmaq olar. Çünki ölkədə ətin standartı yoxdur. Amma hər bir əti öz adı ilə satmaq lazımdır. Məsələn, eşşək əti satan ətin üzərinə “eşşək əti”, at əti satan isə “at əti” yazmalıdır. Belə olan halda satıcı heç bir məsuliyyət daşımır. Bir şərtlə ki, ətlər həkim nəzarətindən keçmiş olsun.
Mütəxəssislər həmçinin onu da bildirirlər ki, hələ sovet dövründə Azərbaycan yeganə ölkə olub ki, burada eşşək ətinin yeyilməsinə icazə verilib. Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov da bunu təsdiqləyir. Yəni qəti qorxusu yoxdur. Düzünü de, işini gör, ətini sat.
Nə isə, bu bir kənara... Yediyiniz yeməklərin bir çoxunun leş-murdar olmuş, xəstəlikdən ölmüş heyvanların əti olduğunu bilirsinizmi? Bilmirsinizsə, onu da deyim. Bu yaxınlarda rayonların birində bir fermerin iki heyvanı ölür. Balaca kənddir, hamının bir-birindən xəbəri olur. Fermer aparıb heyvanlarını çöldə basdırır. Kənd qəssablarından biri ona yaxınlaşıb, heyvanları harda basdırdığını soruşur. Fermer də heyvanların yerini deyir. Qəssab da gedib inəkləri yerdən çıxarır, soyur, doğrayır . Və Bakıda ət alveri ilə məşğul olanlara satır. İnəyin birini 80 manata...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə belə faktların həddən artıq olduğunu təsdiqləyir. Ekspert bildirir ki, regionlarda çölə atılan heyvan leşlərini təşkil olunmuş şəkildə yığan, onun iyini kimyəvi yollarla aradan qaldıran və dükanlara, restoranlara, şadlıq evlərinə verən qruplar və şəbəkələr var. Hazırda da təhlükəli və ölmüş heyvan ətləri paytaxt Bakıya gətirilərək şadlıq evlərinə, restoranlara və dükanlara təhvil verilir. Yəni bu günə kimi yediyimiz yeməklər leş, murdar ət və ya eşşək-at əti də ola bilər.
Hə, yadımdan çıxmamış onu da deyim ki, hələ də, Təzə Bazar, 8 km bazarlarında səhər saatlarında ətin qiyməti çox ucuz olur.
İradə CƏLİL