Modern.az

Bakıda İraq türkmənlərinin ofisi mütləq olmalıdır - Nazirdən özəl açıqlama

Bakıda İraq türkmənlərinin ofisi mütləq olmalıdır - Nazirdən özəl açıqlama

Ölkə

23 İyul 2023, 14:40

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ötən həftə Azərbaycana səfər edib. Səfər zamanı ikitərəfli münasibətlər və əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunub.

 

Görüşdə eyni zamanda Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açması müzakirə olunub. Baş konsulluğun yaxın vaxtlarda açılması gözlənilir. 

 

Bərzaninin ölkəmizə səfəri, müzakirə olunan mövzular və s. barədə Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən deputat, azlıqların işləri üzrə dövlət naziri Aydın Maruf Modern.az-a danışıb.

 

O bildirib ki, Neçirvan Bərzaninin Azərbaycana səfəri türkmənlər üçün xüsusi hadisədir:

 

“Azərbaycan bizim və bölgəmiz üçün vacib ölkədir. Azərbaycan və İraq Kürdüstan bölgəsi arasında əlaqələr hər zaman yaxşı olub. Buna misal olaraq siyasi, iqtisadi, diplomatik və digər əlaqələri göstərə bilərik. Prezident İlham Əliyev və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında keçirilən görüş bizim üçün vacib idi. Kürdüstan xalqı hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Əminəm ki, görüşdən sonra əlaqələr daha da inkişaf edəcək. Əlbəttə, biz Azərbaycanla əlaqələrimizin güclü olmasını istəyirik. Qardaş Türkiyə kimi Azərbaycan da bölgə üçün ciddi əhəmiyyətli ölkədir. Biz türkmənlər Azərbaycana səfəri çox sevinclə qarşıladıq. Ümid edirik ki, əlaqələr daha da güclü olacaq”.

 

 

Nazir Azərbaycanın Kürdüstan regionunda baş konsulluğunun açılmasının vacibliyindən də danışıb:

 

“Biz Azərbaycanın ən qısa zamanda Ərbildə konsulluq açmasını səbirsizliklə gözləyirdik. Düzdür, çoxdan açmalı idi, amma indiki zamanda bizim üçün vacibdir. Diplomatik nümayəndəliyin olmağı həm siyasi, həm də iqtisadi cəhətdən bizim üçün əhəmiyyətlidir. Azərbaycanda türkmən təmsilçilərinin olması da bizim üçün çox vacibdir. Bundan başqa Bakıda İraq türkmənlərinin ofisi mütləq olmalıdır. Diplomatik korpusların olması Türk dünyasının daha da yaxınlaşmasını təmin edəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım