Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobillərin hərəkəti bərpa edilib, hazırda heç bir problem yoxdur.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında yaranan problem qısa zamanda aradan qaldırılıb.
"Axşam saatlarında güclü yağış yağırdı. Güclü yağış səbəbindən sel suları yolun müəyyən hərəkət hissəsinə lil və xırda daşlar gətirib çıxarmışdı. Ancaq elə də ciddi problem yox idi. Maksimum 15-20 dəqiqə içərisində əraziyə texnika cəlb olundu. Lil suları yoldan təmizləndi. Yol dünən tamamilə bağlanmamışdı. Adətən biz Lahıcda güclü yağış nəticəsində yolun bağlanmasının şahidi oluruq. Dünən də həmin yolda hərəkətdə problem yaşanmışdı. Lakin gediş-gəliş dayanmamışdı", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Göygöl rayonunda güclü yağış yağıb. Leysan yağışları nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkəti dayanıb.